Tanınmış iş adamına qarşı sui-qəsd - Evinin qarşısında partladıldı
30 İyun 2026
İş adamı və ailəsi partlayışda ağır yaralandı
Dünyanın ən təhlükəsiz ölkələrindən sayılan Monako Knyazlığında rezonans doğuran hadisə baş verib. Yaşayış binasının girişində baş verən partlayış nəticəsində əslən ukraynalı olan milyarder Vadim Yermolayev, onun həyat yoldaşı və 13 yaşlı oğlu yaralanıb.
Bu barədə Fransanın nüfuzlu "BFMTV" və "Le Figaro" nəşrləri məlumat yayıb.
Monako hökumətinin rəsmi açıqlamasına görə, hadisə bazar ertəsi axşam saatlarında qeydə alınıb. Partlayışdan dərhal sonra yaralı ər-arvad ağır vəziyyətdə Nitsadakı Paster Universitet Xəstəxanasına, yeniyetmə isə Lenval Uşaq Xəstəxanasına çatdırılıb. İş adamı və xanımının vəziyyətinin ağır olduğu, oğullarının isə yüngül xəsarətlər aldığı bildirilir.
Monako hökumətinin başçısı Kristof Mirman mətbuata verdiyi açıqlamada hadisənin təfərrüatlarını bölüşüb. Məlum olub ki, partlayıcı qurğu naməlum şəxs tərəfindən binanın girişinə yerləşdirilib. Mirmanın sözlərinə görə, partlayıcının təsir gücünü artırmaq üçün içərisinə çoxlu sayda qayka və boltlar doldurulub. O, Monako tarixində ilk dəfədir belə terror xarakterli hadisənin baş verdiyini vurğulayıb.
Hadisəni törədən şəxs qaçmağı bacarıb, lakin onun görüntüləri ərazidəki təhlükəsizlik kameralarına düşüb. Hazırda Monakoda təhlükəsizlik tədbirləri maksimum dərəcədə gücləndirilib, şəhərdən bütün çıxışlarda postlar qurulub. Şübhəlinin axtarışları davam edir.
Sui-qəsdə uğrayan Vadim Yermolayev Ukrayna mənşəli iş adamıdır və Kipr vətəndaşlığı daşıyır. "Forbes Ukrayna"nın 2021-ci il məlumatlarına görə, onun sərvəti 220 milyon dollar dəyərində qiymətləndirilirdi. Milyarder məşhur "Alef" şirkətlər qrupunun rəhbəridir.
Yermolayevin adı bir müddətdir Ukraynada siyasi qalmaqallarda hallanırdı. O, 2019-cu ildə Ukrayna vətəndaşlığından rəsmən imtina edib. 2023-cü ildə Ukrayna Prezidenti Volodimir Zelenski Yermolayevə qarşı fərdi sanksiyalar tətbiq edib.
İş adamı Krımın ilhaqından sonra yarımadada yerləşən alkoqol biznesini saxta şəxslərin adına keçirməkdə və Rusiya qanunvericiliyinə uyğun olaraq fəaliyyətini davam etdirərək Kremlə vergi ödəməkdə ittiham olunurdu. İstintaq orqanları sui-qəsdin arxasında biznes münaqişəsi, yaxud siyasi motivlərin dayandığı variantlarını araşdırır.
Turqut