Logo
news content
User
Kateqoriyalar

Xəbər

İcra məmuru alimentləri mənimsəməkdə günahlandırılır

Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin rəisi Elxan Abbasov sabiq icra məmuru Səbuhi Hüseynov aliment və borc işləri üzrə vəsaitləri mənimsəməkdə təqsirləndirilir.

Baş Prokurorluğun aprelin 14-də yaydığı məlumata görə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində onlarla bağlı başlanmış cinayət işinin istintaqı artıq tamamlanıb.

İddialara görə, qanunsuz əməllər 2021-2025-ci illəri əhatə edir.

E.Abbasov və S.Hüseynova qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb: "Səbuhi Hüseynov barəsində "polisin nəzarəti altına vermə", Elxan Abbasov barəsində isə "polisin nəzarəti altına vermə" və vəzifədən kənarlaşdırma" qətimkan tədbirləri seçilib".

Rəsmi məlumata əsasən, iş üzrə müəyyən edilmiş maddi ziyanın böyük hissəsinin ödənilməsi təmin olunub və toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Təqsirləndirilən şəxslərin və ya onların yaxınlarının ittihamlara münasibətini öyrənmək mümkün olmayıb. Həmin maddələr üzrə şəxsləri 7 ilə qədər həbs cəzası gözləyir.

Son illər Azərbaycanda boşanma hallarının artdığı bildirilir. 2025-ci ildə aliment ödəməkdən yayınan 4 min 299 borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilib, 2 min 344 nəfər inzibati qaydada həbs edilib.

Xatırlama

Son illər Azərbaycanda bir sıra dövlət qulluqçularına, vəzifəli şəxslərə qarşı rüşvət, mənimsəmə kimi ittihamlar verilir. Lakin sonradan dəymiş ziyanı ödədikləri üçün onlardan bəzilərinin vaxtından əvvəl azadlığa buraxıldığı bildirilir.

Hazırda bu məsələ cəmiyyətdə müzakirə mövzularından birinə çevrilib. Ötən həftə Milli Məclisdə Cinayət Məcəlləsinə təklif olunan dəyşikliklərin müzakirəsi zamanı deputat Müşfiq Məmmədli demişdi ki, "ziyanı ödə və məsuliyyətdən azad ol" yanaşması kifayət etmir, mövcud norma bəzən sui-istifadəyə zəmin yaradır.

Deputat təklif edib ki, Cinayət Məcəlləsinin 308-1-ci maddəsinə xüsusi bənd əlavə olunsun: "Qeyd edilməlidir ki, bu maddə üzrə əməli törətmiş və dövlət büdcə vəsaitinin sərəncamçısı olmuş şəxs zərəri ödəməsindən asılı olmayaraq, gələcəkdə dövlət və özəl sektorda rəhbər vəzifə tutmaq hüququndan məhrum olunur".

Lakin bəzi ekspertlərin fikrincə, bu cür məhdudiyyətlərin özəl sektora da şamil edilməsi bir çox inkişaf etmiş ölkələrin təcrübəsində rast gəlinmir.