Logo
news content
User
Kateqoriyalar

Analitika

ABŞ-ın şərtlərinin qəbulu İran rejimi üçün kapitulyasiya deməkdir
Ekspert: ABŞ öz məqsədlərinə çatmayana qədər geri addım atmayacaq

Pakistanda keçirilən danışıqlar zamanı ABŞ və İran razılığa gələ bilməyiblər. Danışıqlar zamanı yaranmış ziddiyyətli vəziyyət ötən həftə əldə olunmuş iki həftəlik atəşkəsi təhlükə altına qoyur.

Mənbənin sözlərinə görə, fikir ayrılıqlarının bir hissəsi İranın Hörmüz boğazına nəzarət etmək tələbi və zənginləşdirilmiş uran ehtiyatlarından imtina etmək istəməməsi ilə bağlı olub. Bu barədə Axios xəbər verir.

İran mediası isə bildirir ki, danışıqlar ABŞ tərəfinin qeyri-real mövqeyi və “həddindən artıq tələbləri” səbəbindən uğursuzluqla nəticələnib.

ABŞ nümayəndə heyətinin rəhbəri, vitse-prezident Vens qeyd edib ki, Amerika danışıqlar qrupu gün ərzində ən azı altı dəfə prezident Donald Trampla əlaqə saxlayıb. Həmçinin qrup dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset, maliyyə naziri Skott Bessent və ABŞ-ın Mərkəzi Komandanlığının rəhbəri general Bred Kuper ilə də danışıqlar aparıb.

Tehranın IRIB agentliyi isə bildirir ki, “İran nümayəndə heyəti 21 saat ərzində təzyiq altında danışıqlar apararaq İran xalqının milli maraqlarını qorumağa çalışıb”.

Agentlik qeyd edir ki, İran tərəfinin müxtəlif təşəbbüslərinə baxmayaraq, ABŞ-ın əsassız tələbləri danışıqlarda irəliləyişə mane olub. Danışıqlar başa çatıb və amerikalıların həddindən artıq tələbləri razılaşmanın əldə olunmasına imkan verməyib. Hörmüz boğazı, nüvə hüquqları və digər məsələlər mübahisəli olaraq qalır.

Pars Today-in məlumatına görə, İran nümayəndə heyəti Pakistanı tərk edib.

Reuters agentliyinin yüksək vəzifəli amerikalı rəsmiyə istinadən yaydığı məlumata görə, İran tərəfi İslamabadda keçirilən danışıqlarda Vaşinqtonun uranın zənginləşdirilməsinin dayandırılması və müvafiq sənaye obyektlərinin məhv edilməsi tələbini rədd edib.

TASS-ın məlumatına görə, İran həmçinin Hörmüz boğazını gəmiçilik üçün tam şəkildə açmaqdan, eləcə də HAMAS və “Hizbullah” hərəkatlarına, həmçinin Yəməndəki “Ənsar Allah” (husilər) qruplaşmasına maliyyə dəstəyini dayandırmaqdan imtina edib.

Bütün bunlar təbii olaraq dünyada narahatlıq və suallar yaradır. Növbəti addım nə olacaq? İki həftəlik atəşkəs müddəti bitməzdən əvvəl Tehran və Vaşinqton arasında danışıqların bərpasına ümid qalırmı? Yoxsa artıq hərbi əməliyyatların yenidən başlanacağı qaçılmazdır?

Pressklub.az-ın suallarını siyasi şərhçi Murad Sadəddinov cavablandırıb.

Onun sözlərinə görə, Pakistanda keçirilən danışıqlara əvvəlcədən çox pessimist yanaşıb.

Mən inanmırdım ki, bu danışıqlar zamanı hansısa nəticə əldə etmək mümkün olacaq. Çünki münaqişənin başlanma səbəblərinə baxsaq, görərik ki, bundan əvvəl Omanda danışıqlar aparılırdı. Həmin müzakirələrin predmeti ABŞ-ın üç əsas tələbi idi:

- İranın nüvə proqramının ləğvi; 

- İranın raket proqramının 300 km radiusla məhdudlaşdırılması; 

- Regiondakı “Hizbullah”, HAMAS və digər proksi qrupların maliyyələşdirilməsinin dayandırılması. 

O zaman İran bu şərtlərlə razılaşmadı. Nəticədə hərbi əməliyyatlar başladı və ABŞ ilə İsrail İran ərazisində nüvə və raket proqramı ilə bağlı obyektlərə, həmçinin ölkə rəhbərliyinə və xüsusi xidmət orqanlarına (SEPAH, Bəsic və s.) 10 mindən çox zərbə endirdi.

Hazırkı mərhələdə yenidən danışıqlar masasına qayıtmaq və eyni tələbləri müzakirə etmək üçün aralıq imkan yarandı.

Bu şərtlər qəbul edilsə belə, hərbi əməliyyatlar tam dayanmayacaqdı – hazırda söhbət iki həftəlik atəşkəsdən gedir. Problem ondadır ki, ABŞ-ın tələblərinin yerinə yetirilməsi (nüvə proqramının ləğvi, 60%-ə qədər zənginləşdirilmiş təxminən 400 kq uranın ABŞ-a verilməsi, raket proqramının məhdudlaşdırılması və hərbi obyektlərə beynəlxalq təşkilatların və ya ABŞ hərbçilərinin buraxılması) İran üçün faktiki kapitulyasiya deməkdir.

Bu şərtlərin qəbulu həm siyasi, həm də hərbi baxımdan İran rejimi üçün təslim olmaq anlamına gəlir.

ABŞ isə prezident səviyyəsində bu məqsədlərə çatmadan fəaliyyətini dayandırmayacaq. Mövcud vəziyyəti nəzərə alaraq mən hesab edirdim ki, bu nəticələrə danışıqlar yolu ilə nail olmaq mümkün deyil.

İrana təzyiq bütün vasitələrlə davam edəcək: hərbi, siyasi, iqtisadi və nəqliyyat. Artıq bəyan edilib ki, ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz körfəzində İranın neft ixrac imkanlarını bloklayacaq. Bu isə kritik amildir, çünki hazırda İran üçün hər cür maliyyə axını həyati əhəmiyyət daşıyır.

Böyük ehtimalla, bu təzyiqlər və yeni bombardmanlar fonunda vəziyyət daha da gərginləşəcək”, – ekspert qeyd edib.

Hörmüz körfəzi ilə bağlı vəziyyətə gəlincə, o, burada iki əsas məqamın olduğunu bildirib:

Birincisi, İran tərəfinin açıqlamalarına görə, onlar körfəzin Oman hissəsində dəniz minaları yerləşdiriblər. Körfəz İran və Oman sahil zonalarına bölünür və hazırda tanker gəmiləri mina təhlükəsinə görə Oman sularından keçə bilmir. Lakin artıq ABŞ-ın müasir sualtı pilotsuz texnologiyalarla təchiz olunmuş minaaxtaran gəmiləri həmin ərazidə fəaliyyətə başlayıb. ABŞ bu problemi tam həll edib gəmilərin hərəkətini təmin edə bilər.

İkincisi, Hörmüz körfəzinin bağlanması müəyyən mənada ABŞ-ın öz maraqlarına da uyğun ola bilər. ABŞ neft ixracını kəskin artırıb: bir çox tanker artıq Meksika körfəzinə yönləndirilir və Amerika ixracının artımı 20%-ə qədər qiymətləndirilir.

Bundan əlavə, Hörmüz körfəzindəki problemlər regionun ərəb ölkələrini ABŞ-a daha da yaxınlaşdırır və Vaşinqtonun təsirini artırır.

Beləliklə, İranın israr etdiyi körfəz blokadası ABŞ-dan daha çox digər ölkələrə zərbə vurur. Çünki ABŞ bu regiondan nə neft, nə də qaz alır. Buradan çıxan neft əsasən Yaponiya, Cənubi Koreya, Çin və Hindistana, qaz isə Avropaya gedir”, – Sadəddinov yekunlaşdırıb.

Rauf Orucov