Britaniyalı cütlük İranda 10 il azadlıqdan məhrum edilib
19 Fevral 2026
Britaniyalı cütlük İranda 10 il həbs cəzasına məhkum edilib.
Bu barədə “Sky News“ onların ailəsinə istinadən məlumat yayıb.
Böyük Britaniya vətəndaşları Lindsay və Kreyq Foremanlar casusluqda təqsirli biliniblər.
Cütlüyün ailəsinin sözlərinə görə, məhkəmə prosesi cəmi 3 saat davam edib və təqsirləndirilən şəxslərə özlərini müdafiə etmək imkanı verilməyib.
Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper qərarı “tamamilə dəhşətli və əsassız” adlandıraraq pisləyib. O vurğulayıb ki, Britaniya hökuməti Foremanların təhlükəsiz şəkildə ölkəyə qaytarılması üçün İran hakimiyyəti ilə işi qətiyyətlə davam etdirəcək.
Qeyd edək ki, cütlük motosikletlə dünya səyahətinə çıxıb. Britaniya vətəndaşları 2025-ci ilin yanvar ayında İran ərazisində saxlanılıb. Onlara qarşı casusluq ittihamı irəli sürülüb, lakin Foremanlar bu ittihamları qəti şəkildə rədd edirlər.
Onlar Tehranda “Evin” həbsxanasında saxlanılır. Ailə üzvləri və Britaniya rəsmiləri işin ədalətli və beynəlxalq hüquq normalarına uyğun şəkildə yenidən araşdırılmasına çağırış edib.