Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bizim savaşımız – 4 ilin 20 ağrısı

Redaksiyadan: Rusiyanın Ukraynaya hərbi təcavüzünün 4 ili tamam oldu. Bu illər ərzində müharibənin silahlı qarşıdurmadan tutmuş, informasiya cəbhəsindəki toqquşmalara qədər çox üzünü gördük. Amma zənnimizcə, müharibənin ən gerçək üzü onun insanların həyatına vurduğu yaralar, qoyduğu izlərdir. Ukraynanın Odessa şəhərində yaşayan həmyerlimiz, gənc ömrünə iki müharibənin (Ermənistan-Azərbaycan və Rusiya-Ukrayna) ağrılarını sığdırmış jurnalist həmkarımız və bu ölkədəki diasporumuzun fəallarından biri – Anar Natiqoğlu sosial şəbəkə hesabında bu tarix münasibətilə təsirli bir paylaşım edib. 

Pressklub.az həmin mətni oxuculara təqdim edir.

 Düz 4 ildir, savaşdayıq.

Savaş - dünyada ən böyük kütləvi fəlakət, faciədir. 

Savaş - dünən küçədə gördüyün dostun, tanışın bu gün cəbhə xəttində olduğunu eşitməkdir.

Savaş - tanıdığın adamların ölüm xəbərini almaq, dünən söhbət etdiyin insanın bu gün dəfnində iştirak etməkdir. 

Savaş - həlak olanların geridə qalan valideyninə, qohum-əqrəbasına, dostlarına, xanımına, yaxud ərinə, övladlarına bacardığın dildə təsəlli verməkdir.

Savaş - hər gecə uçan dronların, raketlərin səsindən qorxan övladlarına sarılmaq, sabahın necə olacağına özün də əmin olmadığın halda, onlara ürək-dirək verməkdir.

Savaş - gecə-gündüz hava hücumuna məruz qalan gözəl şəhərinin dağılan yerlərinin ürək dağlayan fotosuna, videosuna baxmaqdır.

Savaş - soyuq, işıqsız qış gecələrində uşaqlara yenə baharın, yayın gələcəyini, gözəl günlər görəcəyimizi anlatmaqdır. 

Savaş - uşaqların lampa, şam işığında dərs çalışmalarıdır. 

Savaş - telefon və müxtəlif lazımi aparatların xüsusi məntəqələrdə növbədə saatlarla şarj olunmalarını gözləməkdir. 

Savaş - illərlə çörək kəsdiyin, məcbur ölkəni tərk etmiş dost-tanışla yalnız telefonda danışıb keçmiş günləri xatırlamaq, o günlər üçün darıxmaqdır.

Savaş - qonşuların bir həftəlik elektriksiz günlərdən sonra işıq verilməsi münasibəti ilə bir-birini təbrik etməsidir.

Savaş – günü-gündən artan qiymətlərdir.

Savaş - gəlirlərin azalması, borcların artması, güzəranın pisləşməsidir. 

Savaş - dostu, qohumu yaxından tanımaq üçün sınaqdır.

Savaş – maddi və mənəvi dəstək umduğun ünvanlardan etinasızlıq görməkdir. 

Savaş - sənə illərdir borcu olanların bu günlərdə belə vicdanının tərpənmədiyini izləməkdir 

Savaş - illərlə çoxlarının onun qoynunda yaşadığımız üçün bəxtəvərlik verdiyi gənc, gözəl, Ana-Ukraynanın hər gün artan "alnının qırışlarını",  "saçlarının ağarmasını", "ürəyinə yaralar vurulmasını" seyr etməkdir. 

Savaş - yarımçıq qalan arzular, yaşanmayan uşaqlıq, yeniyetməlik, gənclikdir.

Savaş - elnən gələn bəladır, milyonların faciəsidir...

Və ən ağırı...

Savaş – bir insanın ağrısıdır, tənhalığıdır, çarəsizliyidir... 

 

 

 

 

 

Anar Natiqoğlu, 

Odessa