İranda yanvar etirazları ilə əlaqədar iki nəfər edam edilib
02 İyun 2026
İranda dekabr və yanvar etirazları ilə əlaqədar iki nəfər edam edilib. Hakimiyyət orqanları həmin şəxslərin məscidi yandırmaqda, dövlət əmlakını dağıtmaqda və küçələri bağlamaqda ittiham olunduğunu bildirir. Təhlükəsizlik qüvvələri antihökumət etirazlarını zorakılıqla yatırmış və nəticədə minlərlə insan həlak olmuşdu.
Məhkəmə sisteminə bağlı "Mizan" agentliyi edam edilənlərin Mehrdad Məhəmmədiniya və Əşkan Məliki olduğunu açıqlayıb. Agentliyin məlumatına görə, onlar Tehranın Gişə məhəlləsindəki Cəfəri məscidinin yandırılmasının əsas təşkilatçıları olublar. "Mizan" iddia edib ki, həmin şəxslər məscidə qəsdən ziyan vuraraq onu yandırıb, dövlət əmlakını dağıdıb, hüquq-mühafizə orqanlarının əməkdaşları və təhlükəsizlik qüvvələri ilə toqquşub, həmçinin küçələri bağlayaraq insanların hərəkətinə mane olublar. "Mizan" və İranın digər xəbər agentlikləri bu şəxslərin hansı şəraitdə saxlanıldıqları və məhkəmə prosesinin necə keçirildiyi barədə ətraflı məlumat verməyib.
Hər iki şəxs barədə çıxarılmış ölüm hökmünün Ali Məhkəmə tərəfindən təsdiqləndiyi və iyunun 1-i səhər saatlarında icra olunduğu xəbər verilir.
Osloda yerləşən və İranda insan hüquqları pozuntularını izləyən "Hengaw" İnsan Haqları Təşkilatı edam edilənlərin iki kürd siyasi məhbus olduğunu bildirib. Qurum edamların gizli həyata keçirildiyini, məhbuslara ölümlərindən əvvəl ailələri ilə son görüş imkanı verilmədiyini qeyd edir.
Hüquq müdafiə təşkilatlarının məlumatına görə, yanvarda kütləvi etirazların yatırılması zamanı azı 7 min nəfər öldürülüb, lakin real itki sayının daha yüksək olduğu güman edilir. Etirazçılar dini hakimiyyətə son qoyulmasını tələb edirdilər. Etirazlar 2025-ci ilin dekabrında iqtisadi problemlərdən narazılıqla başlamışdı. Nümayişlərdə həbs olunan yüzlərlə şəxs hələ də siyasi və təhlükəsizlik ittihamları ilə İran həbsxanalarında saxlanılır. İnsan haqları fəalları onların bir çoxuna ölüm hökmü kəsilə biləcəyini istisna etmirlər.
Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı və Parisdə fəaliyyət göstərən "Ölüm Hökmünə Qarşı Birlikdə" (ECPM) təşkilatının məlumatına görə, 2025-ci ildə İranda azı 1 min 639 nəfər, o cümlədən 48 qadın edam edilib. Bu göstərici İranı dünyada ən yüksək edam göstəricisi olan ölkələrdən birinə çevirir.