Rusiyanın ilhaq etdiyi Krımda 9 may paradı ləğv edilib
06 May 2026
Rusiya ilhaq etdiyi Krıma “rəhbər” təyin etdiyi Sergey Aksyonov bildirib ki, bu il yarımadada 9 may paradı və “Ölməz alay” aksiyası keçirilməyəcək. O, qərarı təhlükəsizlik səbəbləri ilə izah edib.
Rusiyanın bir sıra regionlarında da oxşar addım atılıb. Böyük Novqorod, Voronej, Çuvaşıya, Saratov vilayəti və Nijni Tagildə (Sverdlovsk vilayəti) 9 may hərbi paradları ləğv olunub.
Moskvada isə Qələbə Günü paradı 2007-ci ildən bəri ilk dəfə hərbi texnikasız keçiriləcək. Yetkinlik yaşına çatmayanlar – kadetlər və suvorovçular iştirak etməyəcək. Rabitə operatorları mayın 4-dən Moskva və Sankt-Peterburqdakı abonentlərə mayın 5-9-da mobil rabitənin məhdudlaşdırıla biləcəyi barədə xəbərdarlıq göndərib.
Moskva aeroportları uçuşları dayandırıb
Mayın 5-də günorta saatlarında Moskvanın bütün aeroportlarında uçuşlar dayandırılıb. RBK-nın xəbərinə görə, "Şeremetyevo" aeroportunda müvəqqəti məhdudiyyətlər tətbiq olunub.
Bundan əvvəl "Vnukovo", "Domodedovo" və "Jukovski" aeroportlarında da məhdudiyyətlər barədə məlumat verilmişdi. "Kovyor" planı elan olunub –aeroportlar nə reys qəbul edir, nə də yola salır.
Adətən belə tədbirlər dron hücumu təhlükəsi ilə bağlı tətbiq olunur. Mayın 5-nə keçən gecə Ukrayna hərbçiləri Rusiyanın bir sıra regionlarına, o cümlədən Çuvaşiya və Leninqrad vilayətinə hücumlar həyata keçirib. Moskva meri Sergey Sobyanin Moskvaya doğru uçan 10-a qədər dronun vurulduğunu bildirib.
Qələbə Günü ərəfəsində Moskvada və ümumilikdə Rusiyada əlavə təhlükəsizlik tədbirləri görülür. Region sakinlərinə mayın 5-dən 9-dək mobil internetin kəsilə biləcəyi barədə xəbərdarlıq edilib. Moskvada istifadəçilər dünən və bu gün (4-5 may) mobil internetdə fasilələrdən şikayət ediblər. Mayın 5-də günorta saatlarında Rəqəmsal İnkişaf Nazirliyi bildirib ki, "Moskvada təhlükəsizlik səbəbi ilə mobil internetin müvəqqəti bloklanması başa çatıb".
Rusiya Müdafiə Nazirliyi mayın 8-dən 9-dək atəşkəs elan edildiyini bildirib. Ukrayna prezidenti Volodimir Zelenski buna cavab olaraq deyib ki, Ukrayna mayın 6-sı gecəyarıdan atəşkəs rejiminə əməl etməyə hazırdır. O vurğulayıb ki, təkcə Rusiyanın parad keçirməsi üçün atəşkəs Ukrayna üçün qəbuledilməzdir.