Logo
news content
User
Kateqoriyalar

Analitika

Caninin ikinci cəhdi – Koçaryan yenidən hakimiyyətə can atır
Ekspert: O, Bizim üçün Azərbaycan xalqına qarşı cinayətlər törətmiş hərbi cinayətkardır

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan müxalif “Ermənistan” bloku tərəfindən baş nazir vəzifəsinə namizəd göstərilib.

Blokun seçki şüarı da elan edilib: “Birlikdə bacararıq”.

“Biz qətiyyətliyik, məqsədimiz qələbədir”. Bu barədə martın 16-da İrəvanda “Ermənistan” blokunun baş nazir postuna namizədi, Ermənistanın ikinci prezidenti Robert Koçaryan bildirib.

Eyni zamanda, Koçaryan “Daşnaksütyun” partiyası əməkdaşlığı davam etdirmək qərarına gəlib. Bu barədə “Daşnaksütyun” partiyasının ali orqanının nümayəndəsi, “Ermənistan” blokundan deputat İşxan Saqatelyan açıqlama verib.

Bu hakimiyyətin təcəssüm etdirdiyi şər məğlub olacaq. Mən onların hakimiyyətə gəldiyi ilk günlərdən mübarizəyə başlamışam və onlar kənarlaşdırılmayana qədər dayanmayacağam. Bu baxımdan baş nazir postuna digər namizədlərdən fərqlənirəm. Amma bu, kifayət deyil. Minlərlə qəhrəmanımızın ölümünə görə məsuliyyət daşıyanlar, Artsaxı təslim edənlər və bu gün xalqı öz qəhrəmanlıq tarixini unutmağa məcbur edənlər cavab verməlidirlər”, – Koçaryan qeyd edib.

Biz Azərbaycanla sülhün tərəfdarıyıq, lakin bu sülh “atamın canına and içirəm” modelinə deyil, real təminatlara əsaslanmalıdır. Bu, xüsusilə dünyada güc hüququnun hüququn gücünü əvəz etdiyi bir dövrdə vacibdir. Bir fotoya görə milli maraqları satmaq alçaldıcıdır və cinayətdir”, – o bildirib.

Daha sonra eks-prezident 2026-cı il parlament seçkiləri üçün blokun rəsmi şüarını və rəqabət üstünlüklərini təqdim edib.

Dövlət idarəçiliyi, təhlükəsizlik, xarici siyasət, iqtisadiyyat və biznes sahəsində mənim qədər təcrübəsi olan digər namizəd yoxdur.

Siz bir dəfə idarəetmə təcrübəsi sıfır olan məşhur siyasi fırıldaqçının gözəl vədlərinə inandınız. Bu, fəlakət və alçaldılma ilə nəticələndi.

Mənim çağırışım sadədir: təcrübələrə son qoyun. Dövlət təcrübəsiz insanların idarəetmə qaydalarını öyrəndiyi idman aləti deyil. Bu, ölkə üçün həddindən artıq bahalı qiymətdir.

Bu, bizim vətənimizdir – ən ağıllı, zəhmətkeş, bir qədər sadəlövh, amma daha yaxşı həyata layiq xalq yetişdirən torpaqdır.

Siz məni sevə bilərsiniz, sevməyə də bilərsiniz. Əminəm ki, lider sevilmək üçün deyil. Lider insanların həyat səviyyəsini yüksəltmək üçün var. Mən və komandam bu torpağı, bu xalqı sevirik və onun təhlükəsizliyini və rifahını təmin etməyə qadirik”, – keçmiş prezident bildirib.

Xatırladaq ki, Ermənistanın Milli Məclisinə seçkilər 7 iyun tarixində keçiriləcək.

Bəs, Robert Koçaryanın geri dönüşü Ermənistanın siyasi vəziyyətini necə dəyişə bilər? Revanşist qüvvələrin hakimiyyətə gəlməsi Cənubi Qafqazın təhlükəsizliyi üçün hansı riskləri yaradır? Müxalifət koalisiyasının qarşıdan gələn seçkilərdə qalib gəlmək şansları nə qədərdir?

Siyasi şərhçi Murad Sadəddinov Pressklub.az-a açıqlamasında bildirib ki, xaricdən idarə olunan erməni müxalifəti və revanşist qüvvələrdən daha artığını gözləmək mümkün deyildi.

Onlar əvvəlcədən uduzacağı bəlli olan Koçaryanın fiqurunu irəli sürüblər. Ermənistan xalqı Koçaryanın kim olduğunu yaxşı bilir.

Bizim üçün o, uzun illər ərzində Azərbaycan xalqına qarşı cinayətlər törətmiş və bunu gizlətməyən, hətta açıq şəkildə bəyan edən hərbi cinayətkardır. Yadımdadır ki, o, Avropa Şurasının tribunasından açıq-aşkar faşist şüarlar səsləndirərək bildirirdi ki, azərbaycanlılarla ermənilər genetik səviyyədə uyğun olmadıqları üçün bir yerdə yaşaya bilməzlər.

O, eyni zamanda erməni xalqına qarşı da cinayətkardır. Ermənistanda silahsız etirazçıları güllələyib və buna görə həbs olunub. Bəli, onu xarici qüvvələrin təzyiqi ilə müvəqqəti azadlığa buraxdılar. Amma düşünürəm ki, seçkilərdən sonra münasib vaxtda yenidən məsuliyyətə cəlb olunacaq və törətdiyi cinayətlərə görə cavab verəcək”, – ekspert hesab edir.

Onun fikrincə, qondarma koalisiya əslində heç bir təsir gücünə malik olmayan parçalanmış qrupların toplusudur. “Onların arxasında dayanan qüvvə Rusiyadır, lakin bu gün o, nə Cənubi Qafqazda, nə də öz daxilində əvvəlki təsir imkanlarını saxlayır. Görürük ki, son bir həftədə Moskvada internet kəsilib, ardıcıl üç gün ərzində minlərlə Ukrayna dronu Moskva və Moskva vilayətinə hücum edib.

Koçaryana gəldikdə, düşünürəm ki, müxalif qüvvələrin onun namizədliyini irəli sürməsi Paşinyan üçün ən yaxşı variantdır. Daha əvvəl onlar “Taşir” qrupunun rəhbərini təklif edirdilər. Lakin o, Rusiya vətəndaşıdır və Ermənistan Konstitusiyasına görə nə baş nazir, nə də deputat seçilə bilməz, çünki son dörd ildə ölkədə yaşamayıb.

Koçaryan simasında revanşist qüvvələr Ermənistanda keçiriləcək seçkilər üçün təhlükə yaratmır və Paşinyan onları məğlub edəcək. Ehtimal ki, qələbədən sonra siyasət adı altında xarici qüvvələrin maraqlarını həyata keçirən şəbəkələrin təmizlənməsi ilə bağlı yekun qərarlar verəcək. Cinayət Məcəlləsinə görə, bu cür fəaliyyət vətənə xəyanət kimi qiymətləndirilir və bununla bağlı hüquqi addımlar atılacaq.

Ermənistanda əvvəlki revanşist qüvvələrin geri dönüşündən söhbət belə gedə bilməz – bu, müzakirə mövzusu deyil. Paşinyan yenidən baş nazir olacaq, onun partiyası isə parlamentdə çoxluq qazanacaq.

Ermənistan və Azərbaycan arasında sülh prosesi davam edəcək. Vaşinqtonda paraflanmış sülh sazişinin mətni, görünür, seçkilərdən və Ermənistan Konstitusiyasına müvafiq dəyişikliklər edildikdən sonra imzalanacaq. Bu barədə artıq Paşinyan özü də danışıb. Bundan sonra Cənubi Qafqazda sülh bərqərar olacaq.

Ermənistan və Azərbaycan faşist qüvvələrin törətdiyi cinayətlərə görə cavab vermələri və regionun bir daha müharibə və gərginlik ocağına çevrilməməsi üçün mümkün olan hər şeyi edəcəklər”, – Sadəddinov yekunlaşdırıb.

Rauf Orucov