Pullarımız hara gedir, yaxud pomidor paradoks nümunəsi kimi
Göz oxşayan statistika və real həyat arasında həddən artıq uzun məsafə qalır
14 Dekabr 2025
Neft-qaz gəlirləri barədə eşidəndə təxəyyülümüzdə dövlət xəzinəsinə axan qara qızıl çayları canlanır. Elə gəlir ki, bir azdan həyat yeni rənglərlə işıq saçacaq. Amma soyuducu yenə də yarıya qədər boşdur, qiymətlər artır, maaşlar isə ixrac uğurlarının arxasınca çata bilmir. Ortaya qəribə riyazi hesablama çıxır: milyardlar oradadır – hesabatlarda, təqdimatlarda, dövlət gəlirlərində. Adi həyat isə “siz hələ birtəhər dözün” formuludur. Və bu iki dünya bir-biri ilə çox nadir hallarda üz-üzə gəlir.
Fond var, pul var, nəticə isə…
Ədalət naminə demək lazımdır ki, neft dollarları heç də həmişə boşluğa yoxa çıxmır. Ölkədə ixracdan əldə olunan gəlirlərin illərlə toplandığı Dövlət Neft Fondu mövcuddur. Üstəlik, bəzi illərdə dövlət büdcəsinin 60 faizə qədəri məhz bu fondun hesabına formalaşıb. Büdcədən isə ordu, səhiyyə, təhsil, sosial proqramlar, yollar maliyyələşdirilir.
Fərq ondadır ki, məsələn, Norveçdə fond “yalnız faizlər xərclənə bilər, əsas kapitala toxunmaq olmaz” kimi sərt qayda ilə idarə olunur, Azərbaycanda isə xərclər daha genişmiqyaslıdır. Səbəbi də aydındır: uzun illər ərzində işğal olunmuş ərazilərin azad edilməsi üçün ordunun gücləndirilməsinə ehtiyac vardı, bu gün isə nəhəng resurslar bərpa və infrastrukturun inkişafına yönəldilir. Şikayət etmək düzgün deyil, amma şəffaflığın daha çox olmasını da istəyirsən. Fərq yığmaq arzusunda yox, xərcləmə qaydasındadır. İnsanlar neft dollarının konkret olaraq hara getdiyini görmək istəyir: pensiyalara? dərmanlara? yollara? küçə işıqlarına?
Məhz bu məqamda ortaya diqqətçəkən xəbər çıxır. 2025-ci il dekabrın 1-də Maliyyə Nazirliyi yanında İctimai Şura formalaşdırılıb və ona iqtisadçı, fəlsəfə doktoru İnqilab Əhmədov rəhbərlik edir. Şura illərdir mətbəxlərdə və sosial şəbəkələrdə səslənən mövzularla məşğul olmağı vəd edir: cəmiyyətlə normal dialoq qurmaq, büdcə sənədlərini daha anlaşılan etmək, fiskal siyasəti qrafikli təqdimatlardan çıxarıb insanlara yaxınlaşdırmaq. Planlar reallaşsa, büdcənin “insani siması” yaranacaq, əhali isə vəsaitlərin “ümumilikdə dövlət ehtiyaclarına” yox, konkret olaraq hara xərcləndiyini görmək imkanı qazanacaq. Hətta ictimai iştirak indeksini artırmaq niyyəti də var – axı təkcə neftin qiymətini artırmaq kifayət deyil.
Aydın infoqrafika şəklində sadə və dürüst ictimai hesabat – “vətəndaşın illik çeki”
Bu infoqrafikada hər 100 neft manatının nə qədərinin səhiyyəyə, təhsilə, pensiyalara, müdafiəyə, yollara, dərmanlara və digər ehtiyaclara xərcləndiyi aydın göstərilə bilər. Belə format üçün mühasibat biliyi tələb olunmur: bir baxış kifayətdir. Aydın sxem etimad yaradır, skeptisizmi azaldır və dövlətlə vətəndaş arasında əlaqəni möhkəmləndirir. Çünki insan ümumi resurslardakı payını görmək istəyir və buna tam haqqı var.
Pomidorlar paradoksun nümunəsi kimi
Neft hekayəsi “öz həyatını” yaşayan milyardlar haqqındadır. Amma paradoks gözümüzün qabağında, lap yanımızda bitən məhsullarda da açıq görünür.
Ən keyfiyyətli pomidorlarımız Rusiyaya gedir – yük maşınları, qatarlarla. Biz isə bu vaxt Bakı supermarketlərində Türkiyə almalarını, Argentina armudlarını, Afrika limonlarını, İran xiyarlarını maraqla seyr edirik.
İqtisadçılar bunu sadə izah edir: hara sərfəlidirsə, məhsul ora gedir. Fermer romantik deyil, iş adamıdır. Amma piştaxtanın qarşısında dayanan alıcıya bunu necə izah edəsən: “Bu bizim ən yaxşı pomidorlarımızdır, amma siz onları görməyəcəksiniz, çünki artıq ixrac olunub”?
Niderland da tərəvəz və meyvələri dünyanın bir çox ölkəsinə ixrac edir. Amma onun piştaxtaları yerli məhsulla doludur və heç kim özünü nədənsə məhrum edilmiş hiss etmir. Bizdə isə hələlik mənzərə fərqlidir: məhsulumuzla xaricdə fəxr edirik, özümüz isə idxal alırıq.
İndi isə ət! Ən “dadlı” paradoks
Pomidorla hələ barışmaq olar – mövsüm, ixrac, logistika. Amma ət artıq əsl “iqtisadi tapmaca”ya çevrilib. Bu gün idxal az qala yerli məhsulu sıxışdırıb çıxarır. Əvvəl Monqolustan və Ukrayna ətinin fəal reklamı getdi. Sonra dabaq xəstəliyi yayıldı və alıcı haqlı olaraq ehtiyat etməyə başladı. Üstünə qiymət fərqi gələndə isə seçim demək olar, avtomatik oldu.
• yerli qoyun əti – 22–24 manat, Monqolustan əti – təxminən 14,5 manat;
• Ukrayna mal əti – 12–14 manat, idxal dana əti – 12,5 manat ətrafında, yerli isə təxminən 16 manat.
Fərq o qədər hiss olunur ki, artıq kafe və restoranlarda, hətta toy məclislərində belə əsasən idxal ətindən istifadə edilir.
Paradoks ondadır ki, Monqolustan və Qazaxıstan kimi, ucsuz-bucaqsız otlaqları olan ölkələr bizə əti öz ölkəmizdəkindən daha ucuz satır. İqtisadçılar bunu da izah edir: yem ucuzdur, otlaqlar pulsuzdur, miqyas böyükdür, emal sənayeləşib. Amma alıcı üçün bunlar vacib deyil – o sadəcə 24 manatla 14 manatı müqayisə edir.
Yenə tanış formula ortaya çıxır: idxal piştaxtaları sevindirir, ixrac statistikanı, yerli istehsalçı isə kənarda dayanıb köks ötürür.
Niyə belə olur və niyə belə olmamalıdır?
Fermer sərfəli yerə satır – məntiqlidir. İdxal bazarın böyük, tələbin yüksək olduğu yerə gəlir – bu da məntiqlidir. Amma hər şeyi bu cür başına buraxsaq, daxili bazar həmişə uduzan tərəf olacaq.
Halbuki həll yolları var:
• daxili bazara satış edənlər üçün vergi güzəştləri və üstünlüklər;
• fermerlərin vasitəçisiz birbaşa alıcıya çıxması üçün kooperativlər;
• “yerli” məhsulun daşınma səbəbindən baha olmaması üçün logistika subsidiyaları;
• ətin “lüks” məhsula çevrilməməsi üçün heyvandarlığa dəstək.
Bu, “bazar özü hər şeyi tənzimləyər” ilə “bazar elə tənzimlədi ki, ancaq xarici məhsul yeyirik” arasındakı incə xətdir.
İxrac var, idxal var. Bəs insanlarda nə var?
Kağız üzərində hər şey gözəldir: ixrac artır, idxal çeşidlidir, ticarət dövriyyəsi rekord qırır. Amma çiynində bazarlıq çantası olan, maaş alan insan qiymət etiketlərinə baxıb sual verir: “Bütün bu gözəl statistikanın içində mənim yerim haradadır?”
Norveçlilər və niderlandlılar göstərdi ki, ixrac həm qürur mənbəyi, həm də öz vətəndaşı üçün də əlçatan ola bilər. Bizdə isə hələlik başqa cür alınır: neft – rəqəmlərdir, pomidor – xarici bazar üçündür, ət isə idxal reallığıdır.
Bəlkə formulu dəyişməyin vaxtıdır?
İxrac insanlara işləməlidir, insanlar ixraca yox. Bəlkə o zaman “vətəndaşın illik çeki”ndə yerli istehsalın gözəl rəqəmləri görünər – təkcə hesabatlarda deyil, süfrələrdə də.
Hələlik isə mənzərə belədir: sərvət gedir, bizə çek qalır. Hətta ət də artıq bizim deyil.
Deməli, formulu yenidən yazmaq mümkündür — istək olsa…