Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qazaxıstan yeni Konstitusiya ilə bağlı səs verdi

Qazaxıstanda yeni Konstitusiya layihəsi üzrə keçirilən ümumxalq referendumunda seçici fəallığı 73,24 faiz təşkil edib.

Bu barədə Qazaxıstanın Mərkəzi Referendum Komissiyası məlumat yayıb.

Bildirilib ki, saat 20:00-a olan vəziyyətə əsasən, ölkə üzrə seçici siyahılarına daxil edilmiş vətəndaşlardan 9 milyon 126 min 850 nəfər bülleten alaraq referendumda iştirak edib. Bu göstərici ümumi seçici sayının 73,24 faizinə bərabərdir.

Artıq ilkin "exit-poll" nəticələri açıqlanıb. Avrasiya İnteqrasiya İnstitutu tərəfindən keçirilən sorğu ölkənin əsas qanununun yeni redaksiyasını vətəndaşların 86,7 %-nin dəstəklədiyini göstərib.

Seçicilərin fəallığı (iştirak faizi) 75,3 % təşkil edib. Ölkə üzrə 200 seçki məntəqəsində aparılan araşdırmada 30 min nəfər iştirak edib.

Astana Kompleks Sosial Araşdırmalar İnstitutunun ("Sotsis-A") "Kazinform" tərəfindən təqdim olunan "exit-poll" nəticələrinə görə, sorğuda iştirak edən vətəndaşların 87,4 %-i yeni konstitusiyanın lehinə səs verib. Məlumata görə, seçki məntəqələrində aktivlik 73,8% təşkil edib.

Qanunvericiliyə əsasən, səslərin hesablanması prosesi onun başlanmasından etibarən 12 saatdan artıq davam etməməlidir.

Bildirilib ki, ərazi komissiyaları səsvermə və səslərin hesablanmasının ilkin nəticələri barədə Mərkəzi Referendum Komissiyasını elektron rabitə kanalları vasitəsilə məlumatlandıracaqlar.

Referendumun ilkin nəticələrinin Mərkəzi Referendum Komissiyası tərəfindən açıqlanacağı, bunun vaxtı ilə bağlı isə əlavə məlumat veriləcəyi qeyd olunub.