Putinin dondurulmuş aktivlərlə bağlı təhdidinin Avropada yaratdığı təlaş
19 Dekabr 2025
Avropa İttifaqının (Aİ) Rusiyanın aktivlərini dondurmasının ardından Moskvanın Qərb şirkətlərini qarşılıqlı addımlarla təhdid etməsi Avropanın bəzi paytaxtlarında təlaş yaradıb.
Blok ötən həftə Moskvanın 210 milyard dollarlıq aktivini qeyri-müəyyən müddətə dondurub və onu növbəti iki ildə Kiyevə 90 milyard dollarlıq kreditə yönəltməyi planlaşdırır. Məqsəd Rusiyanın təcavüzünü dayandırmaq, Avropanın ABŞ-nin rəhbərlik etdiyi sülh danışıqlarındakı rolunu gücləndirməkdir.
"The Financial Times" yazır ki, Rusiyanın ən sərt reaksiya verəcəyi ilə bağlı vədi Belçika, İtaliya və Avstriya daxil bir sıra ölkələri əndişələndirib.
Brüssel aktivlər əsasında 90 milyard dollar kredit verilməsinə qarşı çıxır. Rusiya Mərkəzi Bankı isə Moskva məhkəməsində Brüsseldə yerləşən "Euroclear" depozitarisinə qarşı 229 milyard dollarlıq iddia qaldırıb.
Rusiyadakı 127 milyard dollarlıq aktiv
Moskva hələlik atacağı addımları açıqlamayıb. Amma planlardan agah bir nəfərin dediyinə görə, rəsmilər Rusiyada olan-qalan Qərb aktivlərinin müsadirəsini nəzərdən keçirirlər.
Kiyev İqtisadiyyat Məktəbinin (KSE) araşdırmasına görə, 2024-cü ildə Qərb şirkətlərinin Rusiyada azı 127 milyard dollarlıq aktivləri olub.
Daha öncəki mübahisələr nəticəsində Kreml azı 32 Qərb şirkətinin aktivlərini dondurub ki, bu da azı 57 milyard dollar deməkdir.
Putinin sentyabrda imzaladığı sərəncamla Rusiya Qərb şirkətlərinin yerli filiallarını müsadirə edə bilər, bunu "milliləşdirmə" proseduru kimi təqdim edirlər.
KSE bildirir ki, Rusiya Ukraynaya qarşı genişmiqyaslı işğala başlayandan 1 min 903 xarici şirkət Rusiyadan gedib, yaxud əməliyyatlarını azaldıb. Amma hələ də 2 min 315 şirkət qalır. Buraya Avstriyanın "Raiffeisen" və İtaliyanın "UniCredit" banklarının Rusiya filialları da daxildir. Ötən il xarici şirkətlər Rusiyada 19.5 milyard dollarlıq mənfəət götürüblər.
QRU-nun qorxutma taktikası
"The Guardian" isə Rusiya kəşfiyyatının Belçika rəsmilərini, maliyyə boslarını hədəf aldığını yazır. Qəzetin Avropa kəşfiyyat qurumlarına istinadla yazdığına görə, Rusiya aktivlərinin dondurulduğu depozitari rəsmiləri də qorxutma kampaniyasının hədəfindədir.
Rəsmilər bu kampaniyanın arxasında Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) durmasına inanırlar.
"Yəqin ki, onlar qorxutma taktikasına əl atıblar", – Avropadan bir rəsmi deyib.
"Euroclear" rəhbəri Valeri Urben, maliyyə qrupunun digər yüksəkvəzifəli rəsmiləri hədələniblər. Qurum şərh verməkdən imtina edib, istənilən potensial təhdidin dərindən araşdırıldığını bildirib.
Bu ayın əvvəlində "EUobserver" Urbenə istinadla 2024 və 2025-ci ildə təhdidlərin olmasından, onun qoruma üçün Belçika polisinə müraciət etməsindən yazmışdı.
Sonradan o və digər şirkət rəhbərləri Belçika, daha sonra Fransa təhlükəsizlik şirkətindən mühafizəçi istəyiblər, - məlumatda deyilirdi.
Belçikanın baş naziri Bart De Vever dekabrın əvvəlində "La Libre" qəzetinə müsahibəsində deyib: "Rusiya aktivlərinin müsadirəsini Putinin sakit qarşılayacağına kim inanır? Moskva bizə bildirib ki, müsadirə baş verərsə, Belçika və şəxsən mən bunun nəticəsini daim hiss edəcəyik".
Ukrayna rəsmiləri, ekspertlərin fikrincə, Aİ-nin krediti növbəti iki ildə müharibəyə duruş gətirmək üçün vacibdir. KSE İnstitutunun başçısı Natalya Şapovalın dediyinə görə, 2026-cı ildə Ukraynanın 50 milyard dollarlıq xarici maliyyəyə ehtiyacı var, amma onun hələlik yarısı vəd edilib.