Tehran ciddi su qıtlığı ilə üzləşir, Təbrizdə 75 günlük su ehtiyatı qalıb
25 İyul 2025
"Asriran" xəbər agentliyi iyulun 24-də İran prezidenti Məsud Pezeşkianın çıxışına istinadən xəbər verir ki, Tehran o qədər ciddi su çatışmazlığı ilə üzləşib ki, onun 15 milyonluq əhalisi köçmək məcburiyyətində qala bilər.
"Vəziyyət ciddidir və Tehranın artıq suyu qalmayıb", - prezident Pezeşkian bildirib. O, fövqəladə həll yolu kimi paytaxtın köçürülməsi variantının istisna edilə bilməyəcəyini də vurğulayıb.
İranın 31 əyalətindən 20-dən çoxunda su böhranı yaşayır. Dövlət xəbər agentliyi - IRNA ən böyük su anbarlarından birinin növbəti dörd həftə ərzində tamamilə quruyacağını yazıb.
Ölkəboyu yeddi su anbarında suyun səviyyəsi 10 faizdən aşağı düşüb. Cənubdakı Hörmüzqan və Fars vilayətlərində iki bənd tamamilə quruyub və ölkə daxilində su anbarlarının 80 faizi, demək olar ki, boş qalıb.
İqlim mütəxəssislərinin sözlərinə görə, qarşıdakı iki ay ərzində normal su təchizatı mümkün olmayacaq və vəziyyət ilin sonuna doğru yağıntılarla yüngülləşə bilər.
Prezident M.Pezeşkian cari böhranın səbəblərindən biri kimi illərlə davam edən quraqlığı vurğulayıb. O, eyni zamanda əvvəlki hökumətin bu problemə məhəl qoymadığını deyərək tənqid edib.
Böhran səbəbindən hökumət idarələri və məktəblər azı şənbə gününə qədər bağlı qalacaq. Su qıtlığı və enerji təchizatı böhranı nəticəsində bir çox fabriklər bağlanıb və kütləvi ixtisarların olacağı gözlənilir.
Tənqidçilər mərkəzi hökuməti və vilayət rəhbərliklərini hava şəraiti ilə bağlı problemləri idarə etməkdə səriştəsizlikdə ittiham edir. Tehranın bir çox sakini artıq paytaxtı tərk edərək su təchizatı problemi yaşanmayan Xəzər dənizi sahilindəki şimal vilayətlərinə köçüb.
Təbrizdə isə su istehlakı qırmızı həddə çatıb, şəhərdə 75 günlük su ehtiyatı qalıb.
"Mehr" agentliyi xəbər verir ki, bunu Şərqi Azərbaycan əyalətinin Regional Su şirkətinin başçısı Yusif Qafarzadə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bölgədə içməli suyun orta istehlakı saniyədə 12 min litrə çatır, pik saatlarda bu göstərici 13 min litri ötür. Başçı bildirib ki, illik içməli su istehlakı artıq 380 milyon kubmetr təşkil edir, bu da ciddi idarəetmə tələb edən böyük bir rəqəmdir: “Kənd ərazilərində də 90 milyon kubmetr su istehlak olunur”.
O, əyalətin beş şəhərinin hazırda qırmızı statusda (böhranlı vəziyyətdə) olduğunu, doqquz şəhərin isə böhran həddinə yaxınlaşığını deyib: “Təbriz də bu böhranlı şəhərlər sırasında yer alır”.