Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Reuters": SEPAH İraqda Körfəz ölkələrinə hücum üçün gizli qruplar yaradıb

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ hərbi qüvvələrinin yerləşdiyi Körfəz ölkələrinə hücumlar təşkil etmək məqsədilə İraqda yeni gizli qruplar yaradıb. Bu haqda "Reuters" İraqdakı səkkiz etibarlı mənbəyə istinadən xəbər yayıb.

Hər biri təxminən 10 nəfərdən ibarət olan üç və ya dörd qrup aprelin 20-dən mayın 17-dək Bəsrə və əs-Səmavə yaxınlığındakı səhra ərazilərindən Küveyt, Səudiyyə Ərəbistanı və BƏƏ-dəki hədəflərə dronlarla azı yeddi hücum təşkil edib. Mənbələr bu faktı təsdiqləyir.

Qrupların bəzi üzvləri minlərlə döyüşçüsü olan sərt xətt tərəfdarı şiə fraksiyalarının çətir qurumu — "İraqda İslam Müqaviməti" hərəkatından seçilib. "Reuters"in həmsöhbətlərinə görə, yeni qruplar bu strukturun komandanlığına tabe deyil və birbaşa SEPAH-a hesabat verirlər.

Agentliyin mənbələri arasında iki iraqlı hərbi rəsmi, bir təhlükəsizlik rəsmisi və beş yerli silahlı qrup komandiri olub.

Taktika dəyişikliyi

"Reuters" yazır ki, bu qrupların yaradılması barədə məlumat indiyədək ictimaiyyətə açıqlanmamışdı.

Beş silahlı qrup komandirinin sözlərinə görə, bu addım İranın regional təsir imkanlarını qorumaq məqsədilə SEPAH-ın taktikasında dəyişiklik etdiyini göstərir. Belə ki, İranın regiondakı silahlı müttəfiqləri xeyli zəifləyib, ölkənin öz hərbi və iqtisadi resursları da tükənməkdədir.

Şiələrin çoxluq təşkil etdiyi İraqda çoxsaylı silahlı qrupların Tehranla sıx əlaqələri var. Bu qruplar İranın Qəzzadan və Livandan, Yəmən və İraqa qədər uzanan "Müqavimət oxu"nun əsas dayaqlarından hesab olunur.

Sözügedən qruplar "İraqda İslam Müqaviməti" adı altında fəaliyyət göstərir. Fevralın 28-də ABŞ və İsrail İrana zərbələrə başlayandan bəri onlar İraqdakı Amerika hədəflərinə qarşı onlarla dron və raket hücumuna görə məsuliyyəti üzərinə götürüb. ABŞ isə onlara cavab zərbələri endirib. Amma İranın İraqdakı əsas müttəfiq qrupları hələ də genişmiqyaslı səfərbərlik elan etməyib.

SEPAH bu qrupları niyə yaradıb

Bir sıra nüfuzlu şiə qurumları ötən ildən silahları təhvil verməyə hazır olduqlarını bildirirlər. Mənbələrə görə, məhz bu proses SEPAH-ı birbaşa öz nəzarəti altında yeni strukturlar yaratmağa sövq edib.

İraq ordusunun ehtiyatda olan generalı Casim əl-Bəhədli və hakim şiə koalisiyasından olan iki deputat da bu fikri bölüşür.

General Bəhədlinin sözlərinə görə, yeni yaradılan qruplar daha kiçik, daha radikal və daha sərt nəzarət altındadır: "Bu durum İranın iqtisadi çətinliklər şəraitində öz resurslarını qorumağa çalışdığını göstərir".

ABŞ və İran prezidentləri artıq müharibəyə son qoymaq üçün anlaşma memorandumunu imzalasalar da, Cenevrədə planlaşdırılan bugünkü danışıqlar təxirə salınıb. İran rəsmiləri "müqavimət oxu" qruplarına dəstəyin danışıqlar mövzusu olmadığını bildiriblər. Razılaşma mətnində də bu məsələyə toxunulmur.

"Reuters" bu mövzu ilə bağlı İranın Xarici İşlər Nazirliyindən, həmçinin Tehranın Nyu-York və Cenevrədəki missiyalarından cavab ala bilmədiyini yazır.