Logo
news content
User
Kateqoriyalar

Analitika

Beş il qapalı şəraitdə...
Bu qərarın əsl səbəblərini kim bilir?

Milli Məclisin noyabrın 25-də keçirilən iclasında Azərbaycanın quru sərhədlərinin bağlı saxlanması müzakirə olunub.

Sərhədin bağlı saxlanması Nazirlər Kabinetinin qərarında artıq ötən ildən Ümumdünya Səhiyyə Təşkilatının başa çatdığını elan etdiyi koronovirus pandemiyası ilə izah olunsa da, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc başqa səbəb göstərib. "Sərhədlərin açılması Rusiya-Ukrayna müharibəsi səbəbindən 100 minlərlə qeyri-azərbaycanlı qaçqının ölkəmizə axını ilə nəticələnəcək. O cümlədən, İranda hərbi zərbələrdən canını və sərvətini qorumaq üçün 100 minlərlə insan Azərbaycana keçməyə hazırdır. Belə qaçqın dalğasının gətirdiyi humanitar, sosial, mədəni fərqlərin toqquşması siyasi sabitliyi təhdid edə bilər", - o vurğulayıb.

Əslində bu ilin aprelində bu məsələyə toxunun prezident İlham Əliyev də oxşar fikirlər dilə gətirmişdi. “Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşahidə olunub. Onların bəziləri ictimaiyyətə açıqlanıb, bəziləri isə açıqlanmayıb", - prezident demişdi.

Azərbaycanda quru sərhədlə gediş-gəliş 2020-ci ilin martından məhdudlaşdırılıb.

Milli Məclisin deputatı Zahid Oruc parlamentdəki çıxışını “Turan”a şərh edərkən bildirib ki, dünyanın hər yerində dövlət büdcəsi müzakirələri zamanı müxtəlif ssenarilər nəzərdən keçirilir: “Kritik situasiyaların hər biri düşünülür, hökumət tərəfindən adekvat tənzimləyici addımlar nəzərə alınır”.

Z.Oruc qeyd edib ki, hazırda beynəlxalq iqtisadi, siyasi şərait, təhlükəsizlik durumu günbəgün dəyişir: “Məsələn, noyabrın 19-dan ATACMS, “Storm Shadow” raketlərlə daha uzun məsafədə hədəfləri vurulması icazənin verilməsi və onun ardınca Rusiya tərəfindən “Oreşnik” silahının işə salınması artıq onu deməyə əsas verir ki, müharibə yeni fazaya keçdi. Yaxın Şərqdə də vəziyyət hələ mürəkkəbdir. Geosiyasi düstur var: 500 kilometr məsafədə savaş varsa, bu o deməkdir ki, sənin iqtisadi, siyasi, ticarət əlaqələrin böyük dərəcədə təhlükəyə düşə bilər”.

Deputatın sözlərinə görə, bu əsnada o həmin fikri irəli sürüb ki, daha təhlükəsiz ölkələrlə alternativ ticarət marşrutlarının xarici iqtisadi əlaqələri də gücləndirmək gərəkdir: “Lakin məsələnin başqa tərəfi də ondan ibarətdir ki, müharibənin miqyası və şiddəti artırsa, bu, artıq o deməkdir ki, humanitar böhran dərinləşə bilər. Bu əsnada mən hökumətə yalnız neft qiymətləri yox, ərzaq təhlükəsizliyi məsələsini nəzərə almasını təklif etmişəm. Bildirmişəm ki, xalqımızla açıq danışmalıyıq, deməliyik ki, Rusiya-Ukrayna savaşı fonunda qeyri-azərbaycanlı 100 minlərlə qaçqın kütləsi daxil ola bilər. O cümlədən İrandan da. Onların gətirdiyi humanitar, psixoloji, sosial, mədəni toqquşmaları cəmiyyətdə ajiotaj yarada və siyasi sabitliyi təhdid edə bilər”.

O, vurğulayıb ki, bu, onun şəxsi, subyektiv fikirləridir, dövlətin siyasi xəttinin hazırkı qərarlarının izahı deyil: “Lakin istənilən hökumət əlaqələrin daha geniş açıqlığında maraqlıdır ki, bir çox problemləri həll etsin. Sərhədlərin bağlı saxlanması öz özlüyündə hökumətlərin bütün parametrlər üzrə maraqlarına ziddir. Amma dövlət daxildəki bütün bu iqtisadi, sosial, mənəvi, anti-hakimiyyət dairələrin hücumları göz önünə gətirərək buna gedirsə, deməli sözügedən risklərin önünü alır”. 

Parlamentdə belə fikirlər səslənəndən sonra müxalif düşərgədən buna etirazlar gecikməyib. Məsələn, Milli Şuranın sədri Cəmil Həsənli sual edib: "Rusiya-Ukrayna müharibəsinin artıq üçüncü ili gedir, İran isə on illər boyudur sanksiyalar altında yaşayır. İndiyə qədər bu 100 minlərlə qaçqın niyə gəlməyib Azərbaycana? Əksinə, iş-çörək tapmaq üçün Rusiyaya gedən azərbaycanlıların sayı artıb. Digər tərəfdən, Rusiyada 2 milyondan çox azərbaycanlı yaşayır. Bunların böyük əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Onların öz vətənlərinə gəlmək haqqı yoxdur?"

O, suallarına davam edib: “Bu bölgədə Rusiyadan qaçqın yalnız Azərbaycana gələ bilər? Niyə Gürcüstan, Ermənistan, Qazaxıstan, Türkiyə, Finlandiya, Çin bu yüz minlərlə qaçqın təhlükəsi altında öz sərhədlərini bağlamır, yalnız Azərbaycan bağlayır? Yaxşı deyək ki, Rusiyadan, İrandan qaçqın təhlükəsi var. Bəs Gürcüstanla, Türkiyə ilə quru sərhədləri niyə beş ilə yaxındır qapalı saxlayırsınız?"

C.Həsənli bu məsələ ilə bağlı rəsmilərin dilə gətirdiyi arqumentləri bəhanə sayır.

Respublikaçı Alternativ (ReAL) Partiyasının sədri Natiq Cəfərli isə sərhədlərin bağlı qalması ilə bağlı öz təxminlərini dilə gətirib: "Quru sərhədlərin bağlı saxlanılmasının bircə səbəbi var – hökumət qeyri-qanuni və antikonstitusion yolla ölkədən valyuta çıxışını, sərhədyanı ticarəti məhdudlaşdırır. Primitiv və inhisarlaşmış iqtisadi modeldə bu hökumət iqtisadi qaydalarla, məntiqlə, rəqabətlə davrana bilmir, hər məsələdə aləti qadağalardır".

Çoxları rəsmi açıqlamalarla razılaşmır. Doğrudan da, Azərbaycanın heç bir qonşusu quru sərhədlərini bu qədər sərt şəkildə bağlamayıb, pandemiyadan sonra hər yerdə əvvəlki sərbəst hərəkəti rejimi bərpa olunub. Bəs Azərbaycan hakimiyyətinin 5 ilə yaxındır, insanların qonşu dövlətlərlə keçmək üçün avtomobil və dəmir yolu nəqliyyatından istifadə etməsinə icazə verməməsinin əsl səbəbi nədir?

Müstəqil politoloq Xəqani Cəfərli mövzu ilə bağlı fikirlərini Pressklub.az-a açıqlayıb.

Onun sözlərinə görə, Azərbaycanın quru sərhədlərinin guya koronavirus pandemiyası ilə bağlı bağlanması hökumət üçün bəhanədir. “Deputat Zahid Orucun səsləndirdiyi fikirlər quru sərhədlərinin bağlanmasının qeyri-rəsmi, lakin real səbəbidir. Azərbaycan hakimiyyəti quru sərhədlərini bağlı saxlamaqla mümkün miqrasiyanın qarşısını almağa çalışır. Hakimiyyət xəbərdarlıq edir ki, mümkün miqrasiya sosial-iqtisadi vəziyyəti daha da pisləşdirəcək və bir sıra arzuolunmaz vəziyyətlər yaradacaq. Hakimiyyətin bu cür narahatlığı əsassız deyil.

Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki münaqişə və Pakistanda vətəndaş müharibəsinin qaçılmazlığı regionumuzda çox həssas vəziyyət yaradıb. Bütün bunlar nəzərə alınmalı və qabaqlayıcı tədbirlər görülməlidir”, - ekspert deyir.

Bununla belə, o qeyd edir ki, vətəndaşların da hüquqları tam məhdudlaşdırılmamalıdır. “Vəsaitə qənaət etmək üçün sərhədləri bağlamaqla yanaşı, hökumət vətəndaşların avtomobil və dəmir yolu ilə xarici ölkələrə getməsinin yollarını tapmalıdır. Təhlükəsizlik nə qədər vacibdirsə, vətəndaşların konstitusion hüquqlarından istifadə etmək imkanı da o qədər vacibdir”, - Cəfərli əmindir.

Rauf Orucov