Bakı “yox” demək gücündədir: Moskvanın hərbi rıçaqları əvvəlki deyil
Ekspert: Bu konfiqurasiyada Orta dəhlizə alternativ yoxdur
01 Mart 2026
Ukrayna Azərbaycanı enerji, tranzit və logistika sahələrində təbii və strateji tərəfdaş kimi qiymətləndirir. Bu barədə jurnalistlərə Ukraynanın Qazaxıstandakı səfiri Viktor Mayko bildirib.
Onun sözlərinə görə, Azərbaycan uzunmüddətli milli maraqlarından çıxış edərək karbohidrogen hasilatının artırılması və tranzit imkanlarının genişləndirilməsi siyasətini ardıcıl şəkildə həyata keçirir. Eyni zamanda, Türkiyə və Cənubi Avropa ölkələrində neft və qaza tələbatın davamlı artımı tədarük həcmlərinin artırılmasına əlavə ehtiyac yaradır.

Diplomat qeyd edib ki, əməkdaşlığın əsas istiqamətlərindən biri Qazaxıstan neftinin Xəzər dənizi vasitəsilə daşınaraq Bakı–Tbilisi–Ceyhan marşrutu ilə ixracıdır. O xatırladıb ki, Bakı və Astana bu tədarüklərin həcminin artırılmasını müzakirə edirlər.
Ukrayna yalnız Qazaxıstan neftinin idxalında deyil, həm də onun öz ərazisində emalında və neft məhsullarının tərəfdaşları Qazaxıstan və Azərbaycanla birgə Avropa ölkələrinə ixracında maraqlıdır.
Bununla yanaşı, Kiyev Xəzər regionundan qaz tədarükünə də maraq göstərir.
Enerji sahəsi ilə paralel olaraq, Ukrayna Qazaxıstan və Azərbaycanla nəqliyyat-logistika istiqamətində əməkdaşlığı genişləndirmək niyyətindədir. Söhbət Çini və Mərkəzi Asiya ölkələrini Azərbaycan və Türkiyə üzərindən Avropa ilə birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan – Orta Dəhlizdə fəal iştirakdan gedir.
Ukrayna tərəfinin qiymətləndirməsinə görə, Azərbaycan artıq Rusiya ərazisini yan keçməklə Avropa ilə Asiya arasında alternativ və daha təhlükəsiz ticarət-nəqliyyat dəhlizlərinin formalaşmasında mühüm rol oynayır.
Belə bir şəraitdə maraqlı sual yaranır: Azərbaycan şimal qonşusu ilə münasibətlərin kifayət qədər gərgin olduğu indiki mərhələdə Ukrayna ilə həmrəyliyini daha açıq formada nümayiş etdirə bilərmi? Yoxsa buna mane olan başqa amillər də mövcuddur?
Bununla bağlı Pressklub.az-a danışan ekspert, Kiyevdə yerləşən Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktor müavini Sergey Danilovun fikrincə, Azərbaycan postsovet məkanında Moskvaya açıq şəkildə “yox” deyə bilən azsaylı, əslində isə yeganə dövlətdir.

“Bəli, Ukrayna və Baltikyanı ölkələr artıq postsovet məkanı deyil. Mənim müşahidələrimə görə, Bakıda Rusiya ilə münasibətlərdə simvolik müstəvinin əhəmiyyətini və bu sahədə öz sərhədlərini qorumağın müstəsna vacibliyini yaxşı başa düşülür. Bu, Fransa ilə nümunədə də nümayiş etdirildi.
Məsələ Rusiyanın Azərbaycana ciddi zərər vurmaq imkanlarının olub-olmamasındadır. Yaxud Moskvanın Bakı üçün alternativ layihələrdən əldə ediləcək qazancı üstələyən təşviq mexanizmlərinin mövcudluğundadır. Lakin Dərbənddə yerləşdirilən dəniz piyadaları briqadası artıq Xarkov vilayətində məhv edilib, bu həftə Kiyevə atılan ballistik və qanadlı raketlər isə bu il istehsal edilib – çünki onların toxunulmaz ehtiyatı artıq tükənib və hazır olan hər şey dərhal istifadəyə buraxırlar. Ukrayna raketləri və dronları isə heç nəyə baxmayaraq sabah yenidən Novorossiyskə doğru uçacaq. Buna görə də, bu konfiqurasiyada Orta dəhlizə alternativ yoxdur.
ABŞ dövlət katibi Marko Rubionun dediyi kimi, ABŞ Ukraynaya silah satır və ona qarşı sanksiyalar tətbiq etmir. Bu isə o deməkdir ki, Ukrayna raketlərinin uçuş tapşırıqları Vaşinqtonda, Brüsseldə və ya başqa paytaxtda deyil, məhz Kiyevdə proqramlaşdırılır”, – Sergey Danilov yekunlaşdırıb.
Rauf Orucov