Razılaşma yoxdur - Putinlə Tramp arasında görüş başa çatıb - VİDEO
16 Avqust 2025
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş başa çatıb.
Görüş Elmendorf-Riçardson hərbi bazasındakı otaqlardan birində keçirilib. Danışıqlar 2 saat 45 dəqiqə davam edib.
Görüşdə ABŞ tərəfindən dövlət katibi Marko Rubio və prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff, Rusiya tərəfindən isə prezidentin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov iştirak edib.
Dar çərçivəli görüş başa çatdıqdan sonra liderlər mətbuat konfransında çıxış ediblər.
Rusiya-Amerika sammitinin yekunları üzrə ABŞ-li həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında çıxış edən Rusiya Prezidenti Vladimir Putin deyib ki, Donald Tramp ABŞ prezidenti olsaydı, müharibədən yayınmaq olardı.
V.Putin Amerika nümayəndə heyəti ilə danışıqları "faydalı və dolğun" adlandırıb.
Putin Ukraynanın təhlükəsizliyi üzərində işləməyə hazır olduğunu bəyan edib: "Ukrayna nizamlanmasının davamlı olması üçün münaqişənin köklü səbəbləri aradan qaldırılmalıdır".
Putin ümidvar olduğunu bildirib ki, Ukrayna və Avropa danışıqlara maneə yaratmayacaq: "Təxribatlar və ya pərdəarxası intriqalar vasitəsilə irəliləyişi pozmağa cəhd göstərməyəcəklər".
Putin ABŞ ilə əməkdaşlığa qayıtmağa çağırıb və vurğulayıb ki, "birgə iş üçün çoxlu maraqlı istiqamətlər" var: "Ölkələrimizin səhifəni çevirib əməkdaşlığa qayıtması vacib və zəruridir. Ümid edirəm ki, bunu bacaracağıq".
D.Tramp sammitdə razılaşma əldə olunmadığını bildirib. "Tam qarşılıqlı anlaşma tapa bilmədik", - o əlavə edib.
"Biz bir çox bəndlər, mən deyərdim, çoxu üzrə razılığa gəldik. Bir-iki vacib məqam var ki, hələ tam çözməmişik, lakin biz artıq müəyyən bir yol açmışıq. Hələlik razılaşma yoxdur", - Tramp bildirib.
Eyni zamanda, Tramp söhbətin məhsuldar keçdiyini deyib: "Biz bu gün böyük irəliləyiş əldə etdik".
Mətbuat konfransının sonunda Tramp tezliklə yeni görüşə ümid etdiyini bildirib və bundan sonra Putinlə əl sıxışıb.
Liderlərin mətbuat konfransı 8 dəqiqə yarımdan sonra başa çatıb. Onlar jurnalistlərin suallarını cavablandırmayıblar.
Mətbuat konfransı zamanı Putin Donald Trampı Moskvaya səfərə dəvət etdiyini də açıqlayıb.
***
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş keçirilir.
Qeyd edək ki, bundan əvvəl Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp danışıqlara başlamazdan əvvəl Ankoricdə, demək olar ki, eyni vaxtda təyyarələrindən eniblər.
Liderlər əl sıxışaraq bir-birlərini salamlayıblar.
Qısa söhbət etdikdən və şəkil çəkdirdikdən sonra onlar eyni avtomobildə görüşün keçiriləcəyi məkana yollanıblar.