Fon der Lyayen: Ermənistan ticarətin şaxələndirilməsi üçün daha 18 milyon avro alacaq
02 İyul 2026
Avropa Komissiyası yaxın vaxtlarda ticarətin möhkəmləndirilməsi və şaxələndirilməsi üçün Ermənistana 18 milyon avro ayıracaq.
Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə bəyanatla çıxış edərkən bildirib.
"Yaxın vaxtlarda Ermənistan ticarətin gücləndirilməsi və şaxələndirilməsi üçün əlavə 18 milyon avro alacaq. Xüsusilə, bu vəsaitlər Ermənistan biznesinə ixrac potensialını artırmağa kömək edəcək İxracın Təşviqi Agentliyinin yaradılmasına yönəldilə bilər. Bu 18 milyon avro bizim iyunun əvvəlindəki telefon danışığımız zamanı müzakirə etdiyimiz 52 milyon avroluq yardım paketinin sonuncu (ilk 34 milyon avroluq tranşı Ermənistan iyunun ortalarında almışdı - red.) hissəsidir", - fon der Lyayen bildirib.
Beləliklə, Ermənistana göstərilən ümumi maliyyə dəstəyi 288 milyon avroya çatacaq.
Onun sözlərinə görə, Ermənistan hələ də Rusiya tərəfindən əhəmiyyətli iqtisadi təzyiqlə üzləşir ki, bu da, onun qiymətləndirməsinə görə, "iqtisadi məcburiyyət kimi xarakterizə oluna bilər".
"Əmin olun: tərəfdaşlarımıza təzyiq göstərildikdə, Avropa İttifaqı həmişə köməyə gəlir", - Avropa Komissiyasının rəhbəri əlavə edib.
Bundan əlavə, bildirilib ki, Aİ və Ermənistan bu ölkəyə büdcə dəstəyi üzrə çoxsahəli proqram çərçivəsində islahatların həyata keçirilməsində əldə olunan irəliləyişi birgə nəzərdən keçirmək məqsədilə 2026-cı ilin sonunadək İrəvanda Yüksək səviyyəli Dialoq keçirəcək.