Dilənçiliklə məşğul olanlar cərimələnəcək, həbs ediləcək
14 Mart 2026
Azərbaycanda dilənçiliklə məşğul olanlar cərimələnəcək, inzibati həbs ediləcək. Bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 523-1-ci maddədə əksini tapıb.
Milli Məclisin mətbuat xidmətinin məlumatında bildirilir ki, sənəddə nəzərdə tutulan dəyişiklikdən biri də dilənçilik əməlinin artıq avaralıq hesab edilməməsidir.
Layihəyə əsasən, dilənçiliyə görə şəxsə xəbərdarlıq ediləcək, yaxud 100 manatdan 200 manatadək cərimələnəcək, işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu, kifayət sayılmadıqda 10 sutka inzibati həbs olunacaq.
Mövcud İnzibati Xətalar Məcəlləsində isə avaralığa görə vətəndaşlara xəbərdarlıq edilir. Bu tədbirlər kifayət sayılmadıqda 10 sutkayadək inzibati həbs verilir.
Xatırlatma
Bu ildən buna qədər Azərbaycanda bəzi vergi güzəşti ləğv edilib, cərimə və rüsumlar artırılıb. Müstəqil ekspertlər deyirdilər ki, ölkə iqtisadiyyatı neft və qazdan asılı vəziyyətdədir. Onların vurğulamasına görə, həm Azərbaycanda neft hasilatının azalması, həm də bu aya kimi neftin ucuzlaşması hakimiyyəti həmin addımlara sövq edib. Hərçənd bu ay neftin qiymətində kəskin bahalaşma müşahidə edilir.