İran ABŞ-yə meydan oxuyur, Hörmüzə nəzarətini möhkəmləndirir
23 May 2026
ABŞ və İsraillə müharibə başlayandan az sonra İran qlobal neft və qaz tədarükü üçün əsas arteriyalardan biri olan Hörmüz boğazına nəzarəti ələ keçirib. ABŞ-nin xəbərdarlıqlarına baxmayaraq, Tehran strateji boğaz üzərində hökmranlığını yeni tranzit rejiminin tətbiqi ilə rəsmiləşdirir. Vaşinqton isə boğazda dəniz blokadası tətbiq edib.
Gəmilərin yoxlanılması və rüsum tətbiqinə cavabdeh olan "Fars Körfəzi Boğaz İdarəsi" (FKBİ) mayın 18-də fəaliyyətə başlayıb. Qurum mayın 20-də X sosial şəbəkəsində paylaşdığı xəritədə İranın Hörmüz boğazındakı nəzarət zonasını açıqlayıb. FKBİ bildirib ki, bu nəzarət zonası şərqdə İranın Kuh-e Mübarək məntəqəsi ilə BƏƏ-nin Füceyrə bölgəsinin cənubunu, qərbdə isə Qeşm adasının uc nöqtəsi ilə BƏƏ-nin Umm əl-Qüveyn ərazisini birləşdirən dəniz xətləri arasında qalan su sahəsini əhatə edir. Ərazidən keçid üçün bu idarə ilə koordinasiya və icazənin tələb olunduğu vurğulanır.
"Windward" dəniz kəşfiyyatı şirkəti mayın 20-də yaydığı hesabatda bildirib ki, İran faktiki olaraq "boğazı tranzitin pozulduğu dəhlizdən dövlətin idarə etdiyi icazə və rüsum rejiminə çevirir".
AzadlıqRadiosunun regional direktoru Frud Bejan yazır ki, FKBİ-nin X hesabının kim tərəfindən idarə edildiyi, hansı quruma bağlı olduğu, hətta ümumiyyətlə ofisinin olub-olmaması bəlli deyil. Quruma aid rəsmi internet saytı da mövcud deyil. İranda fəaliyyət göstərən araşdırmaçı jurnalist Fatimə Kərimxan bildirib ki, belə bir qurumun mövcudluğuna dair heç bir qeyd yoxdur.
"Boş xəyallar"
FKBİ-nin addımı Birləşmiş Ərəb Əmirliklərinin sərt reaksiyasına səbəb olub. BƏƏ İranın iddia etdiyi nəzarət zonasının ölkənin ərazi sularına qədər uzandığını bildirib.
BƏƏ prezidentinin müşaviri Ənvər Qarqaş mayın 21-də X-də yazdığı paylaşımda deyib: "Rejim açıq hərbi məğlubiyyətdən sonra yeni reallıq yaratmağa çalışır. Amma Hörmüz boğazına nəzarət etmək və ya BƏƏ-nin dəniz suverenliyinə müdaxilə etmək cəhdləri boş xəyallardır".
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) mayın 20-də yaydığı bəyanatda son 24 saat ərzində Hörmüz boğazından keçən 26 gəminin hərəkətinin koordinasiya edildiyini bildirib. AzadlıqRadiosu bu iddianı müstəqil şəkildə təsdiqləyə bilməyib.
"Windward"ın məlumatına görə, mayın 20-də üç VLCC (çox böyük xam neft tankeri) Hörmüz boğazından keçib. Onlardan ikisi Çinin idarəsində olub, biri isə Cənubi Koreya bayrağı altında üzən tanker olub. Bundan iki gün əvvəl ABŞ Hind okeanında İranla əlaqəli bir VLCC tankerini ələ keçirib.
"Tamamilə qanunsuz"
Dəniz hüququ üzrə ekspertlər İranın Hörmüz boğazında yeni icazə və rüsum sistemi tətbiq etməsini qanunsuz sayırlar.
BMT-nin Dəniz Hüququ Konvensiyasına əsasən, başqa ölkələrin ərazi sularından "zərər vurmadan keçən" gəmilərdən rüsum tələb oluna bilməz. İranın imzaladığı, amma ratifikasiya etmədiyi həmin sənəddə "xüsusi xidmətlər" göstərildiyi təqdirdə ödəniş alınmasının mümkünlüyü qeyd edilir.
Dəniz hüquqşünası və okean idarəçiliyi üzrə mütəxəssis İan Ralbi AzadlıqRadiosuna müsahibəsində İranın addımlarını "beynəlxalq hüquqa görə tamamilə qanunsuz" adlandırıb.
Ekspertlər ABŞ-nin İran gəmiləri və limanlarına qarşı tətbiq etdiyi dəniz blokadasının qanuniliyini də sual altına alıblar. Bu blokada Tehranın dəniz ticarətinə ciddi zərbə vurub.
İranın qonşuları olan İraq və Pakistan, eləcə də Hindistan Tehranla ikitərəfli razılaşmalar imzalayaraq İranın rüsum sistemindən kənarda qalıblar. Digər ölkələrin isə hər gəmi üçün təxminən 2 milyon dollarlıq ödənişi Çin yuanı və ya kriptovalyuta ilə etməli olduğu bildirilir.
Ekspertlərin hesablamalarına görə, bu rüsum sistemi hazırkı trafik səviyyəsində ildə 3 milyard dollara qədər gəlir gətirə bilər. Əgər müharibədən əvvəlki – gündə 140-a qədər gəminin keçdiyi dövrdəki trafik bərpa olunsa, bu rəqəm ildə 8 milyard dollara çata bilər.
"Windward" bildirib ki, indiyədək rüsumu ödəyənlər Çinlə əlaqəli operatorlar, həmçinin BƏƏ-nin idarə etdiyi "boz" və "kölgə donanması" aktorlarıdır. "Heç bir Qərb bayraqlı operator belə bir ödənişi açıq şəkildə təsdiqləməyib".
Ekspertlərin sözlərinə görə, bu rüsumların ödənilməsi gəmiçilik şirkətlərini ABŞ sanksiyalarına məruz qoya bilər. Amma risklərə baxmayaraq, bəzi operatorlar İranla işləməyə hazır görünür.
"Təəssüf ki, Körfəzdən çıxış və giriş üçün dəniz ticarətinə olan ehtiyac o qədər böyükdür ki, bir çoxları bu rüsumu ödəməyə hazır ola bilər", - İ.Ralbi deyir.