Moskvada 9 May paradı hərbi texnikasız keçiriləcək
30 Aprel 2026
Bu il mayın 9-da Moskvada Qırmızı Meydanda Qələbə Günü paradı uzun illərdən sonra ilk dəfə hərbi texnikasız keçiriləcək. Bunu aprelin 28-də axşam saatlarında Rusiya Müdafiə Nazirliyi bildirib.
"Hazırkı operativ vəziyyətlə əlaqədar olaraq Suvorov və Naximov hərbi məktəblərinin yetirmələri, kadet korpusları, eləcə də hərbi texnika karvanı bu il hərbi paradda iştirak etməyəcək", –məlumatda qeyd olunur. "Operativ vəziyyət" dedikdə nəyin nəzərdə tutulduğu açıqlanmayıb.
Rusiya ərazisi, demək olar ki, hər gün Ukraynanın dron zərbələrinə məruz qalır. Bu zərbələrin sayı və dərinliyi əvvəlki illərlə müqayisədə xeyli artıb.
Bundan əvvəl müşahidəçilər aprelin sonunda Moskvada hərbi texnikanın ənənəvi parad məşqlərinin keçirilməməsinə diqqət çəkmişdilər. Ukraynanın hücumları təhlükəsi fonunda paradın ləğv ediləcəyi və ya məhdudlaşdırılacağı ehtimalları səsləndirilmişdi. Kremlin sözçüsü Dmitri Peskov isə paradın baş tutacağını bildirmişdi.
Bu il İkinci Dünya müharibəsində qələbənin 81-ci ildönümü qeyd olunur.
Postsovet dövründə 9 May paradlarının müntəzəm keçirilməsinə Boris Yeltsinin prezidentliyi illərində başlanılıb. Vladimir Putinin hakimiyyəti illərində parada ağır hərbi texnika daxil edilib və sovet dövrünün 7 Noyabr paradlarını xatırladan bir güc nümayişinə çevrilib. Xarici qonaqların iştirakı xüsusi əhəmiyyət daşıyıb. Builki paradda iştirakını hələlik yalnız Belarus lideri Aleksandr Lukaşenko təsdiqləyib. Slovakiyanın baş naziri Robert Fitso da Moskvaya gəlməyi planlaşdırsa da, onun paradda iştirakı gözlənilmir.
Peskov: Ukraynanın "terror fəaliyyəti" ilə bağlıdır
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov 9 May Qələbə Günü paradının məhdud miqyasda planlaşdırılmasını Ukraynanın "terror fəaliyyəti" ilə əlaqələndirib.
"Bu terror təhlükəsi fonunda, əlbəttə, riski minimuma endirmək üçün bütün tədbirlər görülür", – Peskov jurnalistlərə açıqlamasında bildirib.
"Novaya Gazeta Europe" nəşrinin baş redaktoru Kirill Martınov bildirib ki, Ukraynanın Rusiyanın dərinliklərinə zərbə endirmək imkanları son illərdə əhəmiyyətli dərəcədə artıb. Onun sözlərinə görə, yüksəksəviyyəli qonaqların iştirakı ilə keçirilən 9 May paradı zamanı hava hücumundan müdafiə sistemlərinin yarılması tamamilə real təhlükəyə çevrilib.
Martınov həmçinin qeyd edib ki, Rusiya cəmiyyətində müharibədən, Kremlin iqtisadi siyasətindən və Ukrayna dronlarının hücumlarını cilovlamaq məqsədilə tətbiq edilən sərt internet məhdudiyyətlərindən qaynaqlanan yorğunluq getdikcə artır.
Putinin hakimiyyətinin son 25 ili ərzində Kreml Qırmızı meydandakı paradı xarici dünyaya hərbi güc nümayişi kimi istifadə edib. Həmin illərdə yüzlərlə tank, hərbi texnika, təyyarə və raket sistemləri sərgilənib.
Bununla belə, paradın keçirilmə tərzində fərqli mərhələlər olub. Məsələn, 2007-ci ildə – Dmitri Medvedevin prezidentliyi dövründə – paradda hərbi texnika ümumiyyətlə iştirak etməyib. 2023-cü ildə isə parad daha da məhdud keçirilib: nümayiş etdirilən texnika sırasında bəzi raket buraxılış qurğuları və zirehli piyada maşınları olub, kolonun önündə isə İkinci Dünya müharibəsi dövrünə aid bir tank yer alıb.