120 illik təzyiq, 30 illik münaqişə və 2026-cı il vədi: Paylan nə demək istəyir?
Ekspert: Seçki ərəfəsində sərhədlərin açılması Rusiyanın bölgədəki təsirini zəiflədəcək
06 Noyabr 2025
Türkiyə parlamentinin erməni əsilli keçmiş deputatı Qaro Paylan İrəvanda keçirilən “Orbeli 2025” beynəlxalq forumunda bildirib ki, 2026-cı ilin əvvəlində Türkiyə və Ermənistan arasındakı sərhəd vətəndaşlar üçün açılacaq.
“Sülhə necə nail olmaq olar? Təzyiq yolu ilə? 120 ildir cəhd edilir – nəticə yoxdur. Sərhədin hər iki tərəfindəki insanlar bir-birini tanımır, amma nifrət dolu ritorika mübadiləsi aparırlar”, – Paylan qeyd edib.
Onun sözlərinə görə, hazırda Ermənistan və Azərbaycan birbaşa, vasitəçilərsiz təmas qurur, həmçinin erməni və türk rəsmiləri birbaşa ünsiyyət yaradırlar.
“Bu, gerçəyə çevrilən arzudur. Ermənistan 1990-cı illərdə müharibəni uddu, amma sülhü qazanmadı. İkinci Qarabağ müharibəsini Azərbaycan qazandı. Amma görək, bu ölkənin liderləri sülh quruculuğunda da eyni müdrikliyi göstərə biləcəklərmi? Ermənistan sülhə hazırdır, Türkiyə də normallaşmaya hazırdır”, – o vurğulayıb.
Əgər Paylanın məlumatı doğrudursa, onda biz çox maraqlı vəziyyətin astanasındayıq. Əgər türklər və ermənilər yanvardan etibarən sərhədi sərbəst keçə biləcəklərsə, rəsmi Bakının buna reaksiyası necə olacaq? Bizim hakimiyyət də eyni addımı ata bilərmi? Yəni, Azərbaycan da sərhədləri və nəqliyyat əlaqələrini açarmı? Sülh müqaviləsi imzalanmadan belə bir addım mümkündürmü? Bu, Azərbaycan rəhbərliyinin maraqlarına uyğun gəlir, yoxsa, Bakı İrəvanla Ankara arasındakı sərhədin açılmasını xoş qarşılamayacaq? Bütün bunlar bir sualı doğurur: elə görünmürmü ki, Azərbaycan–Ermənistan–Türkiyə xəttində tam sülhün əldə olunmasına mane olan tərəf Bakıdır?
Mövzu ilə bağlı fikirlərini Pressklub.az-la bölüşən təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert İlham İsmayıl bildirib ki, vəziyyətə birtərəfli yanaşmaq olmaz.

“Əvvəla, Qaro Paylanın baxışlarının birtərəfli olduğunu qeyd etmək lazımdır. Qatı erməni millətçisi olan keçmiş deputat Azərbaycanı sülhə mane olan potensial tərəf kimi göstərir. 120 illik təzyiqin nəticəsiz qalmasından danışarkən bu təzyiqi kimin və hansı məqsədlə göstərdiyini demir. Əlbəttə, onun vasitəçilərsiz aparılan Bakı–İrəvan danışıqlarını və Ankara–İrəvan təmaslarını “gerçəkləşmiş arzu” kimi qiymətləndirməsi müəyyən dərəcədə müsbət haldır, lakin səmimiliyinə şübhə doğurur”, –ekspert vurğulayıb.
O, eyni zamanda qeyd edir ki, Türkiyə və Azərbaycan bir çox sahələrdə, o cümlədən Ermənistanla münasibətlər məsələsində koordinasiyalı siyasət yürüdürlər. “Yəni, hər iki dövlətin maraqları qorunur.
Əgər doğrudan da Türkiyə və Ermənistan vətəndaşlarınin 2026-cı ilin əvvəlindən sərbəst sərhəd keçidi barədə razılıq əldə olunubsa, deməli, bu məsələ Türkiyə tərəfindən Azərbaycanla razılaşdırılıb.
Burada sərhədlərin açılmasının strateji mənası da var – bu addım Ermənistanın Rusiyadan iqtisadi asılılığını azaltmaq məqsədi daşıyır. Sərhədlərin xüsusilə də parlament seçkiləri ərəfəsində açılması, Rusiyanın Ermənistan hökumətinə təzyiq imkanlarını zəiflədəcək.
Ermənistan və Azərbaycan vətəndaşları quru sərhədlər açıldığı təqdirdə bu sərhədləri sərbəst keçə biləcəklərmi? Məncə, yükdaşımalarla bağlı heç bir problem yaranmayacaq – ilk yük artıq daşınıb. Lakin vətəndaşların sərbəst hərəkəti üçün vaxt lazımdır, həm də kifayət qədər uzun vaxt. Türkiyə və Ermənistan arasındakı hadisələrdən 100 ildən çox keçib, nəsillər dəyişib. Azərbaycan və Ermənistan arasında baş vermiş qanlı müharibədən isə cəmi iki il ötüb, amma hələ də sülh müqaviləsi imzalanmayıb. Hər iki tərəfin ağrısı və acısı hələ çox təzədir. Nifrət hissi tədricən ortadan qalxıb, amma hələ tam yox olmayıb.
Hesab edirəm ki, 8 avqustda keçirilən Vaşinqton sammitindən sonra sülhün imzalanması üçün tərəflər arasında etimadın formalaşması zəruridir. Eyni zamanda elə təəssürat yaranır ki, bəzi qüvvələr bu etimadın yaranmasının qarşısını almaq üçün Azərbaycanı guya sülhə mane olan tərəf kimi təqdim etməyə çalışırlar. Ona görə də, həm rəsmi şəxslərin, həm də siyasi şərhçilərin bəyanatlarında təmkini və soyuqqanlılığı qorumaq daha məqsədəuyğundur”, – İlham İsmayıl bildirib.
Rauf Orucov