Logo
news content
User
Kateqoriyalar

Analitika

Ağa deyir vur, Məsud deyir vurma...
İrandakı nüfuzdan düşmüş dini rejim Azərbaycandan nə istəyir?

İran İslam Respublikasının Azərbaycanla bağlı siyasətində ziddiyyət və ikitirəlik növbəti dəfə özünü göstərib. Prezident Məsud Pezeşkianın başlatdığı, Azərbaycanın da müsbət qarşılıq verdiyi münasibətlərin normallaşdırlması, ikitərəfli əlaqələrin genişləndirilməsi ilə bağlı addımlar dini lider Ayətullah Əli Xameneinin “komandası” tərəfindən sabotaj edilir. Teokratik rejimin əsas sütunlarının nəzarətində olan mediada Azərbaycana qarşı növbəti kampaniyaya start veriblər. Əsas tezislər yenilənməyib - Azərbaycan-İsrail əlaqələrinin guya İrana qarşı yönəldiyi iddia edilir, 12 günlük müharibədə Azərbaycanın tərəfdaşına gizli dəstək verdiyi vurğulanır. 

Dekabrın 7-də Azərbaycan XİN-in dəvəti ilə İranın xarici işlər naziri Abbas Əraqçı Bakıya səfərə gəldi və Prezident İlham Əliyev, həmkarı Ceyhun Bayramovla görüşlər keçirdi. Rəsmi məlumata görə, görüşlərdə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafı, maraq doğuran məsələlər müzakirə olunub. İkitərəfli münasibətlərin müsbət dinamikası ilə bağlı müəyyən vədlər edilib, habelə qarşılıqlı ittihamların olmaması kimi məsələlər müzakirə olunub. Bununla bağlı hər iki ölkənin xarici işlər nazirliklərində məsləhətləşmələr aparıldığı qeyd olunub. 

Amma nazir Abbas Əraqçi Tehrana dönməmiş dini rejimə bağlı mətbuatda Azərbaycana qarşı silsilə məqalələr dərc olunub. Çox maraqlıdır, İranda prezident komandası öz fəaliyyətini dini liderlə razılaşdırırmı? Xarici siyasətdə, xüsusən yaxın qonşularla münasibətlərin necə formalaşdırılması barədə aydın, vahid mövqe varmı?

Belə görünür ki, yoxdur. Ümumiyyətlə, İranın planlaşdırılmış xarici siyasəti mövcud deyil. Məsələn, nazirin Bakıya səfəri, Azərbaycanda yüksək səviyyədə qəbul olunması, nəticədə münasibətlərdəki böhranın tədricən aradan qalxması mühafizəkarları möhkəm qıcıqlandırıb. Onlar bunu istəmirlər, ənənəvi təzyiq xəttinin davam etməsində israrlıdırlar. Həm də 44 günlük müharibədən sonra Cənubi Qafqazda formalaşmış yeni geosiyasi reallıqlara qarşıdırlar, onu tormozlamağa çalışırlar. Bu kontekstdə diqqətçəkən məsələlərdən biri dekabrın 15-də Ermənistanın Tehrandakı səfiri Qriqor Akopyanın Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti tərəfindən dəvət olunaraq, ona “İran ABŞ Prezidenti Donald Trampın təklif etdiyi TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) planına qarşıdır, bunu təhlükəsizliyə təhdid kimi görür” deyə xəbərdarlıq etməsidir. Yada salaq ki, “Tramp yolu” ilə bağlı Prezident Məsud Pezeşkianın mövqeyi aydındır: Bu marşrutun açılması İranın təməl maraqlarına qarşı deyil, əksinə, regionda əlaqələrin, ticarətin, əmin-amanlığın yüksəlməsinə xidmət edir. 

Ermənistan səfirini isə xarici işlər naziri yox, dini liderin müşaviri Vilayəti dəvət edir. Beləliklə, ilin ikinci yarısından etibarən baş verən hadisələrə (12 günlük müharibə, 8 avqustda imzalanan Vaşinqton bəyannaməsi) baxmayaraq, İranın mühafizəkar çevrələri mövqelərini dəyişməyib. Dini lider, ölkənin məhdudlaşan imkanlarına baxmayaraq, bölgədə Rusiya ilə səsləşən ənənəvi mövqeyinə korrektlərə etmək niyyətində deyil. Əlbəttə, bu radikallığın hadisələrin inkişaf dinamikasına təsir etməsi real deyil. Azərbaycanın qələbəsi ilə başa çatan müharibədən sonra İran bölgədə heç bir niyyətini reallaşdıra bilməyib, əksinə, rəsmi Bakı öz strategiyasını realizə edib - suverenliyini təmin edib, həmçinin Zəngəzur dəhlizinin açılmasına Birləşmiş Ştatlar cəlb olunmaqla Moskva-Tehran oxu, demək olar, neytrallaşdırılıb.  

Bəs İranın mühafizəkar dairələri niyə belə inad göstərir? İki ehtimal daha ağlabatan görünür:

Birincisi, Rusiya İran rejimi ilə Cənubi Qafqazda koordinasiyalı siyasətə sadiqdir. Ötən həftə Aşqabadda Məsud Pezeşkianla görüşən Vladimir Putinin “dini liderə salam göndərməsi” bu işbirliyinə, eləcə də İran Prezidentinin apardığı siyasətdən narazı olduğuna işarə sayıla bilər. Hər iki ölkə regionda gedən proseslərin nəzarət altına alınmasına çalışır, bu sırada taleyüklü seçkilər ərəfəsində olan Ermənistanda Paşinyan hakimiyyətinə təzyiqlərin artacağı gözləniləndir. 

İkincisi, İrandakı hakim rejim kulminasiya həddinə çatmış daxili problemlərdən ictimai diqqəti yayındırmaq üçün “xarici düşmən”ə köklənir. Bu, sınaqdan çıxmış üsuldur, amma bu dəfə İsraillə müharibədə rüsvayçı vəziyyətə düşmüş dini rejimi xilas edəcəyi o qədər də real görünmür. Çünki İranda sosial-iqtisadi vəziyyət indiyə qədər olmadığı qədər pisdir. Mühafizəkarlar isə tamamilə nüfuzunu itirib və onların növbəti kataklizmdən “sağ” çıxması az inandırıcıdır.

Turqut