Logo
news content
User
Kateqoriyalar

Xəbər

“O layihələri mən icra etməmişəm...”
Hüquqşünas məhkəmədə sərbəst ifadəsinin detallarını açıqladı

Fevralın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə “LD Konsaltinq” MMC-nin rəhbəri, hüquqşünas Hafiz Həsənovun Cinayət Məcəlləsinin 193-1.2.2, 193-1.2.3, 193-1.3.2, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair növbəti məhkəmə prosesi keçirilib. Prosesdə Hafiz Həsənov məhkəmənin əvvəlki iki iclasında verdiyi sərbəst ifadəsini davam etdirib. 
Hafiz Həsənov bu cinayət işi üzrə özünü təqsirli hesab etməyərək, bildirib ki, onun direktoru olduğu “LD Konsaltinq” MMC adından və öz adından bağladığı müqavilələr üzrə pul vəsaitləri cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri olmayıb. Həmin vəsaitlər ABŞ-nin dövlət büdcəsindən və Avropa İtttifaqının büdcəsindən ayrılan pul vəsaitləridir. Bu vəsaitlər isə cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri hesab edilə bilməz. Bu, ümumi məlum olan faktlardır və Cinayət Prosessual Məcəlləsinin 141.1.1.-ci maddəsinə əsasən bu faktlar işin sübutsuz müəyyən edilən hallardır.
Hüquqşünas qeyd etdi ki,  cinayət işində göstərilən layihələrin icrası üzrə təşkilati-texniki dəstək verilməsi üçün hər layhənin icrasından əvvəl Prezident Admnistrasiyasına və yerli icra hakimiyyətlərinə yazılı qaydada müraciətlər edib və bundan sonra layihələrin icrası həyata keçirlib.   Layihələrin icrası üzrə tədbirlərdə mərkəzi və yerli icra hakimiyyəti orqanları və bələdiyyələrlə əməkdaşlıq edilib və onların nümayəndələri keçirilən tədbirlərdə iştirak edib.
H.Həsənov eyni zamanda bildirib ki, onun fərdi sahibkar kimi öz adından və direktoru olduğu “LD Konsaltinq” MMC adından həyata keçirdiyi layihələri donor təşkilatlar qrant vəsaitləri kimi deyil, xidmətlərin göstərilməsi və işlərin görülməsi müsabiqələri kimi elan edib. Yəni o, qrant vəsaitlərini xidmət müqavilələri kimi rəsmiləşdirməyib. Bu vəsaitlər donor təşkilatlar tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsi vəsaitləri kimi nəzərdə tutrulub. Hafiz Həsənov donor təşkilatın bunu təsdiq edən məlumat bildirişini istintaqa təqdim etdiyini bildirib və bu sənədi məhkəməyə də təqdim edib. Digər tərəfdən, qanunvericilik də, kommersiya hüquqi və fiziki şəxslərinə xarci donorla layihələrin icrası üzrə xidmət müqavilələri bağlamağa icazə verir və həmin müqavilələrin qeyri-kommersiya təşkilatlarından fərqli olaraq hər hansı dövlət orqanında qeydiyyatını nəzərdə tutmur. 
Hafiz Həsənovun sözlərinə görə ittiham aktında göstərilir ki, guya o,  ABŞ Alman Marşal Fondu Qara Dəniz üçün Regional Əməkdaşlıq təşkilatının Azərbaycan üzrə qeyri rəsmi nümayəndəsi ilə cinayət əlaqəsinə girərək  qeyd edilən cinayətləri törədib: “İttiham aktında adı hallanan şəxs, ABŞ Alman Marşal Fondu Qara Dəniz üçün Regional Əməkdaşlıq təşkilatının Azərbaycan üzrə qeyri rəsmi nümayəndəsi deyil. O, xidmət müqaviləsi əsasında bu təşkilata sadəcə məsləhətçi xidmətləri göstərir. Onun məsləhətçi kimi ABŞ Alman Marşal Fondunun Qara Dəniz üçün Regional Əməkdaşlıq Təşkilatı adından çıxış etmək, müsabiqələr elan etmək və müsabiqələrin nəticələrini müəyyən etmək və təsdiqləmək, müqavilələr bağlamaq səlahiyyətləri yoxdur və bu proseslərdə iştirak etmir. Belə olan halda, həmin şəxslə cinayət əlaqəsinə girmək ittihamının hüquqi və məntiqi əsasları yoxdur”. 
Həsənov ifadəsində onu da bildirib ki, ittiham aktında göstərilən iki layihəni - “Regionlarda qadın sahibkarlığa dəstək” layihəsini və “Vətəndaş cəmiyyətinə dəstək” layihəsini o, icra etməyib. O, sadəcə bu layihələrdə layihə heyətinin bir üzvü kimi, hüquqşünas kimi iştirak edib və nədənsə, ittiham aktında bu layihələrin də onun tərəfindən icra edildiyi göstərilib.
Bununla da H.Həsənov məhkəmədə sərbəst ifadəsini başa çatırıb, növbəti proses ona suallarla davam etdiriləcək. Hakim növbəti məhkəmə iclasını martın 18-ə təyin etdi.
Turqut