Süni intellekt müharibəsi: İran amerikalılarla 'onların dilində' danışır
15 May 2026
İrandakı müharibə Süni İntellektin (Sİ) müasir döyüşlərdə və dövlət siyasətində necə silaha çevrildiyini növbəti dəfə nümayiş etdirir. Hazırda sosial şəbəkələri "Lego" üslubunda hazırlanmış təbliğat videoları və saxta döyüş görüntüləri bürüyüb.
AzadlıqRadiosu bu mövzunu Demokratiyaların Müdafiəsi Fondunun (FDD) Kibertəhlükəsizlik və Texnologiya İnnovasiyaları Mərkəzinin yeni yaranan təhdidlər üzrə baş analitiki Maks Lesser ilə təhlil edib.
Lesserin sözlərinə görə, Tehran internetdə təsir əməliyyatları sahəsində xeyli peşəkarlaşıb. O xatırladır ki, ötənilki 12-günlük müharibə zamanı İran daxili auditoriyanı hərbi uğurlara inandırmaq üçün "deepfake" videolar hazırlayır və onları dövlət mediasında yayırdı: "İran Sİ-dən xarici auditoriyaya yönəlmiş təsir kampaniyalarında uzun müddətdir istifadə edir. Lakin bu metod heç vaxt indiki qədər uğurlu olmamışdı. İndi onlar amerikalılarla öz dillərində müraciət etməyi öyrəniblər – hip-hop musiqisi, "Lego" animasiyaları və digər populyar trendlərə əl atırlar. Hətta onlara rəğbət bəsləyən amerikalı istifadəçilərə növbəti addımda nə etməli olduqlarını diqqətə çatdırırlar. Yəni, bu, İranın Sİ təbliğatından ilk istifadəsi deyil. Amma ilk dəfədir ki, onların hazırladığı kontent Qərbdə bu qədər böyük rezonans doğurur".
İnternetdəki görüntülərin nə qədəri saxtadır?
AzadlıqRadiosunun Vaşinqtondakı baş müxbiri Aleks Raufoğlunun bu sualına cavabında analitik konkret faiz göstərməkdə çətinlik çəkir. Onun sözlərinə görə, istifadəçilər döyüş səhnələrini əks etdirən videolara inanmazdan əvvəl onları mütləq yoxlamalıdırlar: "Bəzən real görüntülər də paylanır, lakin eyni zamanda manipulyasiya üçün çoxlu sayda rəqəmsal texnikalardan istifadə edilir. Bunu təkcə İran etmir. İllər öncə Tehranın proksi qüvvəsi olan husilərin Qırmızı dənizdəki hücumları zamanı alovlanan gəmi kadrlarının da Sİ vasitəsilə saxtalaşdırıldığını görmüşdük. Bu cür kadrlarla qarşılaşan istifadəçilər sayıqlığı itirməməli və sosial mediadan kənarda da faktların təsdiqini axtarmalıdırlar".
Tehranın əsas hədəfi: Öz narrativini qəbul etdirmək
Təhlilçinin fikrincə, kampaniyanın əsas məqsədi ABŞ-ni "imperialist", İranı isə bu təzyiqə müqavimət göstərən tərəf kimi təqdim etməkdir.
"Tehran ABŞ-dəki spesifik qrupları – müharibə və Tramp əleyhdarlarını hədəf alır. Hətta təəccüblüdür ki, göyqurşağı simvollarından da yararlanıblar – halbuki hamıya məlum olduğu kimi, İran son dərəcə anti-LGBTQ bir ölkədir. Onlar sadəcə olaraq Qərb auditoriyasına təsir edəcək vizual elementləri və mesajları strateji şəkildə seçirlər", - o əlavə edir
Vaşinqton rəqəmsal psixoloji müharibəyə hazırdırmı?
M.Lesser vurğulayır ki, ABŞ bu tip psixoloji manipulyasiyalara qarşı hələ də effektiv reaksiya mexanizmi qurmayıb: “Biz bu videoları sadəcə silib ata bilmərik. Azad və açıq internetimiz, ifadə azadlığını təmin edən qanunlarımız var. İran öz hekayəsini danışır. ABŞ-nin buna verə biləcəyi ən yaxşı cavab isə qarşı tərəfə daha güclü, arqumentli və doğru hekayəni təqdim etməkdir”.