Rusiya ordusuna qoşulan orta asiyalıların sayı 13 minə yaxınlaşıb
28 May 2026
Orta Asiya ölkələrinin 12 min 919 vətəndaşı Rusiya Müdafiə Nazirliyi ilə hərbi müqavilə imzalayıb. Bu barədə "Ukrayna – Orta Asiya" Telegram-kanalı Ukraynanın "Xoçu jit" (Yaşamaq istəyirəm) dövlət layihəsinə istinadən məlumat yayıb. Xəbəri AzadlıqRadiosunun Orta Asiya üzrə rusdilli bölməsi — "Azattyq Asia" yayımlayıb.
Ukraynalı jurnalist Qriqori Pırlikə məxsus kanal qeyd edir ki, hərbi müqavilə bağlayanların əksəriyyəti Özbəkistan vətəndaşlarıdır (4 min 955 nəfər). İkinci yerdə isə 3 min 489 müqavilə ilə Tacikistan gəlir.
"Xoçu jit" layihəsinin məlumatına görə, siyahıda üçüncü yeri 2 min 420 müqavilə ilə Qazaxıstan vətəndaşları tutur.
Həmçinin Qırğızıstan vətəndaşlarının 1 min 474, Türkmənistan vətəndaşlarının isə 581 hərbi müqavilə imzaladığı bildirilir.
Bu məlumatlar 2026-cı ilin may ayına aiddir. Bu ilin aprelində "Xoçu jit" layihəsi region ölkələrindən 12 min 666 nəfərin Rusiya qoşunlarına qoşulduğunu bəyan etmişdi.
Ukrayna tərəfi daha əvvəl bildirib ki, Orta Asiya ölkələrinin vətəndaşlarından Rusiya ordusunda, demək olar ki, həmişə piyada kimi istifadə olunur və onlar "ət hücumları" adlandırılan əməliyyatlara göndərilir. Buna görə də Moskva insan toplamaqda seçici davranmır, öz silahlı qüvvələrinə əmək miqrantlarını, məhkumları və əvvəllər heç vaxt ordu sıralarında xidmət etməyənləri cəlb edir.
Orta Asiya hökumətləri Rusiyanın Ukraynaya müdaxiləsi məsələsində neytral mövqe tutmağa çalışır və müttəfiqləri olan Moskvanı açıq tənqid etməkdən yayınırlar.
Qazaxıstan, Qırğızıstan və Özbəkistan Ukraynadakı müharibədə Rusiya tərəfində döyüşmüş vətəndaşlarını cinayət məsuliyyətinə cəlb edir. Onlara adətən 4-5 il civarında qısamüddətli həbs cəzaları kəsilir, bəzi hallarda isə hətta şərti cəza təyin olunur.
İqtisadiyyatı əsasən Rusiyada çalışan əmək miqrantlarının pul köçürmələrindən asılı olan Tacikistan isə muzdluluq faktları ilə bağlı indiyədək bir dənə də olsun cinayət işi açmayıb.