Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski Trampdan daha çox havadan müdafiə sistemi istəyib

Ukrayna Prezidenti Volodimir Zelenski yanvarın 22-də Davosda ABŞ prezidenti Donald Trampdan daha çox “Patriot” raketləri, digər havadan müdafiə sistemləri istədiyini deyib.

Zelenski yanvarın 23-24-də Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında üçtərəfli danışıqların keçirilməsi ehtimalını da səsləndirib.

Tramp və Zelenski Davosda Dünya İqtisadi Forumunda bir saatdan görüşüblər. Tramp görüşün müsbət keçdiyini söyləyib: "Prezident Zelenski ilə görüş yaxşı keçdi. Nəticələrini görəcəyik".

O, jurnalistlərə deyib ki, Putinə mesajı belədir: “Müharibə bitməlidir”.

Zelenski forumda çıxışında bildirib ki, əsas mesajı Rusiyanın raket və dron hücumlarına qarşı Ukraynanın əlavə müdafiəyə ehtiyacının olmasıdır. Bu hücumlar nəticəsində 1 milyondan çox insan işıqsız və istiliksiz qalıb, temperatur isə sıfırdan aşağıdır.

"Prezident Trampa son sözlərim belə oldu: Hava müdafiəsini unutmayın, Patriotları unutmayın. Bu qış bu, bizim üçün çox vacibdir", – Zelenski deyib.

Uitkoff: Ukrayna sülh danışıqlarında 'bircə məsələ' qalır

ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff yanvarın 22-də Davosda Dünya İqtisadi Forumunda Ukrayna sülh təşəbbüsləri haqda optimist danışıb. O, səhər yeməyində deyib ki, "artıq sona çatmışıq. Əslində, nikbinəm".

Bu arada danışıqlar bir daha sürət yığmağa başlayıb. ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski Davosda görüşməlidirlər. Uitkoff isə günün sonuna yaxın Moskvaya yola düşür.

"Bunu artıq bir məsələyə endirmişik, bu məsələni müzakirə etdik, deməli, həll edilə bilər. Beləliklə, hər iki tərəf bunu həll etmək istəyirsə, bunu həll edəcəyik", – Uitkoff bildirib.

O, konkret hansı məsələnin çətinlik yaratdığını deməyib. Amma bir gün öncə prezident Tramp sülh danışıqlarının çətinliklərini dilə gətirmişdi: "Çox vaxt Rusiya ilə bir razılaşma əldə edirik, Rusiya hazırdır, amma prezident Zelenski bunu etmir. O, Oval Ofisdə olanda gördünüz, məmnun deyildim. Sonra prezident Zelenski razılaşmaq istəyir, amma Putin istəmir".

Yanvarın 17-18-də Ukrayna təmsilçiləri Mayamidə ABŞ nümayəndələri ilə görüşüb. Onların 800 milyard dollara qədər iqtisadi yardımı müzakirə etdikləri bildirilir.

19 yanvar

ABŞ-Ukrayna danışıqları razılaşmasız bitib

Floridada iki günlük danışıqlarda Ukraynanı təmsil edən Rustem Umerov yanvarın 18-də sosial mediada yazıb ki, "ədalətli və davamlı sülh əldə etmək, Ukraynanın təhlükəsizlik təminatlarını və növbəti addımları razılaşdırmaq üçün işi davam etdirəcəyik".

Umerov Ukraynanın əsas tələblərindən birinin ABŞ və Avropadan təhlükəsizlik təminatları olduğunu vurğulayıb.

Umerov danışıqları "məzmunlu" adlandırıb, iqtisadi inkişaf və rifah planının müzakirə edildiyini bildirib. ABŞ-ni danışıqlarda prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və prezident Donald Trampın kürəkəni Cared Kuşner təmsil edir.

Tramp 2025-ci ilin noyabrında Ukrayna prezidenti Volodimir Zelenskiyə çoxlarının Rusiyanın xeyrinə saydığı 28 maddəlik sülh təklifini qəbul etməsi üçün təzyiq göstərib. Ukrayna isə Avropa tərəfdaşları – Böyük Britaniya, Fransa və Almaniya ilə alternativ plan hazırlamağa çalışıb. Onların təklif etdiyi 20 maddəlik planda Ukrayna üçün təhlükəsizlik təminatları, ərazi bütövlüyü nəzərə alınıb.

Tramp bugünlərdə Zelenskinin sülh müqaviləsini Rusiya prezidenti Vladimir Putindən daha çox əngəllədiyini iddia edib. Zelenski isə bu ittihamı rədd edib.

"Aydındır ki, ABŞ müharibəni sabah bitirmək istəyir. Biz isə bu müharibəni bu gün bitirmək istəyirik. Hər ikimiz buna maraq göstəririk. Və başa düşürük ki, müharibənin sona çatmamasının səbəbi Rusiyadır", - o deyib.