Neft bahalaşır. Azərbaycan "qara qızıl"a investisiyanı artırıb
20 Mart 2026
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda əsas kapitala 2 milyard 436.4 milyon manat investisiya qoyulub.
Dövlət Statistika Komitəsinin (DSK) bununla bağlı yaydığı məlumatda vurğulanır ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 19.4 faiz çoxdur: "Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 51.4 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 5.1 faiz artıb".
Bu ay İsrail-ABŞ-İran müharibəsi ilə əlaqədar neft kəskin bahalaşıb. 19 mart tarixinə olan məlumata görə, "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin bir barelinin qiyməti 9.63 ABŞ dolları (8.90 faiz) bahalaşaraq 117.79 dollara çatıb. Azərbaycanın builki dövlət büdcəsində neftinin orta qiyməti 65 dollardan hesablanıb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15.81), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149.66) qeydə alınıb.
Son həftələr təbii qazın da qiymətində kəskin bahalaşma var. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin ilk iki ayında Azərbaycandan 1 milyard 285 milyon dollar dəyərində 4 milyard 381 milyon kubmetr təbii qaz ixrac olunub. Hər 1000 kubmetrinin orta ixrac qiyməti 293.4 dollar təşkil edib. Ümumi ixracın 35 faizi təbii qazın payına düşüb.
Hərçənd, istər ABŞ rəsmiləri, istərsə də bir çox ekspertlər neft və qazın qiymətində bu artımı müvəqqəti sayırlar.
Azərbaycanda müstəqil iqtisadçılar da ölkə iqtisadiyyatının neft və qazdan asılılığını düzgün saymırlar. Onlar deyirlər ki, ötən il ixrac gəlirlərinin 85 faizə yaxını neft və qazın payına düşüb.
İqtisadçılar xatırladırlar ki, hökumət 2014-2015-ci illərdə neftin ucuzlaşdığı vaxt qeyri-neft sektorunun inkişafını prioritet elan edib, bu ilin əvvəlində də belə vədlər eşidilib. Onların sözlərinə görə, neftin müvəqqəti bahalaşması hökumətə həmin vədləri unutdurmamalıdır.