Qrossi: İran nüvə proqramının bir hissəsini gizlədib
19 Fevral 2026
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) hesab edir ki, İran ərazisində təxminən 440 kq 60 %-dək zənginləşdirilmiş uran ola bilər.
Bu barədə AEBA-nın baş direktoru Rafael Qrossi "Foreign Policy" jurnalına müsahibəsində bildirib.
"Son məlumatlara görə, təxminən 440 kq 60 %-dək zənginləşdirilmiş uran mövcud ola bilər. Bu da o deməkdir ki, orada böyük nüvə materialları ehtiyatı var", - o deyib.
Qrossi qeyd edib ki, İran hakimiyyəti nüvə proqramının və ya onun məqsədlərinin bir hissəsini Beynəlxalq Atom Enerjisi Agentliyindən (BAEA) gizlədib. Agentliyin direktoru bildirib ki, hazırda İranın nüvə silahı istehsal etdiyinə dair birbaşa dəlil yoxdur. Lakin, İranda aparılan yoxlama zamanı mütəxəssislər nüvə proqramı ilə əlaqəsi olmayan yerlərdə zənginləşdirilmiş uran izləri aşkar ediblər.
Hazırda AEBA müfəttişlərinin İranın nüvə obyektlərinə girişi yoxdur.
"Məhz buna görə də, digər məsələlərlə yanaşı, bu girişin bərpası çox vacibdir. Başqa bir məqam da var: nüvə materialları hələ də oradadır", - agentliyin direktoru bildirib.
"Onların başqa yerə yönləndirilmədiyini və ya haradasa gizlədilmədiyini yoxlamaq üçün ora geri qayıtmalıyıq", - Qrossi əlavə edib.
AEBA-nin məlumatına görə, nüvə silahı istehsal etmək üçün uran 90 %-ə qədər zənginləşdirilməlidir, bir nüvə başlığının yaradılması üçün isə nəzəri cəhətdən təxminən 42 kq 60 %-ə qədər zənginləşdirilmiş uran kifayətdir.