Maduronun işi üzrə dinləmələr başa çatıb
27 Mart 2026
Venesuelanın sabiq prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin cinayət işi üzrə Nyu-York məhkəməsindəki ikinci iclas çərçivəsində dinləmələr başa çatıb.
Hakim Elvin Hellerstayn məhkəmə xərcləri ilə bağlı davam edən mübahisəyə baxmayaraq, Maduronun üzərindən ittihamları götürməyəcəyini bildirib.
Maduronun vəkili Barri Pollak bildirib ki, cütlük məhkəmə xərclərini müstəqil şəkildə ödəyə bilməyəcəkləri barədə ifadə verib və bu xərcləri Venesuela hökumətinin öz üzərinə götürməli olduğunu əlavə edib.
Hakim Elvin Hellerstayn yaxın vaxtlarda ABŞ administrasiyasının Cənubi Amerika ölkəsinə məhkəmə xərclərini ödəməyə icazə verməyə borclu olub-olmaması barədə qərar çıxaracağına söz verib.
İclas təxminən saat yarım davam edib.
Xatırladaq ki, Tramp yanvarın 3-də ABŞ-nin Venesuelaya qarşı uğurlu və genişmiqyaslı zərbə endirdiyini bildirib. O qeyd edib ki, Bolivar Respublikasının Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores ələ keçirilərək dövlət ərazisindən çıxarılıblar.
İki gün sonra - yanvarın 5-də Venesuela lideri və həyat yoldaşı ittihamların irəli sürülməsi üçün Nyu-Yorkda hakim qarşısına çıxarılıblar. Məhkəmədə o, günahsız olduğunu bəyan edib və hələ də ölkəsinin prezidenti olduğunu bildirib. ABŞ məhkəməsi Venesuelanın konsulluq əməkdaşlarının onlara baş çəkməsinə razılıq verib.