Rusiya Ukrayna şəhərlərinə 450 dron və 30 raket zərbəsi endirib
13 Dekabr 2025
Rusiya ordusunun ümumilikdə 450-dən çox zərbə dronu və müxtəlif tipli 30 raketdən istifadə etməklə Ukrayna ərazisinə endirdiyi zərbə nəticəsində 2 nəfər yaralanıb, iri şəhərlər işıqsız və susuz qalıb.
Bu haqda Ukrayna Prezidenti Volodimir Zelenski öz “Telegram” kanalında etdiyi paylaşımda bildirib.
“Odesa vilayətində iki nəfər yaralanıb. Ölkə üzrə ondan çox mülki obyektə ziyan dəyib. Bu gecə Kirovoqrad, Nikolayev, Odesa, Sumı, Xarkov, Xerson və Çerniqov vilayətlərinə endirilən zərbələr nəticəsində minlərlə ailə hazırda işıqsız qalıb. Dnepropetrovsk və Çerkası vilayətləri də atəşə tutulub. Düşmən ümumilikdə 450-dən çox zərbə dronu və müxtəlif tipli 30 raketdən istifadə edib. Vəziyyəti bərpa etmək və yaxşılaşdırmaq üçün əlimizdən gələni edirik. Bərpa işlərinə cəlb olunan bütün insanlara təşəkkür edirəm”, - Zelenski qeyd edib.