Logo
news content
User
Kateqoriyalar

Analitika

Diaspora Paşinyana qarşı, yoxsa yaxşı təşkil edilmiş tamaşa?
Ekspert: Xaricdəki ermənilərin çoxu ümumiyyətlə bu barədə məlumatlı deyillər

Ötən həftənin sonunda Parisdə ümumerməni diasporunun səfərbər edilməsi üzrə konqres keçirilib. Konqres iştirakçıları “Ermənistanda hakimiyyətə qarşı səfərbər olunmağın, Erməni Apostol Kilsəsinin və Dağlıq Qarabağdan olan qaçqınların hüquqlarını müdafiə etməyin” zəruriliyi ilə bağlı çağırış ediblər. Bu barədə “Kavkazskiy Uzel” məlumat yayıb.

Konqres aprelin 11–12-də Fransanın paytaxtında keçirilib. Tədbirdə Ermənistandan, eləcə də 26 ölkədən ictimai, siyasi, hüquq müdafiə, dini və biznes təşkilatlarının 150-dən çox nümayəndəsi, həmçinin “Dağlıq Qarabağ nümayəndələri” iştirak ediblər. Konqresin yekununda geosiyasi reallıqların qiymətləndirilməsi və ümumerməni gündəliyi ətrafında səfərbərliyin zəruriliyi ilə bağlı deklarasiya qəbul olunub.

Tədbir ədalət və demokratiya uğrunda Avropa erməni federasiyasının (EAFJD), Erməni Milli Komitəsinin (ANC) və “Daşnaksütyun” Erməni İnqilabi Federasiyasının dəstəyi ilə Diasporun səfərbərliyi üzrə Koordinasiya Komitəsi tərəfindən təşkil edilib.

Bəyanatda qeyd olunur ki, “Ermənistan hakimiyyətinin hazırkı kursu suverenliyin itirilməsinə gətirib çıxaran anti-milli kurs kimi qiymətləndirilməli, Bakıda saxlanılan bütün erməni “əsirlərin və siyasi girovların” dərhal azad olunması tələb edilməli, “Artsax” (Dağlıq Qarabağ) məsələsi beynəlxalq səviyyəyə çıxarılmalı və İrəvanın bu mövzunu bağlamaq cəhdlərinə baxmayaraq, onun əhalisinin öz müqəddəratını təyinetmə hüquqları müdafiə olunmalıdır”.

Konqres iştirakçıları həmçinin “Erməni Apostol Kilsəsinin dövlət müdaxiləsindən qorunmasını, assimilyasiyaya qarşı mübarizə çərçivəsində diasporada erməni təhsil sisteminin gücləndirilməsini, diasporanın “özününkülər” və “yadlar” kimi bölünməsi siyasətinin pislənməsini və ancaq siyasi kurs dəyişdikdən sonra diasporadan olan peşəkarların dövlət idarəçiliyinə cəlb olunması üçün institusional mexanizmlərin yaradılmasını” tələb ediblər.

Bəyanatda həmçinin “xaricdə yaşayan bütün Ermənistan vətəndaşlarına 2026-cı il iyunun 7-də ölkəyə qayıdaraq ümumxalq seçkilərində iştirak etmək və mövcud hakimiyyətin əleyhinə səs vermək” çağırışı yer alıb.

Ermənistanda növbəti parlament seçkiləri faktiki olaraq Nikol Paşinyanın hakimiyyətinin gələcəyi və ölkənin xarici siyasi kursu ilə bağlı referendum xarakteri daşıyacaq. Seçkilərdə əsas məsələ – mövcud komandanın hakimiyyətdə qalması və ya hakimiyyətin son illərin əsas qərarlarını yenidən nəzərdən keçirəcəyini vəd edən müxalifətə keçməsidir.

Konqresdə çıxış edən diaspor nümayəndəsi Taron Ter-Xaçaturyan bildirib: “Biz son 6–8 ilin məyusluğunu aradan qaldıracağıq. Diasporun potensialı Ermənistan dövlətçiliyinin möhkəmləndirilməsinə yönəldiləcək”.

“İsveçrə–Ermənistan” assosiasiyasının prezidenti Conatan Şpanqenberq isə “Artsaxda baş verənlər soyqırımdır” deyə iddia edib: “Bu məsələ ilə bağlı deməyə sözümüz və görülməli işlərimiz var. Soyqırımı barədə konvensiya və onun qarşısının alınması öhdəliyi nəzərə alınsa, mayın 4-də Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyinin səkkizinci sammiti ərəfəsində diasporun “Artsax” ermənilərinin hüquqları məsələsini qaldırmaq imkanı var”.

Bütün bunlar bir sıra suallar doğurur. Diasporun bu çağırışları Ermənistandakı əsas seçici kütləsinə təsir göstərə bilərmi? Onlar bu çağırışlara qulaq asacaqlarmı? Daha maraqlısı isə budur ki, niyə Qərbdə yaşayan ermənilər Paşinyana qarşı çıxırlar? Adətən bu cür mövqe daha çox Rusiyapərəst ermənilərə xas olur. Bəs Qərbdə yaşayan ermənilərlə Ermənistan daxilindəki revanşist qüvvələri Paşinyanaqarşı nə birləşdirir?

Pressklub.az-ın suallarını cavablandıran erməni jurnalist, bloqer və “Diqqət mərkəzində” informasiya platformasının müəllifi Roman Baqdasaryan ilk növbədə qeyd edib ki, bu cür çağırışlar heç kəs üçün maraqlı deyil və heç kimə təsir göstərmir. Sadə səbəb isə ondan ibarətdir ki, erməni kişiləri və qadınları harasa getmək və ya uçmaq qərarını ona çağırış olub-olmadığına görə yox, şəxsi ehtiyacına görə verir.

Unutmayaq ki, hazırda insanların əksəriyyətinin hər dollara ehtiyacı var. Bu xüsusilə Avropada və ABŞ-da yaşayan ermənilərə aiddir. Əgər insan Ermənistana getmək və eyni zamanda səs vermək istəyirsə, bunu edəcək. İstəmirsə, etməyəcək”, – ekspert bildirib.

Onun sözlərinə görə, Qərb ölkələrində yaşayan ermənilərin böyük hissəsinin Ermənistanda hakimiyyət dəyişikliyini istəməsi və Paşinyanın gedişinə can atması barədə fikir düzgün deyil.

Hansısa xarici daşnak təşkilatının, diasporadakı kilsə nümayəndələrinin və ya bloqerlərin bəyanatlarına əsaslanmaq olmaz. Xaricdə yaşayan ermənilərin böyük əksəriyyətinin bu strukturlarla heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə yoxdur. Yəni 99%-i bu təşkilatlar barədə məlumatlı deyil. Onlar emalatxanalarda, mağazalarda, fabriklərdə, apteklərdə işləyir və öz həyatlarını yaşayırlar. Ermənistanın siyasi həyatı onları demək olar, maraqlandırmır. Sosial şəbəkələrdə bəzən şərhlər yaza bilərlər, amma ümumilikdə öz həyatları ilə məşğuldurlar”, – Baqdasaryan izah edib.

Rauf Orucov