Danışıqlarla paralel... - Rusiya gecə Ukraynaya 370-dən çox dron və 20 raket atıb
24 Yanvar 2026
Ötən gecə Rusiya Ukrayna regionlarına 370-dən çox zərbə dronu və 21 raket istifadə edərək kütləvi hücum həyata keçirib.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında yazıb.
Onun sözlərinə görə, Kiyev və Kiyev vilayəti, Sumi, Xarkov və Çerniqov vilayətləri hücuma məruz qalıb. Xarkovda doğum evi, məcburi köçkünlərin yaşadığı yataqxana, tibb kolleci və yaşayış evləri zədələnib.
"Məlumata əsasən, hazırda, aralarında uşaq da olmaqla onlarla yaralı var. Paytaxt və bölgələrdə Rusiyanın əsas hədəfi enerji obyektləri idi. Təəssüf ki, bu hücum bir nəfərin ölümünə səbəb olub. Yaxınlarına və doğmalarına başsağlığı verirəm. Nəticələri aradan qaldırmaq üçün bütün lazımi xidmətlər hadisə yerlərində işləyir", - o bildirib.
Zelenski qeyd edib ki, enerji infrastrukturuna dəyən zərbə hava hücumundan müdafiə (HHM) sistemlərinin, o cümlədən "Patriot", NASAMS və digər komplekslərə raketlərin çatdırılmasının tezləşdirilməsinin vacibliyini sübut edir.
"Davosda ABŞ Prezidenti Donald Trampla HHM ilə bağlı razılaşmalarımızı mütləq həyata keçirməliyik. İnsan həyatlarını qorumağa kömək edən hər kəsə təşəkkür edirəm", - deyə Zelenski bildirib.