“Qələbə”nin taleyi: oğurlandı, it onu küçədə tapdı, sonunda qeybə çəkildi...
Futbol üzrə dünya çempionlarına verilən ilk kubokun qəribə taleyi
28 İyun 2026
Futbol üzrə dünya çempionatlarının qalibinə verilən ilk kubok əvvəlcə sadəcə “Victory” (Qələbə) adlanırdı. 1946-cı ildən sonra isə FİFA-nın üçüncü prezidenti, dünya çempionatlarının keçirilməsinin əsas təşkilatçısı Jül Rimenin şərəfinə “Jül Rime kuboku” adlandırdıldı.
Qədim yunan mifologiyasında qələbə ilahəsi sayılan Nikanın tutduğu cam təsvir olunan trofeyin hündürlüyü 35 sm, çəkisi 3,8 kq idi. Altlığı lazuritdən olan kubokun hazırlanmasında istifadə edilən əsas material 925 əyarlı gümüş idi, üzərinə qızıl təbəqə çəkilmişdi.

Mükafatın statutunda bildirilirdi ki, çempion olan komanda ona növbəti çempionata qədər sahiblik edəcək və turnirə bir neçə ay qalmış təşkilatçı ölkəyə təhvil verəcək. Üç dəfə çempion olan komanda isə kuboka həmişəlik yiyələnəcəkdi.
1930-cu ildə keçirilən ilk dünya çempionatının qalibi və kubokun ilk sahibi Uruqvay oldu. 1934 və 1938-ci illərdə keçirilən iki çempionatda İtaliya qalib gəldi. İtalyanlar növbəti çempionatda qalib gələrək “Victory”nin həmişəlik sahibi olmağı arzulayırdılar, lakin araya İkinci Dünya müharibəsi girdi.
Savaş başlayanda Romadakı banklardan birinin sığınacağında saxlanılan kuboku futbol funksioneri Ottorino Barassi götürərək bir müddət evində, çarpayısının altında ayaqqabı qutusunda gizlətdi. Sonra da Focca vilayətində qohumlarına göndərdi, onlar da mükafatı zeytun yağı doldurulmuş çəlləkdə gizlətdilər.
Dünya çempionatlarının keçirilməsi 1950-ci ildə bərpa edildi. Əvvəlcə Uruqvay, sonra Qərbi Almaniya və iki dəfə Braziliya çempion olaraq “Jül Rime kuboku”na müvəqqəti sahiblik etdilər.
***
Futbol üzrə VIII dünya çempionatı 1966-cı ilin iyulunda İngiltərədə keçiriləcəkdi. Son dünya çempionu olan Braziliya həmin ilin yanvarında “Jül Rime kuboku”nu İngiltərə Futbol Assosiasiyasına (FA) təhvil verdi. Trofey FA-nın mənzil qərargahında saxlanılırdı. Lakin reklam və tanıtım tədbirləri üçün müntəzəm olaraq ictimaiyyətə nümayiş etdirilməsinə icazə verilirdi; hərçənd bu, adətən yalnız bir neçə saat davam edirdi.
Fevralın sonlarında dünya şöhrətli “Stanley Gibbons” poçt markaları şirkəti Assosiasiyaya müraciət edərək mart ayında Vestminsterdəki Metodist Mərkəzi Zalında keçiriləcək “Stampex” sərgisində Kubokun nümayiş etdirilməsinə icazə istədi. FA da FİFA-ya müraciət etdi. FİFA prezidenti, özü də ingilis olan Stenli Rouz icazə verdi, amma bəzi şərtlər irəli sürdü:
- Kubok nüfuzlu bir təhlükəsizlik şirkəti vasitəsilə daşınmalı idi.
- O, kilidli şüşə futlyarda yerləşdirilməli və gecə-gündüz yanında mühafizəçi dayanmalı idi.
- Rəsmi dəyəri cəmi 3000 funt sterlinq olsa da, Kubok 30000 funt sterlinq məbləğində sığortalanmalı idi.
Metodist Mərkəzi Zalı həm müxtəlif tədbirlər üçün icarəyə verilən böyük zaldan, həm də fəaliyyətdə olan kilsədən ibarət bina idi. Martın 19-da açılan “Stampex” sərgisi birinci mərtəbədə keçirilirdi. Açılışın ertəsi günü kubok oğurlandı.
Martın 20-i bazar günü idi və kilsədə ibadətə gələn xeyli adam vardı. Stenli Rouzun şərtinə baxmayaraq daim kubokun yanında olmayan mühafizəçilər saat 12:10-da kubokun yoxa çıxdığını fərq etdilər. Oğru(lar) yanğın girişindən daxil olaraq vitrinin arxasındakı qapının bolt və vintlərini açmış, kuboku götürərək getmişdi(lər). İşlə London polisinin “Flying Squad” çevik bölüyü məşğul olmağa başladı.
Martın 22-də FA prezidenti Co Mirs bir məktub aldı. Məktubda kubokun qaytarılması üçün 1 və 5 funtluq əskinaslarla 15 min funt məbləğində fidyə tələb olunurdu. Özünü Cekson kimi təqdim edən müəllif bildirirdi ki, cümə gününə qədər müsbət cavab almasa, kuboku əridəcək. Məktub, belə hallarda ənənəvi olan "polisə xəbər verməyin" xəbərdarlığı ilə bitirdi.
Mirs isə dərhal polisə xəbər verdi. Polisin “fidyə vermək” əməliyyatı zamanı Edvard Betçli adlı şəxs saxlanıldı. Amma o, polisi inandırdı ki, oğurluqla heç bir əlaqəsi yoxdur, bu işə “Polyak” ləqəbi ilə tanıdığı adamın vəd etdiyi 500 funt xətrinə qol qoyub. Sonralar onu 2 il azadlıqdan məhrum etdilər.
Kubok isə oğurluqdan bir həftə sonra tapıldı, özü də polisin deyil, kolli cinsindən olan bir ev iti sayəsində.
Devid Korbett adlı London sakini martın 27-də Piklz adlı iti ilə evdən çıxanda ağlına da gətirmirdi ki, həmin evə bütün dünyaca məşhur fiqurlar kimi qayıdacaqlar. Onlar evdən bir qədər uzaqlaşdıqda Piklz kolların altında qəzetə bükülmüş və iplə sarınmış bağlamanı iyləməyə başladı.
Korbett yaxınlaşaraq bağlamanın bir ucundan qəzeti qopardı. Oradakı lövhəcikdə Braziliya, Qərbi Almaniya və Uruqvay yazılmışdı. Əks tərəfdə qəzeti qoparanda isə Nikanın tutduğu camı gördü. Nə tapdığını anlayan Devid Korbett bağlamanı polisə apardı və orada... əsas şübhəliyə çevrildi. Lakin Korbett alibisini sübut etdiyindən bu status qısa sürdü.

Piklz də, sahibi də bir müddət İngiltərənin ən populyar fiqurlarına çevrildilər. Onları müxtəlif tele-şoulara dəvət edirdilər. Korbettdən müsahibə alırdılar. Piklz “ilin iti” seçildi, bir illik yemlə təmin olundu və hətta “Soyuq burunlu casus” (The Spy with a Cold Nose) adlı komediyada çəkildi.
Sığorta şirkəti, Futbol Assosiasiyası və sponsorlar Korbettə ümumən 6 min funt hədiyyə etdilər. Bu, Korbettə ev almağa imkan verəcək qədər böyük məbləğ idi. Müqayisə üçün: çempion olan İngiltərə futbolçuları 1000 funt mükafat aldılar, vergiləri ödəyəndən sonra onun da 600 funtu qaldı.
Çempionluq münasibətilə keçirilən ziyafət məclisinə Korbett və Piklz də dəvət olunmuşdu.
Təəssüf ki, Piklz 1967-ci ildə öldü. Korbettin oğlu ilə küçəyə çıxan it bir pişiyi qovmağa başladı. Uşaq ipi saxlaya bilmədi. Sürətlə qaçan Piklzin ipi hansısa maneəyə ilişəndə itin boynunu sındırdı. Korbett itini onun hesabına aldığı evin həyətində basdırdı.
Kuboku kimin oğurlaması isə yarım əsrdən çox müddətdə bilinmədi. Yalnız 2018-ci ildə Qari Kuqullere adlı birisi etiraf etdi ki, kuboku əmisi Sidni oğurlayıb və bu zaman atası Req də onun yanında olub.
Sidni və Req Kuqullere qardaşları filateliya sərgisinə dəyəri milyon funtla ölçülən nadir poçt markalarını oğurlamağa getmişdilər, lakin markaların ciddi mühafizə olunduğunu gördülər. Kuboku isə həmin an heç kəs mühafizə etmirdi. Əliboş qayıtmaq istəməyən futlyarın arxasına keçib qapını açırlar və kuboku oğurlayırlar.
Qardaşlar Edvard Betçli vasitəsilə fidyə almaq üçün uğursuz cəhd göstərdikdən sonra dünyaca məşhur bu əşyadan qurtulmağı qərara aldılar və onu sözün həqiqi mənasında küçəyə atdılar. Ola bilər, əridib dəyər-dəyməzinə satmağa ürəkləri gəlmədi. Sonrası məlumdur.
***
Kubokun oğurlanandan sonra braziliyalılar ingilislərə xeyli lağ etdilər ki, siz futbolun vətəni ola bilərsiniz, amma bu oyun bizdə o qədər sevilir ki, hətta oğrular da kuboka qıymazlar.
Braziliyalılar 1970-ci ildə üçüncü dəfə çempion olduqda kuboku həmişəlik özlərində saxlamaq hüququ qazandılar. Mükafat 1983-cü ildə futbol federasiyasının qərargahından oğurlandı və bir daha tapılmadı. Oğrular onu əridib satmışdılar.