Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Tasnim": ABŞ ilə İran arasında memorandum 14 bənddən ibarət olacaq

İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf və xarici işlər naziri Abbas Əraqçinin Qətər səfərindən sonra İslam Respublikasının 12 milyard dollar məbləğində dondurulmuş aktivlərinin azad edilməsi məsələsində irəliləyişlər əldə edilib, lakin bu məsələnin bəzi təfərrüatları hələ razılaşdırılmayıb.

Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

"Son iki-üç gündə ümumi irəliləyişə baxmayaraq, bəzi məqamlar üzrə fikir ayrılıqları hələ də mövcuddur və mesaj mübadiləsi davam edir", - məlumatda bildirilib.

Qeyd olunub ki, mövcud fikir ayrılıqları həll edildikdən sonra memorandum birgə razılaşdırılmalıdır, çünki ABŞ tərəfindən birtərəfli elan tamamilə qeyri-dəqiq ola bilər:

"Livan da daxil olmaqla, bütün cəbhələrdə müharibənin dayandırılmasının elan edilməsi, İranın dondurulmuş aktivlərindən 12 milyard dolların azad edilməsi (ümumi 24 milyard dollardan), dəniz blokadasının aradan qaldırılmasının başlanması və Hörmüz boğazının açılması mümkün sazişin ilk addımlarının bir hissəsidir".

Bundan sonra nüvə məsələsi üzrə danışıqlar üçün 60 günlük (uzadılma imkanı ilə) atəşkəs müddəti nəzərdə tutulub. Birinci mərhələdə İran zənginləşdirilmiş uranla bağlı fəaliyyətlər, dayandırma və digər nüvə məsələləri üzrə öhdəlik götürməyib. "İranın neft, neft-kimya məhsullarının satışına mane olan sanksiyalar danışıqlar müddəti ərzində ləğv edilməlidir", - məlumatda qabardılıb.

Vurğulanıb ki, Hörmüz boğazının açılması və dəniz blokadasının aradan qaldırılması 30 gün ərzində baş verəcək: "İslamabaddakı danışıqlardan sonra İranla ABŞ arasında birbaşa danışıqlar olmayıb, mesaj mübadiləsi və mümkün memorandumun hazırlanması prosesi vasitəçi vasitəsilə aparılır.

Memorandum 14 bənddən ibarət olacaq".

Qeyd edək ki, daha əvvəl "Euronews" Dohada müzakirə olunan məsələlər barədə mənbəyə istinadən məlumat yayıb və əsas danışıqların Hörmüz boğazı, yüksək səviyyədə zənginləşdirilmiş uranla bağlı aparıldığını açıqlayıb.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.

ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.