Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski: ABŞ Donbasda demilitarizasiya zonası yaratmağı təklif edir

ABŞ Ukraynaya Donbasla bağlı kompromis təklif edir.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlayıb.

Belə ki, Ukrayna Silahlı Qüvvələri Donbasdan geri çəkilməli və bölgədə Rusiya qoşunlarının iştirakı olmadan "demilitarizasiya zonası", yaxud "azad iqtisadi zona" yaradılmalıdır.

"Amerika tərəfi Donbasın bir hissəsində qondarma "azad iqtisadi zona" və ya rusların dediyi kimi, "demilitarizasiya zonası"nın yaradılmasını təklif edir. Bu plana görə, Ukrayna qoşunları ərazinin bu hissəsində, rus qoşunları isə onun kənarında qalacaq", - Ukrayna lideri qeyd edib.

Zelenski bu kontekstdə Kiyevin Donbasla bağlı mövqeyinin dəyişməz olduğunu vurğulayıb: "durduğumuz yerdə dayanırıq. Donetsk vilayətində "azad iqtisadi zona" ya gedəcəyikmi? Bu suala Ukrayna xalqı cavab verəcək".

Zelenski bildirib ki, Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə sülh prosesində iki həll olunmamış prinsipial məsələ var: Donetsk bölgəsindəki vəziyyət və Zaporojye Atom Elektrik Stansiyasının (ZAES) gələcəyi.

Onun sözlərinə görə, sülh planının layihəsində Rusiya qoşunlarının Xarkov, Sumı və Dnepropetrovsk vilayətlərinin bir hissəsindən çıxarılması nəzərdə tutulur. Lakin Xerson, Zaporojye və Donetsk vilayətlərinə gəldikdə, ruslar "mövqelərində qaldıqlarını" və geri çəkilmək planlarının olmadığını bildiriblər.

"Rusiya tərəfi hazırda işğal altında olan Zaporojye Atom Elektrik Stansiyası üzərində nəzarəti saxlamaqda israr edir. Ukrayna buna qəti şəkildə qarşıdır. Biz açıq şəkildə bildirmişik: Rusiya stansiyanı saxlasa, işləməyəcək", - Zelenski vurğulayıb.

O həmçinin ABŞ-nin stansiyanın gələcəyi ilə bağlı təkliflərini müzakirə edib. ABŞ tərəfi stansiyanın beynəlxalq konsorsium vasitəsilə birgə idarə olunmasını təklif edir. Ukrayna Rusiya qoşunlarının stansiyadan və ətraf ərazidən tamamilə çıxarılmasını və silahsızlaşdırılmış zonanın yaradılmasını tələb edir. Bundan sonra ukraynalı mütəxəssislər beynəlxalq tərəfdaşlarla əməkdaşlıqda giriş əldə edə və idarəetmə modelini hazırlaya bilərlər.

"Zaporojye AES bizimdir, amma ruslar düşünürlər ki, əgər onu işğal ediblərsə, deməli, onlarındır. Amerikalılar stansiyanı ələ keçirə bilirlərsə, o zaman onların stansiyadakı payının nə demək olduğu aydındır. Buna görə də bu məqamda stansiya konsorsiumunun necə həyata keçiriləcəyini, əməliyyatlara necə başlayacağını və necə idarə olunacağını demək çətindir. Bütün bunlar hələ müzakirə mərhələsindədir", - Zelenski əlavə edib.