Logo
news content
User
Kateqoriyalar

Analitika

Çində nə baş verir – Dövlət, yoxsa hakimiyyət çevrilişi?
Ekspert bildirir ki, hərbçilər Si Cinpindən narazıdırlar və onu devirmək istəyə bilərlər

Çində dövlət çevrilişinə cəhdin və Çin Xalq Respublikasının sədri Si Cinpinin həbsinin qarşısının alındığı bildirilir. Bu barədə “Voyennoye obozreniye” nəşri məlumat yayıb.

Versiyalardan birinə görə, dövlət çevrilişinə cəhdin təşkilatçısı iki yüksək rütbəli hərbçi olub: Çin Xalq Azadlıq Ordusunun Baş Qərargah rəisi vəzifəsini tutan Lyu Çjenli və Ali Hərbi Şuranın sədr müavini Çjan Yusya.

Mənbələrin iddiasına əsasən, sui-qəsdçilər 2026-cı il yanvarın 18-nə keçən gecə Çin Xalq Respublikasının sədri Si Cinpini Pekində yerləşən “Cinsi” hökumət otelində həbs etməyi planlaşdırıblar.

Çin liderinin bu cür təhlükələrdən yayınmaq üçün son illərdə tez-tez yerini dəyişdiyi bildirilir. Bəzi məlumatlara görə, məhz həmin gün xüsusi əməliyyatın həyata keçirilməsi nəzərdə tutulurmuş.

İddialara görə, Si Cinpinin yaxın ətrafı qiyamdan iki saat əvvəl məlumat əldə edib. O, oteli tərk etməyə və əks-tədbirlər görməyə imkan tapıb. Qiyamçıların ilk dəstəsi hadisə yerinə çatanda prezidentin mühafizəsi ilə atışma baş verib. Bundan sonra Çjan Yusya, Lyu Çjenli və onların qohumlarının dərhal saxlanılması barədə əmr verilib.

Bildirilir ki, hadisədən dərhal sonra Baş Qərargahın fəaliyyəti müvəqqəti dayandırılıb. Hazırda qoşunların idarə edilməsi şifrəli mesajlar yolu ilə Mərkəzi Hərbi Şura tərəfindən həyata keçirilir. Bütün bölmələr yüksək döyüş hazırlığı rejiminə keçirilib, qoşunların hərəkəti məhdudlaşdırılıb, məlumat sızmasının qarşısını almaq üçün hərbçilərin mobil telefonları əllərindən alınıb.

Bəzi müşahidəçilərin fikrincə, Çjan Yusya və Lyu Çjenlinin saxlanılması Çin Xalq Azadlıq Ordusunda, həmçinin Çin Kommunist Partiyasının ali rəhbərliyində genişmiqyaslı “təmizləmə” kampaniyasının başlandığından xəbər verir.

Maraqlıdır, bu cəhdin arxasında hansı qüvvələr dayana bilərdi və onların son məqsədləri nə olub? Bir kommunist liderinin digəri ilə əvəzlənməsi? Yoxsa ümumiyyətlə dövlət quruluşunun dəyişdirilməsi və partiyanın rəhbər rolundan imtina? İkinci ssenari reallaşsaydı, bu, dünya mənzərəsini köklü şəkildə dəyişə bilərdi: “şər məhvəri”nə daxil olan Rusiya, Şimali Koreya, İran kimi rejimlər əsas sponsor və himayədarını itirərdi.

Mövzu ilə bağlı Pressklub.az-a danışan sinoloq (Çin üzrə mütəxəssis), hərbi və siyasi elmlər doktoru, professor Vaxtanq Maisayanın (Tbilisi) sözlərinə görə, Çində 2016-cı ildə Türkiyədə baş verən hadisələrin ssenarisinə bənzər hərbi çevriliş cəhdi versiyasının nə dərəcədə etibarlı olduğunu demək çətindir. 

Lakin diqqətçəkən məqam ondan ibarətdir ki, Çin Xalq Respublikasının Ali Hərbi Şurasının yeddi üzvündən yalnız ikisi öz yerində qalıb: Si Cinpin və onun silahlı qüvvələr üzərində partiya rəhbərliyini təmsil edən “sağ əli”. Bu kontekstdə hadisələrin iddia edilən inkişafı mümkündür.

Bununla yanaşı, hətta bu çevriliş uğurla başa çatsaydı belə (şərti “kəpənək effekti”), onun son məqsədinin dövlət quruluşunun dəyişdirilməsi olduğunu hesab etmirəm. Çin dərin ideoloji sintezə malikdir – marksizm, konfutsiçilik və millətçiliyin qarışığı – və bu rejim hamını qane edir. Çin Kommunist Partiyası mövcud siyasi elitaların konsensusunu təcəssüm etdirir.

Çinin ali partiya iyerarxiyası daxilində şərti olaraq dörd fraksiyanı ayırmaq olar:

1. Mühafizəkar qruplaşma;

2. Modernistlər;

3. Liberallar (gənclər qanad, “komsomolçular”);

4. Mötədillər.

Hesab edirəm ki, mühafizəkarların maraqlarını Si Cinpinin artıq üçüncü dəfə orduda “təmizləmə” apardığı hərbçilər ifadə edə bilər. Generalitetin konkret maraqları var. Birincisi, onlar düşünürlər ki, Si Cinpin Tayvan məsələsinin həllini ləngidir. İkincisi isə onları nəhəng maliyyə resursları maraqlandırır. Silahlanmanın modernləşdirilməsi üzrə xüsusi proqramlar nəzərə alınmaqla, Çinin müdafiə büdcəsi 400–500 milyard dollar həcmindədir. Generalitetin bir çox nümayəndəsi kölgə biznesinə və hərbi-sənaye kompleksi sistemində podratlara malik “oliqarxlar”dır. Tayvan məsələsinin güc yolu ilə həllinin yubadılması bu qruplaşmanı həmin büdcədən “böyük pay” əldə etmək imkanından məhrum edir.

Si Cinpinin siyasətindən xüsusilə “şahin”-mühafizəkarlar narazıdırlar – xüsusən də Çinin müttəfiqlərə münasibətdə gözləmə mövqeyində durması məsələlərində (məsələn, Maduro ilə bağlı vəziyyətdə). Pekin bu məsələdə balans saxlamağa məcburdur. Hərbçilərdən ibarət fraksiyalardan biri hakimiyyəti ələ keçirmək və rəhbərliyi dəyişmək istəyə bilər. Üstəlik, Si Cinpin faktiki olaraq üçüncü müddətə hakimiyyətdədir, bunu həm də “saray çevrilişi” adlandırmaq olar.

Hakimiyyətdə iki müddətdən artıq qalmaqla Si Cinpin hələ Den Syaopin dövründə formalaşdırılmış qeyri-rəsmi qanunu və siyasi etika kodeksini pozur. Bu amillərin məcmusu hərbi çevriliş cəhdinə – qeyri-rəsmi və ya latent qiyama – gətirib çıxara bilərdi və nəticədə bu cəhd iflasa uğrayıb. Əgər bu məlumat doğrudursa, deməli, o, Çində siyasi elita və partokratiya daxilində mövcud qüvvələr balansı ilə birbaşa bağlıdır”, – sinoloq hesab edir.

Bununla yanaşı, o düşünür ki, hərbi çevriliş uğurla nəticələnsəydi belə, Çinin Rusiya, Şimali Koreya və İrana münasibətdə xarici siyasətində ciddi dəyişiklik olmazdı. “Əksinə, Çinin kollektiv Qərbə, xüsusilə də ABŞ-ın və Tramp administrasiyasının mövqeyinə münasibətdə daha sərt, retroloji xəttinin güclənməsi mümkün olardı”, – Maisaya vurğulayıb.

Rauf Orucov