Donetskdə ukraynalı hərbçini evində gizlətmiş müəllim 12 il həbsə məhkum edilib
18 Dekabr 2025
Rusiyada məhkəmə Ukraynanın Donetsk vilayətinin Amvrosiyevka şəhərində yaşayan 65 yaşlı müəllimi 12 il müddətinə azadlıqdan məhrum edib. Valentina Zayarnaya Rusiyanın işğal etdiyi ərazidə yaşayıb. O, 2022-ci ilin yayında ukraynalı hərbçi Denis Storojuku evində gizlədib.
Rostovda Cənub Hərbi Dairə Məhkəməsi Zayarnayanı terror təşkilatında iştirakda, partlayıcı maddələrin saxlanmasına cəhddə və terror aktının hazırlanmasında təqsirli bilib. O, 12 il müddətinə həbs cəzasına və 500 min rubl (6 min 300 dollar) cəriməyə məhkum edilib. Xəbəri "Mediazona" yayıb.
İstintaq materiallarında deyilir ki, Zayarnaya və Storojuk özünü "DXR ("Donetsk Xalq Respublikası") deputatı" adlandıran Yaroslav Anikanı izləyib, onun avtomobilini partlatmağı planlaşdırıblar. Zayarnaya Storojukun tapşırığı ilə partlayıcı qurğunun elementləri olan bağlamanı qəbul etməkdə ittiham olunub.
"Current Time"ın yazdığına görə, Zayarnaya deyib ki, Storojukla Rusiya Ukraynada genişmiqyaslı işğala başlayandan öncə tanış olub, onu ukraynalı sərhədçi Dima kimi tanıyıb. Qadın Rusiyanın nəzarətində olan "DXR" ərazisində yaşayıb, anasının pensiyasını almaq üçün Mariupola gedib-gəlib. Rusiyanın işğalı başlayanda "Dima" onunla əlaqə saxlayaraq Mariupolda evinin yandığını deyib, sığınacaq istəyib. Storojuk Zayarnayanın evində bir iləcən yaşayıb.
Anika barədə də köhnə tanışı kimi danışıb
D.Storojuk Ukrayna Sərhəd Xidmətinin podpolkovnikidir, Mariupolda operativ-axtarış şöbəsinin rəhbəri olub. 2022-ci ilin mayında "Azovstal"ın digər müdafiəçiləri ilə birlikdə əsir düşməyib. O, işğal olunmuş ərazidə gizlənə bilib. 2023-cü ildə FSB əməkdaşları Storojuku saxlayıb, Donetskdə istintaq təcridxanasına yerləşdirib, 2024-cü ilin sentyabrında isə mübadilə ilə Ukraynaya qaytarılıb.
Azadlığa çıxdıqdan Storojuk müsahibəsində deyib ki, işğal şəraitində Rusiya hərbçilərinə diversiyalar hazırlayıb, Amvrosiyevkada sursat anbarının partladılmasına kömək edib. Bununla yanaşı, "DXR deputatı" Y.Anika barədə Storojuk köhnə tanışı kimi danışıb, işğal zamanı onun köməyinə güvəndiyini deyib, ona qarşı sui-qəsd niyyətini inkar edib.
Rostov məhkəməsi Storojuku da qiyabi 22 il müddətinə sərt rejimli koloniyada həbsə məhkum edib. V.Zayarnaya isə məhkəmədə israrla bildirib ki, nə Storojukun partizan fəaliyyəti, nə "Azovstal"ın müdafiəsində iştirakı barədə, nə də bağlamanın içində nə olduğundan xəbəri olub.