Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya MN "Putinin iqamətgahına dron hücumu" barədə mətbuat konfransı keçirib

Rusiyanın Müdafiə Nazirliyi "Putinin iqamətgahına hücum" barədə mətbuat konfransı keçirib. İki gün öncə baş verdiyi deyilən hücumu Ukrayna dronlarının gerçəkləşdirildiyi iddia olunur. Xəbəri Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələrinin başçısı, general-mayor Aleksandr Romanenkov açıqlayıb.

Moskva bu hücum barədə daha öncə bəyanatlar səsləndirib. Putin ABŞ prezidenti Donald Tramp ilə telefon söhbətində bu haqda danışıb. Bəzi ölkə prezidentləri “hücumu” qınayıb.

Romanenkov hücumun dekabrın 28-də axşam 8-ə 20 dəqiqə işləmiş uzaq məsafəli təyyarə tipli dronlarla gerçəkləşdirildiyini bildirib. Hədəfin Putinin Novqorod vilayətindəki iqamətgahı olduğunu deyib. Romanenkov dəqiqləşdirməsə də, bu iqamətgah Valday şəhəri yaxınlığındadır. 91 dronun hamısının vurulduğu açıqlanıb.

MN “vurulan dronlardan” birinin görüntülərini də yayıb. Onun “Çaklun-B” dronu olduğu bildirilir.

Heç bir itki, yaxud ziyan olmadığı qeyd olunur.

“Mojem obyasnit” layihəsi Novqorod vilayətinin 14 sakini ilə danışıb. Onlar “hücum” günlərində dron təhlükəsinə dair SMS almadıqlarını deyiblər. Valday sakinləri dron, partlayış səsi eşitmədiklərini söyləyiblər.

MN isə bu məlumatları təkzib etmək üçün İqor Bolşakov kimi təqdim etdiyi sakinin dediklərini yayımlayıb. O, dekabrın 29-da Putinin iqamətgahına yönələn dronların səsini eşitdiyini deyib.

Tramp Putinlə söhbətindən sonra “hücum”un “həssas vaxtda” baş verdiyini, “bunun onun xoşuna gəlmədiyini” vurğulayıb.

Bir sıra qərb liderləri isə Rusiyanın “hücum”la bağlı bəyanatlarına skeptik yanaşıblar. Ukrayna prezidenti Volodimir Zelenski isə bu iddianı "yalan" adlandırıb.