Tramp Venesuelada qalmaq niyyətini açıqladı - Müxalifət liderinə "yox" dedi
04 Yanvar 2026
Venesuelanın vitse-prezidenti Delsi Rodriqes ABŞ ilə öz ölkəsinin xeyrinə əməkdaşlıq etməyə hazırdır.
Bu barədə Amerika lideri Donald Tramp Floridada keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Rodriqes öz mövqeyini ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığında ifadə edib.
"Marko şəxsən bu məsələ üzərində işləyir. O, indicə onunla Rodriqeslə danışıb və o, Venesuelanı yenidən əzəmətli etmək üçün lazım olduğunu düşündüyümüz hər şeyi etməyə hazırdır", - Tramp bildirib.
Eyni zamanda, Amerika Prezidenti qeyd edib ki, müxalifət lideri Maria Korina Maçado Venesuelanın rəhbəri ola bilməz, çünki onda lider keyfiyyətləri yoxdur.
Amerika lideri Donald Tramp bəyan edib ki, ABŞ lazımi hakimiyyət keçidi həyata keçirilənə qədər Venesuelada qalacaq.
Ağ Ev rəhbəri bunu Floridadakı Mar-a-Laqo iqamətgahında keçirdiyi mətbuat konfransında bildirib.
"Biz təhlükəsiz, düzgün və lazımi hakimiyyət keçidi mümkün olana qədər ölkəni idarə edəcəyik" , - sözlərindən sonra Tramp qeyd edib ki, Venesuelada Maduronun postunu istənilən adamın tutması risklidir. "Çünki bu halda hər şey eyni bitə bilər" , - Amerika lideri vurğulayıb.
İkinci hücum dalğasından bəhs edən Tramp bu həmlənin daha böyük olacağını istisna etməyib. O, həmçinin qeyd edib ki, Venesueladakı əməliyyata təyyarə və helikopterlər də cəlb olunub, hərbçilər arasında ölən olmayıb.
"Heç bir texnika itirilməyib, heç bir hərbçi öldürülməyib", - Tramp bildirib.