Japarov Atambayevi titul və mükafatlarından məhrum edib
31 Dekabr 2025
Almazbek Atambayev və Sadır Japarov
Paylaş
Çap edin
Qırğızıstan prezidenti Sadır Japarov sələfi Almazbek Atambayevi titul və mükafatlarından məhrum edib. Prezident Administrasiyası bu fərmanla məhkəmə qərarının icra olunduğunu bildirir. Atambayevin oğlu Seidbek isə deyib ki, "mükafat atası üçün vacib deyil". Bu haqda AzadlıqRadiosunun qırğız xidməti yazır.
Məhkəmənin qərarına əsasən, Atambayev "Qırğızıstan Respublikasının Qəhrəmanı" fəxri adından, 2-ci dərəcəli "Manas" və "Danaker" ordenlərindən, həmçinin "Dank" (Şöhrət) medalından məhrum edilib.
Məhkəmə keçmiş prezidentin "Koy-Taş işi" üzrə 11 il 6 ay azadlıqdan məhrum edilməsi və əmlakının müsadirəsi barədə qiyabi hökm çıxarmışdı. Qərarda onun dövlət mükafatlarından məhrum edilməsi də göstərilmişdi.
"Atamın mükafata ehtiyacı yoxdur"
İspaniyada yaşadığı bildirilən A.Atambayev məsələ ilə bağlı şərh verməyib. Onun oğlu, Qırğızıstan parlamentinin üzvü Seidbek Atambayev Facebook səhifəsində atasının mükafatlara ehtiyacı olmadığını yazıb: "Atamın mükafata ehtiyacı yoxdur… O, başqaları kimi insanlara atəş açmayıb, qaçmayıb. Lazım gələrsə, insanları vaxtında həbsxanadan çıxara bilib. Ən vacibi isə o, xalqdan üzr istəyib".
Bir ay öncə Atambayev və Japarov sosial mediada mübahisə ediblər. Japarov ölkənin enerji sektorunun vəziyyətinə görə keçmiş rəhbərliyin məsuliyyət daşıdığını yazıb. Atambayev isə ölkədə ilk ciddi enerji böhranının Kurmanbek Bakiyevin hakimiyyəti dövründə (2005-2010) baş verdiyini, enerji sektorunu bu vəziyyətə gətirənlərin indi vəzifədə olduğunu yazıb. Keçmiş prezident Qırğızıstanda qiymətlərin yüksək olduğunu, özəl mülkiyyət hüququnun, söz azadlığının pozulduğunu bildirib.
Bu ilin noyabrında parlament seçkilərindən öncə Atambayevin kiçik oğlu Kadır Atambayev, bir neçə tərəfdarı həbs edilib, "kütləvi iğtişaşlar" planlaşdırmaqda şübhəli bilinirlər. Saxlanılanlar bunu siyasi təqib sayırlar.
A.Atambayev 2011-ci ildən 2017-ci ilə qədər Qırğızıstana rəhbərlik edib. O, 2019-cu ildə "Batukayev işi" ilə bağlı Koy-Taşdakı evində həbs edilib. 2023-cü ilin fevralında həbsdən azad edilib və ertəsi gün müalicə üçün İspaniyaya uçub. O vaxtdan ölkəyə qayıtmayıb. Atambayev bu yaxınlarda Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsində "Koy-Taş işi"nə baxılması təşəbbüsünü yenidən irəli sürüb. 2019-cu ilin avqustunda Atambayevin tutulması əməliyyatı zamanı etirazçılarla hüquq-mühafizə əməkdaşları arasında toqquşma baş verib, bir zabit həlak olub, 225 nəfər yaralanıb.