Döyüş meydanına qayıdan qarşıdurma – ABŞ və İran yalnız güc dili ilə danışırlar
Ekspert: Tehranda hakimiyyətə gələn yeni komanda uzun müddətli müharibəyə köklənib
11 İyul 2026
ABŞ Silahlı Qüvvələri İrana qarşı yeni zərbələr dalğasına başlayıb. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı məlumata görə, əməliyyatın məqsədi Tehranın Hörmüz boğazında gəmiçiliyə maneə yaratmaq imkanlarını məhdudlaşdırmaqdır. Bu barədə DW məlumat yayıb.
CENTCOM-un iyulun 8-də axşam X sosial şəbəkəsində yaydığı məlumata əsasən, zərbələrin endirilməsi barədə göstərişi şəxsən ABŞ prezidenti Donald Tramp verib. Hərbi komandanlıq yeni hücumların konkret hədəfləri barədə əlavə informasiya verməyib.
Məlumata görə, ABŞ hərbçilərinin hədəfləri İranın hava hücumundan müdafiə sistemləri, idarəetmə və rabitə şəbəkələri, sahil radar qurğuları, gəmi əleyhinə raket sistemləri, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus 60-dan çox sürətli kater olub.
Bundan bir gün əvvəl CENTCOM İran İslam Respublikasında 80-dən çox hədəfə zərbələr endirildiyini bildirmişdi. ABŞ bunu Hörmüz boğazında ticarət gəmilərinə qarşı həyata keçirilən hücumlara cavab kimi əsaslandırmışdı.
ABŞ ordusu İrana qarşı “ölkəyə ciddi zərər vurmaq məqsədi daşıyan” yeni kütləvi zərbələr endirib. Bildirilir ki, bu əməliyyat Tehranın Hörmüz boğazı yaxınlığında üç tankeri atəşə tutmasına cavab olub.
“İranın nümayiş etdirdiyi aqressiya əsassız, təhlükəli idi və atəşkəs rejiminin açıq şəkildə pozulması demək idi”, – CENTCOM-un bir gün əvvəl yaydığı məlumatda bildirilirdi.
Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin nəzdində fəaliyyət göstərən Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzinin (UKMTO) məlumatına görə, tankerlərdən biri pilotsuz uçuş aparatı ilə vurulub və yüngül zədələr alıb.
Demək olar ki, eyni vaxtda Mərkəz daha bir insident barədə məlumat yayıb. Bildirilib ki, Qətərə məxsus “Al-Rekajat” mayeləşdirilmiş təbii qaz tankeri ciddi zədələnib. Ekipajın sözlərinə görə, gəmi “naməlum mərmi” ilə vurulub. İranın zərbə endirdiyi iddia olunan üçüncü gəmi ilə bağlı isə konkret məlumat açıqlanmayıb.
ABŞ-ın yeni zərbələri barədə açıqlamadan az əvvəl Vaşinqton administrasiyası İran neftinə qarşı iki həftə əvvəl ləğv edilmiş sanksiyaları yenidən qüvvəyə mindirib.
ABŞ-ın endirdiyi zərbələrdən sonra İran hakimiyyəti Vaşinqtonu Hörmüz boğazında sərbəst gəmiçilik haqqında memorandumun beşinci bəndini pozmaqda ittiham edib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai X sosial şəbəkəsində bildirib ki, Tehran öz suverenliyini və milli maraqlarını müdafiə etməkdə qətiyyətlidir. Onun sözlərinə görə, Vaşinqton “birtərəfli addımları və İrana qarşı aqressiv hərəkətləri ilə faktiki olaraq həmin razılaşmanı pozub”.
İran KİV-inin məlumatına görə, Tehran hakimiyyəti ABŞ-ın ilk zərbələr dalğasına cavab tədbirlərinin həyata keçirildiyini elan edib. İran tərəfindən raket zərbələrinə məruz qaldıqlarını Küveyt və Bəhreyn də təsdiqləyiblər. Hücumların məsuliyyətini İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) öz üzərinə götürüb. Qurum bəyan edib ki, zərbələr ABŞ-ın Hörmüzqan və Məhşəhr əyalətlərində yerləşən bir sıra sahil bazalarına və mülki obyektlərə endirdiyi hava hücumlarına cavab olaraq hər iki ölkədəki Amerika hərbi obyektlərinə endirilib.
Ağ Evin rəhbəri iyulun 8-də NATO sammiti çərçivəsində jurnalistin İranla atəşkəsin və hərbi əməliyyatların dayandırılması haqqında memorandumun qüvvədə qalıb-qalmadığı barədə sualını cavablandırarkən deyib: “Düşünürəm ki, bununla hər şey bitdi. Mən artıq onlarla heç bir iş görmək istəmirəm”.
Donald Tramp İran nümayəndələri ilə istənilən təması vaxt itkisi adlandırıb, onları “alçaqlar” və “yalançılar” kimi xarakterizə edib. Bununla yanaşı, o bildirib ki, əgər ABŞ-ın danışıqlar aparan nümayəndələri istəsələr, İranla dialoqu davam etdirmələrinə mane olmayacaq.
Tərəflər, Vaşinqton və Tehran arasında imzalanmış memorandumun qüvvəyə mindiyi tarixdən etibarən 60 gün ərzində bir sıra məsələlər üzrə razılığa gəlməlidirlər. Bunlara İranın nüvə proqramı, ABŞ qoşunlarının İranla həmsərhəd ölkələrdən çıxarılması, eləcə də İranın Hörmüz boğazından keçən gəmilərdən ödəniş alıb-almayacağı məsələsi daxildir.
Memorandum imzalandıqdan sonra bu danışıqlarda hər hansı irəliləyiş əldə olunduğu barədə məlumat verilməyib.
Bundan əlavə, Tehran hələ də Qərb ölkələrinə Hörmüz boğazının tam minalardan təmizlənməsi üçün icazə verməyib. KİV-in məlumatına görə, buna görə də hazırda gəmilər akvatoriyada yalnız iki dar marşrut üzrə hərəkət edə bilirlər. Trampın boğazın tam açıldığı barədə bəyanatlarına baxmayaraq, həyata keçirilən daşımaların həcmi ABŞ və İsrailin İrana qarşı müharibəsindən əvvəlki səviyyənin yarısından da azdır.
Yenidən alovlanan hərbi qarşıdurma nə qədər davam edə bilər? Mövcud şəraitdə döyüş əməliyyatlarının təxmini müddəti nə qədərdir? Vaşinqtonun bu müharibəni qələbə ilə başa çatdırmaq üçün kifayət qədər potensialı varmı?
Pressklub.az-ın suallarına NEST Centre-in eksperti, tanınmış şərqşünas Ruslan Süleymanov cavab verib.
.jpg)
Onun fikrincə, hazırkı zərbələr yeni hadisə deyil və bu ilin aprelində iki həftəlik atəşkəsdən sonra formalaşmış dinamikanın davamıdır.
“Görürük ki, danışıqlar masası arxasında hər hansı razılığa gəlmək mümkün olmur. Tərəflərin mövqeləri tamamilə barışmazdır və onlar bir-birinə təzyiq göstərmək üçün hərbi gücdən başqa vasitə tapa bilmirlər.
Həm ABŞ, həm də İran güc nümayiş etdirir. Çünki danışıqlar yolu ilə qarşı tərəfi inandırmaq alınmır. Hesab edirəm ki, bu proses kifayət qədər uzun çəkə bilər və onun müddəti ilk növbədə Donald Trampın qarşısına qoyduğu məqsədlərdən asılı olacaq. O, İranla razılaşma əldə etmək istəyir, yoxsa Tehranda rejimin və ya siyasi kursun dəyişməsinə nail olmağa çalışır?
Əgər məqsəd razılaşmaya nail olmaqdırsa, o zaman müəyyən güzəştlərə getmək lazım gələcək. Əks halda bu qarşıdurma qeyri-müəyyən müddətə davam edə bilər. Çünki Tehranda hakimiyyətə gələn yeni komanda uzunmüddətli müharibəyə köklənib. Bunlar səkkiz il davam etmiş İran-İraq müharibəsindən keçmiş insanlardır və uzun sürən müharibə onlar üçün yad deyil. Hətta onlar tükəndirmə müharibəsində maraqlıdırlar. Çünki əmindirlər ki, sonda məhz ABŞ belə bir qarşıdurmada məğlub olacaq”, – Süleymanov bildirib.
Rauf Orucov