Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tarix üçün yaşayanlar və... ölənlər – Anar Natiqoğlu yazır

“Slava Ukraine!”

Artıq 4 ildən çoxdur ki, bu, sıradan bir şüar deyil.

Bütöv bir xalqın, müxtəlif millətlərin nümayəndələrinə qucaq açmış, onların milli, dini inanclarına sayğı göstərən tolerant bir dövlətin mübarizəsini hər hərfində əks etdirən simvolikadır. Dünyanın hər yerində milyonların dilindən işğalçıya qarşı səslənən hayqırtıdır, nidadır!

4 ildən artıqdır ki, Ukrayna çöllərində buğdadan çox qanla suvarılan "azadlıq toxumu" səpilir...

4 ildən artıqdır ki, Ukraynada müxtəlif metallardan çox illərdir bu dövlətin, xalqın boyunduruğa salınması üçün istifadə edilən "imperiya zəncirləri qırılır, əridilir".

"Hələ ölməyib Ukrayna"!

Ukraynanın dövlət himni bu sözlərlə başlayır.

Cəlladlara aşıq olanlar, azadlığı, ləyaqəti "qarın tox olsun, yetər" prinsipi ilə yaltaqlığa, köləliyə dəyişənlər bunu anlaya bilməzlər. Bu kəlmələr onları acıqlandırır. Ona görə belələri nifrət püskürürlər məğrur xalqa, onun liderinə, ordusuna. Minlərlə dinc insanın, uşaqların qatilini hər fürsətdə haqlı çıxarmağa çalışırlar. Ukrayna xalqının öz azadlığı uğrunda mücadiləsinə ağız əyirlər.

Hələ ki dünyamız "güclü hər zaman haqlıdır" modunda, dəyərlərin, insan haqlarının tapdaq altında qaldığı formatdadır. Amma heç kim və heç nə əbədi deyil. Tarix zülmə, haqsızlığa, işğala qarşı mübarizə aparanların da uğur hekayələri ilə doludur.

Bu hekayələr hazırda Ukraynada da yaranır, yazılır. Təəssüf ki, minlərlə azadlıqsevər, suverenlik uğrunda, milli kimlik uğrunda qanını axıdan, canından keçən Ukrayna qəhrəmanının həyatı bahasına... Amma yazılır. Tarix üçün. İbrət üçün. İbrət götürmək istəyənlər üçün. Canın isti, rahat yerdə saxlayıb yalnız bir tikə çörəyini düşünən, canı, qanı hesabına hər gün qəhrəmanlıq hekayəsi yazanları “ağılsız”, “idealist” sayan, o hekayələr uğurla bitəndə isə içindəki qibtəyə təslim olan milyonların rahat yaşaması üçün...

“Qeroyam Slava!!!” 

 

 

 

 

 

Anar Natiqoğlu, 

Odessa