Logo
news content
User
Kateqoriyalar

Xəbər

Lökbatanda anbardakı yanğının söndürülməsinə 2 helikopter cəlb olunub - YENİLƏNİB

Lökbatanda yanğının söndürülməsi əməliyyatına Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətləri, Aviasiya dəstəsi və Bakı Regional Mərkəzinin ümumilikdə 182 nəfər şəxsi heyəti, 40 xüsusi təyinatlı texnikası və 2 helikopter cəlb edilib.

Bu barədə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Taleh Babayev jurnalistlərə deyib.

Onun sözlərinə görə, Qaradağ rayonu ərazisində anbarda yanğın baş verməsi ilə bağlı məlumat FHN-in "112" qaynar xəttinə məlumat daxil olub:

"FHN-in qüvvələri əraziyə cəlb olunub. Yanğının anbar ərazisində baş verməsi, hava şəraitinin küləkli olması alovun söndürülməsini mürəkəbbləşdirib. Yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir. Yanğına bitişik olan digər anbarlar alovdan mühafizə olunub".

09:58

Lökbatan qəsəbəsindəki anbarda yanğının geniş sahəyə yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

09:35

Lökbatan qəsəbəsində baş verən yanğında mayın 12-si saat 09:30 radələrinədək xəsarət qeydə alınmayıb.

Bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.

09:15

Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilməklə, anbardakı malların çıxarılaraq təhlükəsiz əraziyə daşınması işləri həyata keçirilir.

08:44

Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hazırda hadisə yerindədir.

Əlavə məlumat veriləcək.

07:58

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Yanğınsöndürmə əməliyyatlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) aviasiya dəstəsinin helikopterləri cəlb olunub.

İlkin məlumata əsasən, hadisə zamanı xəsarət alan yoxdur. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

06:37

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, məlumatla əlaqədar əraziyə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.

06:21

Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən böyük anbarların birində güclü yanğın başlayıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşları, yanğınsöndürən texnikalar və canlı qüvvə cəlb olunub.

Hazırda yanğının qarşısının alınması və alovun söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.