Gültəkin Hacıbəylinin Türkiyədən deportasiya olunmasına qərar verilib
16 Dekabr 2025
Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin Türkiyədən deportasiya olunmasına qərar verilib.
Bu barədə Gültəkin Hacıbəyli özü sosial şəbəkə hesabında məlumat paylaşıb.
“Bu gün mənə 5 il müddətinə Türkiyədən deport olunmağımla bağlı rəsmi qərar təqdim olundu...” Bunu Geri Göndərmə Mərkəzində saxlandığını bildirən Milli Şuranın üzvü Gültəkin Hacıbəyli dekabrın 15-də Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğana müraciətində yazıb.
“Mən heç bir hüquqi əsas olmadan noyabrın 29- dan Türkiyədə xüsusi sərt nəzarət altında deportasiya mərkəzində saxlanılmağımla bağlı məhkəməyə müraciət etmişəm. Məhkəmə qərarını gözləmədən tələsik belə bir qərar qəbul edilməsi bu qərarın hüquqi deyil, siyasi əsaslarla verildiyini göstərir”, - deyə o əlavə edib.
O, vurğulayıb ki, 3 gün öncə saxlanıldığı Arnavutköy Geri Göndərmə Mərkəzindən çıxarılaraq Çatalca Geri Göndərmə Mərkəzinə gətirilib.
“Cənab prezident, hələ də inana bilmirəm ki, bütün varlığımla sevdiyim, özümə ikinci vətən saydığım, uğurları ilə hər zaman qürur duyduğum,... qardaş Türkiyə dövləti hüquq və ədaləti ayaq altına alaraq məni məcburi qaydada Azərbaycana həbsə göndərəcək”, - o mürcətində qeyd edib.
Xatırladaq ki, mediada Gültəkin Hacıbəyli və Milli Şuranın digər üzvü, AXCP sədri Əli Kərimlinin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət çevrilişinə cəhd planında yer aldığı barədə yazılıb.
Əli Kərimli və AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimli barələrində aparılan araşdırma çərçivəsində noyabrın 29-da DTX-da dindiriliblər.
Onların evində axtarış aparıldıqdan sonra DTX-ya aparılıblar.
Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Əli Kərimlinin və Məmməd İbrahimin evindəki axtarış və dindirilmə Ramiz Mehdiyevin DTX-da istintaq olunan cinayət işi ilə əlaqədardır.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli barəsində dekabrın 1-də Səbail rayon Məhkəməsində təqdimata baxılıb.
Məhkəmə onun barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçib.
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.