100 il əvvəlki dəhşətin dərsləri: əsl qalib kim idi?
Rusiya-Ukrayna müharibəsi üçün tarix müntəxəbatı
11 İyun 2026
2026-cı ilin əvvəlində Rusiya-Ukrayna müharibəsi davametmə müddətinə görə sovet-alman müharibəsini geridə qoydu. İyunun 10-da isə Birinci dünya müharibəsilə eyniləşdi - 1568 gün. Əlbəttə, XXI əsrin regional müharibəsilə XX əsrin qlobal savaşı arasında ümumi cəhətlər azdır. Amma bu münaqişələri müəyyən mənada müqayisə etmək mümkündürmü? Və Birinci dünya müharibəsinin hansı dərsləri indiki müharibənin iştirakçıları üçün aktual ola bilər?
Birinci dünya müharibəsinə qoşulan dövlətlər əvvəlki böyük müharibələrin – məsələn, 1870–1871-ci illərin Fransa-Prussiya və 1904–1905-ci illərin Rus-Yapon müharibələrinin təcrübəsinə əsaslanırdılar. Həmin müharibələr nisbətən qısa sürmüş, orduların manevrləri və bir neçə böyük döyüş vasitəsilə həll olunmuşdu. 1914-cü ilin avqustunda həm Antanta, həm də Mərkəz dövlətlərinin rəhbərləri yeni müharibənin də oxşar ssenari üzrə gedəcəyini gözləyirdilər: sürətli səfərbərlik, qəti hücumlar, düşmənin darmadağın edilməsi və sülh müqaviləsi.
Lakin artıq ilk aylarda aydın oldu ki, müharibə tamamilə fərqli xarakter alıb. Orduların qarşıdurması sənaye cəmiyyətlərinin qarşıdurmasına çevrildi. Müharibənin taleyi təkcə döyüşlərdən deyil, iqtisadiyyatın silah istehsalı, nəqliyyat təminatı, ordunun resurslarla təchizatı və milyonlarla insanı uzun müddət səfərbər vəziyyətdə saxlamaq qabiliyyətindən asılı olmağa başladı.
Birinci dünya müharibəsinin gedişində döyüş əməliyyatlarının xarakteri də dəyişirdi. İlk aylar manevrli idi: ordular sürətlə hərəkət edir, genişmiqyaslı hücumlar keçirir, düşməni mühasirəyə almağa və həlledici döyüşə məcbur etməyə çalışırdılar. Şərq cəbhəsində və Osmanlı imperiyasına qarşı döyüşlərdə cəbhə xətti yüzlərlə kilometr irəliləyə və ya geri çəkilə bilirdi. Hətta Qərb cəbhəsində də əvvəlcə müharibənin tezliklə başa çatacağına ümid qalırdı. Lakin tərəflərin sürətli qələbə gözləntiləri puça çıxdı: nə Almaniya Fransa və Rusiyanı məğlubiyyətə uğratdı, nə də Antanta Mərkəz dövlətlərini darmadağın etdi.
Müharibə tədricən mövqe savaşına çevrildi. Bu, xüsusilə Qərb cəbhəsində özünü göstərirdi. Səngərlər, artilleriya, pulemyotlar, tikanlı məftillər və möhkəmləndirilmiş müdafiə mövqeləri hücumu son dərəcə çətinləşdirmişdi. İndi hətta çox böyük itkilər belə ciddi irəliləyişə zəmanət vermirdi. Verden, Somma və digər döyüşlər eyni problemi üzə çıxarırdı: ordular bir-birinə ağır zərbələr vurur, lakin həlledici dönüş əldə olunmurdu.
Zaman keçdikcə tərəflər yeni şəraitə uyğunlaşdılar və müdafiənin ilk xəttini yarmağı öyrəndilər. Bunun üçün yeni taktikalardan istifadə edilirdi: piyadalardan və mühəndislərdən ibarət hücum qrupları yaradılır, onlar düşmən mövqelərinə sızaraq səngərlərə hücum edirdilər. Antanta tank bölmələrinin iştirakı ilə yarma taktikasını inkişaf etdirdi. Kəşfiyyat və bombardman məqsədilə hər iki tərəf aviasiyadan geniş istifadə etməyə başladı.
Ancaq bütün bunlar da müharibəni mövqe dalanından tam çıxara bilmədi. Problem, bir əsrdən artıq vaxt keçəndən sonra Ukrayna cəbhəsində olduğu kimi, düşmənin dərin eşelonlaşdırılmış müdafiəsini tez bir zamanda yarmağın və manevrli əməliyyatlarla onu məğlub etməyin mümkünsüzlüyündə idi. Artilleriya hazırlığından sonra hücumçuların keçdiyi ilk müdafiə xəttinin arxasında ikinci xətt yerləşirdi. Onu isə müdafiənin dərinliyində yerləşən düşmən artilleriyası dəstəkləyirdi. Öz artilleriyası isə artıq irəliləyən hissələrə kömək edə bilmirdi, çünki topların atəş məsafəsi yetərli deyildi.
Ləng irəliləyiş tempi qarşı tərəfə yarılmanın baş verdiyi sahəyə ehtiyat qüvvələr cəmləşdirmək imkanı verirdi və hücumlar dəyişməz olaraq dalana dirənirdi. Resursların təxminən bərabər olduğu şəraitdə hər iki tərəf illərlə – 1918-ci ilədək – Qərb cəbhəsini hətta bir neçə on kilometr belə irəli və ya geri çəkə bilmədi.
Müharibə uzandıqca qələbənin formulu da dəyişirdi. Əvvəlcə baş qərargahların planları, səfərbərliyin sürəti və komandanlığın keyfiyyəti böyük əhəmiyyət daşıyırdı. Zaman keçdikcə isə başqa amillər həlledici oldu: ölkə nə qədər mərmi istehsal edə bilir, nə qədər kömür çıxarır, nəqliyyat sistemi necə işləyir, ərzaq kifayət edirmi, dövlət kredit ala bilirmi və sənayeni böhrandan qoruya bilirmi? Hakimiyyətlər iqtisadiyyata nəzarəti gücləndirir, səfərbərliyi genişləndirir, istehsalı tənzimləyir və təsərrüfat həyatına tarixdə görünməmiş dərəcədə müdaxilə edirdilər.
Cəmiyyətin vəziyyəti də az əhəmiyyətli deyildi. Müharibənin uzanması və ağır itkilər hökumətləri daim əhalinin dəstəyini qazanmağa, yeni qurbanların zəruriliyini izah etməyə və ölkəni daxili böhrandan qorumağa məcbur edirdi. Tarixdə ilk dəfə bu miqyasda hərbi əməliyyatlar yalnız ordunun deyil, demək olar ki, bütün cəmiyyətin səfərbərliyini tələb edirdi. Bu səfərbərlik həm zorakılıq, həm də təbliğat vasitəsilə həyata keçirilirdi. Hər iki amilin birləşməsi hökumətlərə insan itkilərinə, geri çəkilmələrə və iqtisadi problemlərə baxmayaraq müharibəni davam etdirməyə imkan verirdi. Bununla yanaşı, müharibə yorğunluğu da getdikcə artırdı. 1917-ci ilə gəldikdə isə müharibə əleyhinə çıxışlar təkcə Rusiyada deyil, məsələn, 1917-ci ilin aprelindəki uğursuz hücumdan (“Nivel qırğını”) sonra Fransada da baş verirdi.
Müharibənin uzanmasının digər səbəbi kompromis sülhün getdikcə daha çox mümkünsüz olması idi. Milyonlarla insanın ölümündən və nəhəng xərclərdən sonra hökumətlər aşkar qələbə olmadan döyüşləri dayandırmağa razılaşmaq istəmirdilər. Hər tərəf ümid edirdi ki, rəqib iqtisadi, siyasi və ya hərbi problemlər səbəbindən daha tez çökəcək.
Nəhayət, müharibənin son altı ayında məhz belə oldu. Lakin qarşı duran blokların komandanlıqlarının təsəvvür etdiyi şəkildə yox. Tərəflər müdafiəni bütün dərinliyi boyunca sürətlə yarmağa və manevrli əməliyyatlara keçməyə imkan verən yeni taktika yarada bilmədilər. Müharibənin son mərhələsində qüvvələr nisbəti başqa səbəblərdən sürətlə dəyişdi və nəticədə Almaniya ilə müttəfiqlərinin məğlubiyyətinə gətirib çıxardı.
Hərçənd əvvəlcə üstünlük məhz Almaniyanın tərəfində idi. Rusiya və Rumıniya müharibədən çıxdıqdan sonra Berlin həlledici hücum üçün böyük qüvvələri Qərb cəbhəsinə köçürə bildi. 1918-ci ilin yazında Almaniya hücum dəstələrinin fəaliyyəti və ehtiyatların çevik istifadəsi sayəsində cəbhəni Paris yaxınlığındakı Marna çayınadək sıxışdıra bildi. Lakin həmin vaxta qədər qüvvələr nisbəti artıq Antantanın xeyrinə dəyişmişdi: Qərb cəbhəsinə Amerika diviziyaları (1918-ci ilin yayına qədər təxminən iki milyon nəfər), eləcə də Türkiyə cəbhəsindən azad olmuş Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiya hissələri gəlməyə başlamışdı.
Yayda başlayan Antanta hücumu (“Yüz gün hücumu”) Almaniya ordusunu sarsıdıcı məğlubiyyətə uğratdı. Atəşkəs imzalanarkən alman ordusu hələ də müharibənin əvvəlində işğal etdiyi Fransa və Belçika ərazilərinin bir hissəsini tərk etməmişdi. Antanta qoşunları isə Almaniyanın öz ərazisinə daxil olmamışdılar. Bu vəziyyət, həmçinin Almaniyada atəşkəs ərəfəsində inqilabın başlaması sonradan nasist ideoloqlarına imperiyanın hərbi məğlubiyyət nəticəsində deyil, “xəyanət” üzündən süquta uğradığını iddia etmək imkanı verdi.
Əslində isə ordu faktiki olaraq darmadağın edilmişdi. Sadəcə, rəqib müdafiəni yarmaq üçün yeni texnologiya icad etməmiş, say üstünlüyündən məharətlə yararlanmamışdı. Müdafiəni yarmağa, manevrli müharibə aparmağa və resurs baxımından bərabər rəqibi sürətlə məğlub etməyə imkan verən, Birinci dünya müharibəsində yaranmış bütün yenilikləri vahid sistemdə birləşdirən hərbi konsepsiyanı yalnız 1930-cu illərin sonunda Almaniya vermaxtı tətbiq etdi.
Birinci dünya müharibəsindən iştirakçılar nə qazandılar?
Formal olaraq Antanta qalib gəldi. Bu blokun əsasını Böyük Britaniya, Fransa və Rusiya imperiyası təşkil edirdi (Rusiya faktiki olaraq 1918-ci ilin martında Brest sülhü bağlananadək müharibədə qaldı). Sonradan İtaliya (1915-ci ildən), Rumıniya (1916-cı ildən) və ABŞ (1917-ci ildən) onlara qoşuldular. Antanta tərəfində Serbiya, Yaponiya, Belçika, Monteneqro, Yunanıstan, Portuqaliya və bir sıra digər dövlətlər də vuruşurdu.
Onların qarşısında Almaniya, Avstriya-Macarıstan, Osmanlı imperiyası və Bolqarıstandan ibarət Mərkəzi Dövlətlər dayanırdı. Formal olaraq məğlub olan tərəf məhz onlar idi. Lakin müharibənin nəticələri qalib və məğlub bölgüsündən qat-qat mürəkkəb oldu.
Almaniya uzun müddət güclü orduya və müqavimət imkanına malik olsa da, sonda məğlub oldu. 1918-ci ilə qədər onun iqtisadiyyatı Britaniyanın dəniz blokadası nəticəsində tükənmiş, əhali ərzaq çatışmazlığından əziyyət çəkməyə başlamışdı, müharibəni davam etdirmək üçün resurslar isə tükənmək üzrə idi. Müttəfiqləri olan Avstriya-Macarıstan və Osmanlı imperiyaları isə ümumiyyətlə mövcudluqlarını itirərək çoxsaylı milli dövlətlərə parçalandılar.
Fransa və Böyük Britaniya qaliblər sırasında yer alsalar da, qələbə onlara çox baha başa gəldi. Fransa kişi əhalisinin əhəmiyyətli hissəsini itirdi, ölkənin şimalındakı sənaye rayonları dağıldı və böyük borclar yarandı. Böyük Britaniya imperiyasını qoruyub saxlasa da, müharibədən maliyyə baxımından zəifləmiş və Amerika kreditlərindən asılı vəziyyətdə çıxdı.
Rusiya əsas məğlublardan biri oldu. Gələcək qaliblər düşərgəsində yer almasına baxmayaraq, ölkə müharibədən inqilab, vətəndaş müharibəsi, iqtisadi çöküş və imperiyanın dağılması ilə çıxdı.
Nisbi mənada ən böyük qalib isə ABŞ oldu. O, müharibəyə gec qoşuldu, öz ərazisində dağıntılardan yayına bildi, sənaye gücünü kəskin şəkildə artırdı, Avropa dövlətlərinin ən böyük kreditoruna çevrildi və dünya iqtisadiyyatındakı mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirdi.
Bu mənada müharibə yalnız Mərkəz dövlətlərinin hərbi məğlubiyyəti ilə yekunlaşmadı. O, həm də qlobal qüvvələr nisbətinin ciddi şəkildə dəyişməsinə səbəb oldu. İqtisadi gücün mərkəzi tədricən Avropadan okeanın o tayına keçməyə başladı.
Beləliklə, Birinci dünya müharibəsi sadəcə bir koalisiyanın digərinə qalib gəlməsi ilə başa çatmadı. O, Avropa dövlətlərinin tükənməsi, bir neçə imperiyanın süqutu və yeni beynəlxalq münasibətlər sisteminin formalaşması ilə nəticələndi. Bu yeni sistemdə iqtisadi dayanıqlıq və uzunmüddətli müharibə aparmaq qabiliyyəti sürətli hərbi qələbələrdən daha mühüm amilə çevrilmişdi.
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burada