Medvedev: NATO sülhməramlılarını Ukraynaya buraxmayacağıq
21 Avqust 2025
Rusiya NATO qoşunlarının Ukraynada olmasına imkan verməyəcək, lakin "beyinsiz Qall xoruzu" inadla bu ideyadan yapışır. Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
"Beyinsiz Qall xoruzu "Ukrayna"ya qoşun yeritmək fikrindən əl çəkə bilmir. Deyilib axı: NATO qoşunları sülhməramlı ola bilməz. Rusiya belə bir "təhlükəsizlik zəmanəti"ni qəbul etməyəcək", - o, "X" hesabında yazıb.
Sülhməramlılar ideyasını Fransa prezidenti Emmanuel Makron milli televiziyadakı çıxışında səsləndirib. O, Rusiyanı "Avropa üçün təhlükə" adlandırıb.
Bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov 2022-ci il "İstanbul formatı"na qayıtmağın mümkün olduğunu bildirib. İstanbul razılaşmalarına görə, təhlükəsizliyin təminatçısı kimi BMT Təhlükəsizlik Şurasının daimi üzvləri - Rusiya, Çin, ABŞ, Böyük Britaniya və Fransa çıxış etməli idi.