Tramp İranla müharibəni yenidən başlatmaq barədə qərarını sabah açıqlayacaq
24 May 2026
İranla razılaşma və ya hərbi əməliyyatların yenidən başlaması şansı 50-50-dir.
Bu barədə ABŞ Prezidenti Donald Tramp "Axios"a bildirib.
"Düşünürəm ki, iki şeydən biri baş verəcək: ya mən onlara əvvəlkindən daha çox zərbə endirəcəyəm, ya da yaxşı bir razılaşma əldə edəcəyik", - deyə o, bildirib.
Ağ Ev lideri eyni zamanda mayın 23-də danışıqlar qrupu ilə görüş keçirməyi və bazar günü İranla mümkün hərbi əməliyyatların bərpası ilə bağlı qərar qəbul etməyi planlaşdırır.
Tramp vitse-prezident Cey Di Vens , prezidentin xüsusi elçisi Stiv Uitkoff və sahibkar Cared Kuşnerin də görüşdə iştirak edəcəyini bildirib.
Qeyd olunub ki, Trampın şənbə günü nəzərdən keçirməyi planlaşdırdığı yeni anlaşma memorandum layihəsi İran-Pakistan danışıqlarının nəticəsidir. Tərəflər arasında vasitəçi kimi xidmət edən Pakistan feldmarşalı Asim Munir yüksək vəzifəli rəsmilərlə görüşdükdən və razılaşmanı yekunlaşdırmağa çalışdıqdan sonra şənbə günü Tehranı tərk edib. Razılaşma yekunlaşdırılmayıb, lakin Pakistan səfəri "yekun razılaşmaya doğru ümidverici irəliləyiş" adlandırıb.
Tramp öz növbəsində yalnız uranın zənginləşdirilməsi və İranın mövcud ehtiyatlarının taleyi kimi məsələləri həll edən bir razılaşmanı qəbul edəcəyini bildirib. O, İranın heç vaxt nüvə silahına sahib olmayacağını və zənginləşdirilmiş uranından imtina etməyə borclu olduğunu, həmçinin Hörmüz boğazının heç bir tarif olmadan tam açılmalı olduğunu vurğulayıb.
Lakin, Axios-a görə, bu məsələlərin ABŞ və İran arasında müzakirə olunan anlaşma memorandumu çərçivəsində tam həll olunması ehtimalı azdır. Bu təklifə əsasən, tərəflər hərbi əməliyyatların dayandırılması barədə razılığa gələcək və 30 günlük dərin danışıqlara sadiq qalacaqlar.