Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp Putinə zəng etdi. Nə danışdılar?

"Rusiya Ukrayna tərəfi ilə gələcəkdə mümkün sülh müqaviləsi ilə bağlı memorandum üzərində işləməyə hazırdır". Bunu Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefon danışığından sonra bildirib.

O vurğulayıb ki, bu sənəddə nizamlanma prinsipləri arasında "müvafiq razılaşmalar əldə olunarsa, müəyyən müddətə mümkün atəşkəs" də yer alacaq.

Putinin sözlərinə görə, Rusiya və Ukrayna bütün tərəfləri qane edəcək kompromislər tapmalıdır.

O, Trampla söhbəti "konstruktiv" və "faydalı" adlandıraraq Rusiya üçün əsas məsələnin hələ də "böhranın köklü səbəblərini aradan qaldırmaq" olduğunu bildirib.

Kremlin mətbuat katibi Dmitri Peskov Putinin Trampla söhbətini şərh edərkən ABŞ prezidentinin Ukraynadakı münaqişə ilə bağlı mövqeyini "kifayət qədər neytral" adlandırıb, eyni zamanda Avropa ölkələrini "açıq-aşkar Ukraynayönlü" mövqedə günahlandırıb.

Tramp: Rusiya və Ukrayna "dərhal" danışıqlara başlayacaq

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə iki saatdan çox söhbətinin "çox yaxşı" keçdiyini bildirib. Bu barədə o, "Truth Social" sosial şəbəkəsində yazıb.

Trampın sözlərinə görə, Rusiya və Ukrayna dərhal atəşkəs və "daha da önəmlisi müharibənin dayandırılması" ilə bağlı danışıqlara başlayacaq."Roma Papasının şəxsində Vatikan danışıqlara ev sahibliyi etməkdə çox maraqlı olduğunu bildirib", - o əlavə edib.

Bundan əvvəl ABŞ vitse-prezidenti Ceyms Devid Vens Ukraynada müharibəyə son qoymaq üçün danışıqların dalana dirəndiyini, Ağ ev isə Trampın münaqişənin hər iki tərəfindən yorulduğunu və məyus olduğunu bildirmişdi.

Birləşmiş Ştatların Ukraynadakı münaqişə ilə bağlı həll planının 22 bəndindən birincisi "hərtərəfli" atəşkəsdir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, Moskva Ukraynada uzunmüddətli dinc nizamlanma yollarının ciddi axtarışına köklənib, lakin onunla "ultimatum dili ilə" danışmaq olmaz.

Xatırlatma

2022-ci il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. 11 il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı tutmuşdu.

2022-ci ildə prezident V.Putin Ukraynanın dörd vilayətinin (Donetsk, Luqansk, Zaporojye və Xerson) Rusiyanın tərkibinə qəbulu haqqında konstitusiya qanununu imzalayıb.

Hazırda Ukrayna ərazisinin 20 faizindən çoxu, o cümlədən Luqansk vilayəti tam, Donetsk, Zaporojye və Xerson vilayətlərinin isə çox hissəsi işğal altındadır.