“907-nin” sonu çatıbmı?
Ekspert: Bu düzəliş təcavüzə məruz qalan Azərbaycanı ABŞ dəstəyindən məhrum edib
13 Dekabr 2025
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna 907-ci düzəlişin tam ləğvini nəzərdə tutan qanun layihəsini təqdim edib.
Bu barədə Konqresin rəsmi saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, bu düzəliş ABŞ-ın Azərbaycana hərbi və maliyyə yardımının göstərilməsini məhdudlaşdırır.
Xatırladaq ki, bu ilin avqustunda ABŞ prezidenti “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin tətbiqinin müvəqqəti dayandırılması ilə bağlı sərəncam imzalayıb. 1992-ci ildə qəbul edilmiş həmin düzəliş ABŞ-ın Azərbaycana dövlət yardımının göstərilməsini qadağan edir.
Rəsmi Bakı Azərbaycan–ABŞ münasibətlərinin inkişaf perspektivlərini, eləcə də Azərbaycanın daha geniş regionda artan rolunu nəzərə alaraq, Amerika tərəfindən bu düzəlişin tam ləğvinə yönəlmiş praktik addımlar gözlədiyini bəyan edib.
Bakı uzun illərdir bu anlaşılmazlığın aradan qaldırılmasında israr edir, lakin Vaşinqton nədənsə indiyədək buna getməyib və yalnız 907-ci düzəlişin tətbiqinin mütəmadi şəkildə dayandırılması ilə kifayətlənib. Bunun niyə belə olduğu maraqlıdır. Konqresmenlər Azərbaycanla münasibətləri yenidən nəzərdən keçirərək Anna Paulina Lunanın təşəbbüsünü səs çoxluğu ilə dəstəkləmək üçün siyasi iradə göstərəcəklərmi?
Pressklub.az-ın suallarını siyasi elmlər üzrə fəlsəfə doktoru, Sosial Tədqiqatlar Mərkəzində sektor müdiri İlyas Hüseynov cavab verib.

O, bildirib ki, 907-ci düzəliş Azərbaycan–ABŞ münasibətlərində çox böyük maneə olub və bu gün də belə maneə olaraq qalır.
“Qeyd etmək lazımdır ki, bu düzəliş Azərbaycan ərazilərinin işğalı dövründə tətbiq edilib. Bir tərəfdən işğalçı dövlət olan Ermənistan ABŞ-dan yardım alırdı, digər tərəfdən isə təcavüzə məruz qalan Azərbaycan Vaşinqtonun dəstəyindən məhrum edilirdi. Lakin 11 sentyabr hadisələrindən sonra Konqres 907-ci düzəlişin tətbiqini dayandırdı və bundan sonra onun qüvvəsi hər il mütəmadi olaraq dayandırılırdı. Təəssüf ki, Bayden və Blinken dövründə bu düzəliş daha bir dəfə Azərbaycana münasibətdə tətbiq edildi. Prezident İlham Əliyev bu münasibəti Azərbaycana qarşı nankorluq kimi qiymətləndirdi. Çünki ölkəmiz son dərəcə mürəkkəb strateji sülhməramlı missiyalarda iştirak edib və NATO, eləcə də ABŞ rəhbərliyi bu fəaliyyətdə Azərbaycanı dəstəkləyib. Amma təəssüf ki, qərəzli Bayden–Blinken tandemi bu məsələdə özünü göstərdi”, – tədqiqatçı qeyd edib.
Onun sözlərinə görə, avqustun 8-dən sonra Azərbaycan–ABŞ münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. “Münasibətlərin möhkəmləndirilməsi ilə bağlı bəyanat verilib və hazırda strateji qarşılıqlı fəaliyyət haqqında xartiya hazırlanır. Bu sənədin gələn il elan olunacağı gözlənilir. 907-ci düzəlişin tam ləğvi münasibətlərimizi strateji səviyyəyə qaldıra bilər. Biz buna böyük ümid bəsləyirik. Bu yaxınlarda ekspertlərdən və deputatlardan ibarət Azərbaycan nümayəndə heyəti ABŞ Konqresində olub və bu istiqamətdə çox məhsuldar müzakirələr aparıb. Hesab edirəm ki, 907-ci düzəlişin tam ləğvi strateji baxımdan münasibətlərimizi yüksəldəcək və biz hərbi, hərbi-texniki əməkdaşlığın, eləcə də siyasi, iqtisadi sahədə, energetikada və xüsusilə süni intellekt sahəsində əməkdaşlığın inkişafını müşahidə edəcəyik. Bu istiqamətdə hər iki tərəf maraq göstərir. Bu baxımdan düşünürəm ki, indiki ABŞ hakimiyyəti və Konqresdəki çoxluq da ABŞ-dakı güclü erməni lobbisinin səylərinə baxmayaraq, Lunanın təklifini dəstəkləmək üçün siyasi iradə nümayiş etdirməlidir. Bu, rəsmi Bakı üçün çox böyük diplomatik qələbə olar. Hamımız ən yaxşısına ümid edirik və hesab edirik ki, 907-ci düzəliş tam ləğv edilməlidir. Bu, münasibətlərin daha da dərinləşməsinə xidmət edəcək və onları daha dayanıqlı edəcək”, – Hüseynov vurğulayıb.
Rauf Orucov