Logo
news content

32 illik fəryad, çin çıxan yuxu, bayram kimi dəfn mərasimi... - İTKİNLƏR – VÜSALƏ MƏMMƏDOVA YAZIR
22 yaşında haqqa qovuşan Vüqar 54 yaşında hüzura qovuşacaq...

Mesaj qutuma həyəcandan titrəyən bir qadın səsi gəlib: 

"Vüsalə xanım, mən çox arzulayırdım ki, siz "İtkinlər" layihəsində (Pressklub.az-da Qarabağ müharibəsində itkin düşmüş şəxslərin bir qrupu barədə silsilə yazılardan ibarət layihə belə adlanırdı – red.) qardaşım Babayev Vüqar Səlim oğlu haqqında da yazasınız. Ancaq o vaxt anamın nömrəsini sizə verməyə ürək eləmədim. Düşündüm ki, siz zəng etsəniz o ümidlənər... Sonra onun üçün daha da çətin olar..."

Ekranı bir qədər yuxarı sürüşdürüb, ilk yazışmamızı oxuyuram: 

"19 oktyabr 2022-ci il 

- Mənim də qardaşım I Qarabağ müharibəsində Kəlbəcər uğrunda gedən döyüşlərdə itkin düşüb. Atam rəhmətə gedəndə anam qardaşımın şəklini onun sinəsinə qoydu. Məzar daşına da onunla yanaşı qardaşımın da şəklini vurduq... Dedik ki, atam bu dünyadan oğlunu axtara-axtara köçdü, oğul dərdi ürəyində getdi. Qoy elə son mənzilindən də oğlu ilə birlikdə boylansın. Qoy, mənim qardaşımın da şəkli bir daşa həkk olunsun... Ata babam da İkinci Dünya müharibəsində itkin düşüb... Rəhmətlik atam həmişə deyirdi ki, atam kimi oğlumun da məzarı olmadı... Atamın o sözləri bu günə kimi qəlbimdə yaradır...

Vüqar yaşasaydı, bu il 50 yaşını qeyd edəcəkdi... Kəlbəcər azad olunanda anam düşünürdü ki, qardaşımdan xəbər çıxacaq. Ancaq heç bir xəbər yoxdur. Anam hələ də gözü yolda, qulağı səsdə gözləyir... 

- Zeynəb xanım, ananızın telefon nömrəsini yazın, əlaqə saxlayım... 

- Mən də çox istəyərdim qardaşım haqqında yazasınız, ancaq ürək eləmirəm. Siz zəng edəndə anam ümidlənəcək, elə biləcək qardaşımdan xəbər var..."  

Səsin davamına qulaq asıram: 

- "10 gün olar ki, sizi yuxuda görmüşəm. Görürəm qardaşım haqqında danışırsınız, deyirsiniz ki, Vüqar tapılıb... Oyandım, “yuxudur”, deyib keçdim... Ancaq yenə də özümə gələ bilmədim. İki gündür ki, qardaşımın xəbəri çıxıb... Nəşinin qalıqları tapılıb... Fevralın 19-da Göyçay Şəhidlər Xiyabanında torpağa tapşırılacaq...

Vüsalə xanım, bilmirəm, təsadüfdürmü, yoxsa nədir... İnanmıram... Axı bu qədər təsadüf olmaz... Deyəcək söz tapmıram... Sadəcə... sizə yazmaq istədim... Siz mənə yuxuda demişdiniz, mən də istədim ki, reallıqda bunu sizə deyim: Vüsalə xanım, qardaşım tapılıb! (Səs titrəyir) Qardaşımdan xəbər var..." 

Hıçqırıq... Davamı yoxdur... 

Özümü ələ almağa, fikirlərimi toplayıb uyğun bir söz deməyə, göz yaşlarımı saxlamağa çətinlik çəkirəm. Səsli mesajı bu mövzularda məni heç bir sözsüz, izahsız başa düşən dəyərli dostuma, Qarabağ Müharibəsi barədə illərlə davam edən layihələrimin, araşdırmalarımın redaktoru Qabil Abbasoğluna göndərirəm. Mesajın hekayəsini izah etməyə çalışıram, ancaq ağlayan səsimi eşitsin, istəmirəm... Yenə hərflər dadıma çatır. Qısa yazıram: Sizinlə paylaşmaq istədim... 

Onun kövrəlmiş səsi özünü çox gözlətmir: 

- "Vüsalə, bu dəhşətdir... Qadınla birlikdə mənim də gözümdən yaş gəldi... Bunu yaza bilərsən? Elə bu cür də başla, xahiş edirəm. Yazı artıq başlayıb, sən davam elə, Vüsalə... Bəlkə biz bu adam haqqında yazmamışıq... Əslində mənim fikrim belədir ki... Əminəm ki, biz səninlə I Qarabağ müharibəsində əsir, itkin düşən, girov götürülən hər kəsin hekayəsini yazmışıq. Çünki yazdığımız hekayələr hamısına aiddir. Axı onların hamısının taleyi eynidir..."

*** 

...Arifə anaya zəng edəndə tərəddüd içindəyəm... Söhbətə necə başlayım, başsağlığı verim, yoxsa gözaydınlığı? Səbir diləyim, yoxsa şükür edim? O qədər itkin anasından "oğlumun nəşi gələn günə qurban demişəm" əhdi eşitmişəm ki, indi nə deyəcəyimi qətiləşdirə bilmirəm. Elə söhbətə də belə başlayıram: 

- Arifə ana, açığı, sizə nə deyəcəyimi bilmirəm... 

- Gözaydınlığı ver, qızım! "Gözün aydın" de! Mənim 79 yaşım var, onun düz 32 ilini bu günü gözləmişəm... Qızım, şəkərlə gözləmişəm! Təzyiqlə gözləmişəm! Xərçənglə gözləmişəm! Amma ümidimi üzməmişəm... Kaş atası da bu günü görəydi... Görəydi ki, balamın xəbəri gəldi... Özü gəlməsə də, heç olmasa xəbəri gəldi... Balam bir dəfə də itmişdi, günlərlə axtardıq... 

Vüqar balalarımın gözü idi! 1972-ci ilin baharında, aprelin 13-də dünyaya gəlmişdi. O qədər mehriban uşaq idi ki! 1979-cu ildə Göyçayın Qarabaqqal kənd məktəbinə getdi. Hamı xətrini çox istəyirdi. Lap uşaqlıqdan bütün fikri-zikri oxumaq idi. Atası dedi, qoy daha yaxşı təhsil alsın, instituta girsin. Ona görə də 1987-ci ildən Bakıdakı 1 nömrəli fizika-riyaziyyat təmayüllü məktəbə apardı. Balam 9-10-cu sinifləri Bakıda oxudu. 1989-cu ildə məktəbi qurtarıb, Azərbaycan Dövlət Politexnik İnstitutunun Mexanika fakültəsinə qəbul olundu. Qiyabi şöbəni seçdi ki, işləyib ata-anama da kömək olacam... Belə oğul idi Vüqar!

Bax, onda, 1990-cı ildə 20 yanvar hadisələri vaxtı ondan günlərlə xəbər ala bilmədik. Biz kənddə, o Bakıda... Atası maşınına qara lent bağlayıb bütün xəstəxanaları gəzir, Vüqarı axtarırdı. Nəhayət, xəbər gəldi ki, sağ-salamatdır! Onda haradan bilərdik ki, bir neçə ildən sonra oğlum birdəfəlik itkin düşəcək, atası da son nəfəsinə qədər şəhər-şəhər gəzib oğul axtaracaq...?

Elə 1-ci kursdan hərbi xidmətə getdi. Sovet ordusunda xidmətini çəkib, qayıtdı. Sonra könüllü cəbhəyə getmək üçün müraciət edəndə Göyçay hərbi komissarlığında soruşublar ki, nə vaxt gəlmisən? Deyib ki, 3 gündür. Orda deyiblər ki, get evə, ata-anan bir neçə gün sənin üzünü görsün... Dirənib ki, yox, Qarabağa gedirəm! 1992-ci ilin 6 oktyabrında getdi... 

- Onunla son görüşünüzü necə xatırlayırsınız?

- Gözlərimdən öpüb, avtobusa mindi. Sonra geri qayıdıb, barmağında gəzdirdiyi üzüyü çıxardıb, mənim barmağıma taxdı. "Ana, üzüyümü saxla, qayıdım, nişanlımın barmağına taxarsan", dedi... Üzük mənim nişan üzüyüm idi, qızım. O vaxtlar nişan üzükləri sadə qızıl halqadan olardı, “barmaqcıl” deyərdilər, içində də bəylə gəlinin adlarının baş hərfi yazılardı. Bizim üzüyümüz də elə idi. Kiçik oğlumdur, Vüqarın nişanlısına verəcəyəm, deyirdim. O da bu üzüyü barmağına taxmağı sevərdi... Kəndimizdə gözaltısı var idi, nə bilim, ürəyindən nələr keçirdi, nə xəyalları var idi... Anası arzularına qurban... Gedəndə çıxardıb, mənim barmağıma taxdı, “saxla”, dedi... 

1994-cü ilin 18 fevralında xəbər gəldi ki, oğlunuz yoxdur... Dedik, necə yəni yoxdur? Dedilər Murovdağ döyüşlərində itkin düşüb. Onu sonuncu dəfə fevralın 12-də Kəlbəcərin Yanşaq kəndi uğrunda gedən döyüşlərdə görüblər. Ondan sonra taleyindən xəbər almaq mümkün olmadı...

Atası nə qədər axtardı... Məscidlərdə həmin döyüşlərdən gətirilən donmuş əsgər nəşlərinə bir-bir baxdı... Vüqarın şəkillərini çoxaldıb bütün qurumları gəzdi... O qədər meyitxana gəzmişdi ki, ürək xəstəliyi tapmışdı... Elə ürəyindən də getdi... Rəhmətlik atasını gözləyə-gözləyə böyümüşdü, oğlunu axtara-axtara dünyadan köçdü...

Sonra kəndə bir qadın gəldi. Dedi öyrənmişik ki, oğlunuz əsir düşüb. Ermənilər onu azad etmək üçün pul istəyirlər. O dövr üçün çox böyük məbləğ istədilər. Qızım, bütün kənd toplaşdı, bir gecəyə qohum, əqrəba, tanış... Hər kəs nəyi varsa, bir yerə yığıb, istənilən məbləği topladı... Qadın pulu da götürüb getdi... O da "itdi"... 

- Bununla bağlı polisə müraciət elədiniz? 

- Yox, şikayət eləmədik. İllər sonra birtəhər qadını tapıb, pulu geri ala bildik... Onda da pul "ölmüşdü", qəpik-quruş qaytardı... Belə hallar çox olub... Bu illər ərzində elə xəbərlərlə gələn olub ki... Yoldaşım rəhmətə gedənə qədər həyət darvazasını bağlamazdı. Darvaza evdən xeyli aralıdır, deyirdi birdən kimsə Vüqardan xəbər gətirər, qapını döyər, yaşlı adamıq, biz qapıya çatana qədər çıxıb gedər... 

Mənim Vüqardan başqa iki qızım, iki də oğlum var. Atalarından sonra da onları heç vaxt ağlamağa, ümidlərini üzməyə qoymamışam. Heç vaxt onların evində oğlumu ağlamamışam, bala. Evimə qayıdıb, televizora yüksək səs verib, Vüqarı haraylayıb, ağlamışam. Səssizlikdə ağlamağa qorxmuşam ki, qəfil gələr, elə bilər daha onu gözləmirəm...

Nəhayət, o xəbər gəldi... Qızım, xəbər yayılandan evimiz bayram yerinə dönüb. Nə qədər insan gəlir... Oğlumun məktəb yoldaşları, tələbəlik dostları hamısı məni görməyə gəlirlər. Elə bu gün də İsmayıllıdan Fərhad, Sumqayıtdan Siyavuş, Sabirabaddan Elşən gəlmişdi... Balam dostcanlı idi... 

- Vüqarın nəşinin qalıqlarını hardan tapıblar? Kütləvi məzarlıqlardan, yoxsa... 

- Elə Yanşaq kəndində tapılıb, qızım. Dedilər ki, 3 nəfər yanaşı dəfn olunubmuş... Min şükür Allaha ki, balamı dəfn ediblər, qurda-quşa yem olmayıb... Bəlkə sağ qalan yoldaşları basdırıb, nə bilim? Bilmirik... Ancaq böyük oğlumu çağırıb deyiblər ki, Yanşaqda basdırılmış 3 insanın sümükləri tapılıb. Müəyyən olunub ki, üçündən biri sizin qardaşınızdır. Balamın bütün sümükləri tam yerindədir, ölməzdən əvvəl heç bir əzasını itirməyibmiş. Yalnız barmaq ucları yox imiş... Nə bilim, bəlkə döyüşdə olub, bilmirəm... Bircə onu bilirəm ki, balam tapılıb! Fevralın 19-da balamdan qalanları torpağa verib, məzar evini tikəcəyik... 22 yaşında haqqa qovuşan balam, 54 yaşında hüzura qovuşacaq…